» » ƏDƏBİYYAT

ƏDƏBİYYAT - 21-may, 2020, 11:12

#

FƏNN: ƏDƏBİYYAT  (MÜƏLLİM: İMANOVA KƏMALƏ)
MÜHAZİRƏ 1. 
YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI
AZƏRBAYCAN ƏDƏBİYYATINDA TƏNQİDİ REALİZM VƏ ROMANTİZM DÖVRÜ.
XIX əsrin 90-cı illəri və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı həm çoxəsrlik ədəbi fikrin tarixində, həm də milli realist ədəbiyyatın təşəkkülündə keyfiyyətcə yeni hadisə idi. Əsrin əvvəllərində baş vermiş böyük ictimai-siyasi hadisələrin – Rusiyada burjua-demokratik, İranda məşrutə hərəkatı, eləcə də I Dünya müharibəsinin təsiri ilə ölkədə millidemokratik meyillər güclənmiş, fərqli baxışlara malik siyasi partiyalar fəaliyyətə başlamış, milli azadlıq uğrunda mübarizə gündəmə gəlmişdi. Demokratik mətbuatın yaranması və ardıcıl fəaliyyəti də Azərbaycanda yeni tipli ədəbiyyatın yaranması və inkişafına əhəmiyyətli təsir göstərmişdir. XX əsrin əvvəllərində ədəbiyyatımızda mövcud quruluşu dəyişmək, xalqı milli istiqlala çatdırmaq əsas ideal idi. Bu dövrdə məhz tənqidi realizm ədəbiyyatı cəmiyyətdə müşahidə olunan ayrı-ayrı qüsurları deyil, bütövlükdə inkişafa maneçilik törədən bütün təzahürləri tənqid edirdi. Həmin mərhələ söz sənətimizdə cəmiyyətin problemlərinin dərindən və aydın bədii dərki, ictimai-siyasi sistemin kəskin tənqidi ilə əlamətdardır. Çoxəsrlik Azərbaycan ədəbiyyatında satira və yumor əlamətləri müxtəlif səpkidə mövcud olsa da, bu proses XIX əsrdə satirik-didaktik xarakter almış, XX əsrin əvvəllərində isə tənqidi-satirik ədəbiyyat səviyyəsində özünü göstərmişdir. Dövrün ayrı-ayrı ədəbi axınlarının hər biri müxtəlif yönlərdən və fərqli səviyyədə bu prosesdə iştirak etmişlər. Lakin bütövlükdə cəmiyyətin tənqidi dərki və problemlərin obyektiv bədii inikası, habelə milli azadlıq uğrunda mübarizə vəzifəsini “Molla Nəsrəddin” ədəbi məktəbi həyata keçirmişdir. Milli azadlıq məsələsi və azərbaycançılıq məfkurəsi Cəlil Məmmədquluzadənin başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin uğrunda dönmədən mübarizə apardığı əsas ideal idi. “Molla Nəsrəddin” satirik jurnalının nəşri ilə ədəbiyyatımızda tənqidi-realist ədəbiyyat yaranıb inkişaf etmişdir. Mollanəsrəddinçilər tənqidi-satirik ədəbiyyatın əsas yaradıcıları və hərəkətverici qüvvələri idilər. “Molla Nəsrəddin” ədəbi məktəbinin əsas yaradıcı simaları – Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz və başqaları Azərbaycan realist tənqidi-satirik ədəbiyyatını yaratmışlar. C.Məmmədquluzadənin “Azərbaycan” məqaləsi mətbuatda, “Anamın kitabı” tragikomediyası ədəbiyyatda azərbaycançılıq idealının manifestinə çevrilmişdi. Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq “kiçik” adam böyük ədəbiyyatın əsas qəhrəmanına çevrilmişdir. XX əsrin əvvəllərinin tənqidi realizmi Azərbaycan ədəbiyyatına yeni janrlar gətirmişdir. C.Məmmədquluzadənin satirik, Ə.Haqverdiyevin yumoristik hekayələri ilə kiçik hekayə böyük ədəbiyyatın janrları sırasında ön mövqeyə çıxmış, C.Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” tragikomediyaları ilə ədəbiyyatımızda bu janrın ilk və mükəmməl nümunələri yaranmışdır. Ə.Haqverdiyevin bu dövrdə yazılmış “Ağa Məhəmməd şah Qacar” əsəri tarixi dram janrında ən yaxşı əsərlərdən biridir. Ədəbiyyatımızın tarixində satirik şeir özünün ən yüksək zirvəsinə XX əsrin əvvəllərində tənqidi realizm dövründə çatmışdır. “Molla Nəsrəddin” jurnalının meydana qoyduğu poetik forma modeli və irəli sürdüyü çağırışlar dövrün böyük satirikşeir məktəbinin yaranması ilə nəticələnmişdir. Mirzə Ələkbər Sabir tənqidi realizm ədəbi cərəyanı hüdudlarında satirik şeir məktəbi yaratmışdır. O, ölkədəki mövcud idarə üsulunu, müstəmləkə sistemini tənqid etməklə milli oyanışa, siyasi-mənəvi əsarətdən xilas olmağa, nəticə etibarilə azadlıq idealının gerçəkləşməsinə məslək dostu Abbas Səhhətin dediyi kimi, “bir ordudan ziyadə xidmət etmişdir”. “Molla Nəsrəddin” ədəbi məktəbinin böyük simaları olan Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz, Bayraməli Abbaszadə və başqalarının yaradıcılığı ədəbiyyatda satirik şeirin mövqeyini möhkəmləndirdi. Azərbaycan ədəbiyyatında satirik publisistika XX əsrin əvvəllərinin hadisəsi kimi meydana çıxmışdır. Felyeton janrı publisistikaya “Molla Nəsrəddin” jurnalı vasitəsilə daxil olmuşdur. Bu jurnal müxtəlif satirik publisistika janrlarını yaradıb ədəbi dövriyyəyə və mətbuat aləminə gətirmişdir. Qədim dövr və orta əsrlər Azərbaycan poeziyası romantik səciyyəlidir. Romantik bədii metod ədəbiyyatımızda uzun əsrlər hakim mövqedə olmuşdur. Bununla belə, Azərbaycanda ədəbi cərəyan kimi romantizm XX əsrin əvvəllərində meydana çıxmışdır. Romantizm – Azərbaycan ədəbiyyatında dövrün ictimai-siyasi hadisələrinə romantik baxışları, xəyalda və idealda əks-səda tapan qavrayışları ifadə edən ədəbi cərəyandır. Romantizm ədəbi cərəyanının nümayəndələri şəxsiyyət və cəmiyyət məsələlərində də idealın tərənnümünə üstünlük vermişlər. İdealla gerçəklik arasında təzaddan doğan həyəcanların bədii ifadəsi olan romantizm ədəbiyyatında xəyal və gələcəkçilik əsas yer tutmuşdur. Romantiklərin gələcəkçilik ideyalarında dövrün çağırışları ilə həmahəng ümummilli ideyalar və maarifçi-demokratik baxışlar da qüvvətlə səsləndirilmişdir. “Məhkum Şərqin”, o cümlədən də Azərbaycanın zamana görə nisbətən geridə qalması Azərbaycan romantizmini düşündürən məsələlərdən idi. Onlar reallıqda olmasa da, xəyalda, qaibanə şəkildə vətənlərinin xoşbəxt gələcəyini arzu etmişlər. Azərbaycan romantikləri “ümumi məhəbbət” ideyasını irəli sürür, bunu insanlığın “xilas yolu” kimi düşünürdülər. Əli bəy Hüseynzadənin redaktorluğu ilə 1906–1907-ci illərdə Bakıda nəsr olunmuş “Füyuzat” jurnalı Azərbaycan romantizminin əsas ədəbi cəbbəxanasını təşkil edirdi. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, “Füyuzat” jurnalı ədəbi məktəb yarada bilmişdir. Bu ədəbi məktəb Qərb maarifçiliyini və Şərq mənəvi zənginliyini sintez halında birləşdirmək vəzifəsini meydana qoymuş, bu istiqamətdə əsərlərin yaradılmasına böyük yol açmışdır. Turançılıq ideyaları, ortaq ünsiyyət dili və vahid ümumtürk əlifbası yaratmaq füyuzatçıların islahatlarında əsas yer tuturdu. Füyuzatçılar bolşevizmi “qırmızı qaranlıq” hesab edir, türk-islam birliyinə “yaşıl işıq” kimi böyük ümidlər bəsləyirdilər. “Füyuzat” jurnalı öz ətrafında Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, İbrahim Tahir, Əbdülxalıq Cənnətli ilə yanaşı, Türkiyədən Abdulla Cevdəti və Əhməd Kamalı, İrandan Səid Səlmasini, Krımdan Hasan Səbri Ayvazovu birləşdirmişdir. Bu, ədəbi cəbhədə Azərbaycan-türk dünyası birliyinin ilk əməli addımı idi. Füyuzatçılıq – türkçülük və turançılıq ideyalarının əsas ədəbi cəbbəxanasını təşkil etmişdir. Hüseyn Cavidin yaradıcılığı XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin inkişafında fərqli özünəməxsusluğa malikdir. H.Cavid “Şeyx Sənan”, “İblis”,“Səyavuş”, “Xəyyam” kimi əsərləri ilə Azərbaycan ədəbiyyatında mənzum dram məktəbi yaratmışdır. Romantik-publisist şeirin böyük yaradıcısı olan M.Hadinin “Əlvahi-intibah” poeması əhəmiyyətli ədəbi hadisə idi. A.Səhhət və A.Şaiq Azərbaycan romantizminə yeni ideyalar və fərqli poetik formalar gətirmiş, uşaq şeirinin qızıl fondunu təşkil edən əsərlər yaratmışlar. Tənqidi realizm və romantizm epoxası Azərbaycan Demokratik Respublikası dövründə daha da inkişaf etmiş, genişlənmişdir. Bu dövrdə Cənubi Azərbaycanda da ədəbiyyat tənqidi realizm, maarifçi realizm və romantizm istiqamətlərində inkişaf etmişdir. XX əsrin əvvəllərində geniş araşdırmaları ilə tanınan görkəmli tədqiqatçı Firidun bəy Köçərlinın “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsəri ilk sistemli ədəbiyyat tarixi kimi dəyərlidir.
 
 
    MÜHAZİRƏ 2.
CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYAT VƏ YARADICILIQ YOLU.
 
Qədim Naxçıvan şəhərində dünyaya göz açan C.Məmmədquluzadənin ailəsi firavan yaşamasa da, atası Məşədi Məmmədqulu övladının təhsil almasına xüsusi diqqət yetirmiş, onu kiçik yaşlarından mollaxanaya qoymuşdur. Mollaxana təhsili səmərəsiz olmamışdır; xatirələrindən, eləcə də əsərlərindən məlum olur ki, onun burada oxuması fars və ərəb dillərini mənimsəməsinə, müsəlman şərqi barədə təsəvvür qazanmasına əhəmiyyətli təsir etmişdir. O, təhsilini Naxçıvan şəhər üçsinifli məktəbində davam etdirmişdir. Lakin onun fikri inkişafında, dünyagörüşünün formalaşmasında Qori Müəllimlər Seminariyasında aldığı təhsil (1882–1887) mühüm rol oynamışdır. Seminariyanı uğurla bitirən C.Məmmədquluzadə təxminən on il (1887–1897) İrəvan quberniyasının və Naxçıvanın kəndlərində müəllim işləmişdir. Kənd həyatını, insanları dərindən müşahidə edən gənc müəllimdə bədii yaradıcılığa böyük həvəs yaranır və ilk qələm təcrübələri meydana çıxır. Bir müddət (1897–1903) hüquq orqanlarında çalışsa da, bu iş onun ürəyincə olmamışdır. Xəstə xanımını 1903-cü ildə müalicə üçün Tiflisə aparan C.Məmmədquluzadənin həyatında yeni səhifə açılır. Burada o, görkəmli ictimai xadim və ziyalı olan Məhəmməd ağa Şahtaxtlı (1846–1931) ilə görüşür. Onun təklifi və təkidi ilə Tiflisdə qalıb naşiri olduğu “Şərqi-rus” qəzetində çalışır. Mətbuat və qəzetçiliklə bağlı təcrübə toplayan C.Məmmədquluzadə “Poçt qutusu”, “Kişmiş oyunu” əsərlərini, çoxlu sayda məqalələrini “Şərqi-rus”da çap etdirir. Qəzet bağlanandan (1905) sonra o, Ömər Faiq Nemanzadə və tacir Məşədi Ələsgər Bağırovla birlikdə “Şərqi-Rus”un mətbəəsini M.Şahtaxtlıdan alır. “Qeyrət” adlandırdıqları bu mətbəədə bədii əsərlər, tərcümələr və s. çap olunur. Tiflisdə çıxan qəzet lərlə əməkdaşlıq edən C.Məmmədquluzadə bədii və publisistik yaradıcılığını davam etdirmiş və oğlanlar üçün açdığı məktəbdə müəllim kimi çalışmışdır. Artıq zəngin təcrübə toplayan yazıçı, publisist kimi tanınan C.Məmmədquluzadə fəaliyyətini genişləndirmək, xalqı, vətəni üçün daha faydalı iş görmək üzərində düşünürdü. Bu düşüncənin nəticəsində təkcə xalqımızın deyil, qonşu xalqların, bütün müsəlman Şərqinin milli oyanışına əhəmiyyətli dərəcədə təsir edən “Molla Nəsrəddin” jurnalı yarandı. İlk nömrəsi 7 (20) aprel 1906-cı ildə nəşr olunan bu jurnal ictimai həyatın bütün sahələrinə (rus hakimiyyətinin ağır müstəmləkəçilik siyasəti, xalqın dözülməz həyat şəraiti, elm və təhsil, din və dil məsələləri, qadın azadlığı və s.) ardıcıl münasibət bildirir, insanların maariflənməsində misilsiz rol oynayırdı. C.Məmmədquluzadə 1920-ci ildə ailəsi ilə birlikdə (o, 1907-ci ildə ziyalı qadın olan Həmidə xanımla ailə qurmuşdu) Təbriz şəhərinə gedir. Təxminən 9 ay Təbrizdə yaşayan ədib çoxcəhətli fəaliyyət göstərir; “Molla Nəsrəddin” jurnalını nəşr etdirir, “Ölülər” əsərini tamaşaya qoyur, ziyalılarla vaxtaşırı görüşərək mədəni-maarif işlərinin həyata keçirilməsində onlara yardımçı olur, ictimai işlərdə daha yaxından iştirak edir... Bakıya dönən Mirzə Cəlil özünü “fəhləkəndli dövləti” adlandıran sovet hakimiyyətinə böyük ümid bəsləyir, ictimai-mədəni işlərdə fəal iştirak edir, yeni hökumətin həyata keçirmək istədiyi tədbirləri redaktoru olduğu “Yeni yol” qəzetində müdafiə və təbliğ edir. 1922-ci ildə yenidən nəşrə başlayan “Molla Nəsrəddin” cəmiyyətin tərəqqisinə mane olan nə varsa, kəskin tənqid edir. Lakin böyük humanist və demokrat olan C.Məmmədquluzadənin yeni quruluşa bəslədiyi inam və ümid tədricən əriyib yox olur. Həqiqi demokratiya və insan azadlığına qənim kəsilən sovet hakimiyyəti Mirzə Cəlili və uzun illər redaktoru olduğu jurnalı gözdən salır, ədib haqsız təzyiqlərə məruz qalır. O, 1931-ci ildə – vəfatından bir il əvvəl jurnalın baş redaktorluğundan imtina edir. Bədii yaradıcılığa kənddə müəllim işləyərkən başlayan C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” (1894) povesti ədəbiyyata qüdrətli bir sənətkarın gəldiyindən xəbər verirdi. Ozamankı Azərbaycan kəndinin vəziyyətini, kəndlisinin məişətini, həyat tərzini, düşüncəsini parlaq boyalarla əks etdirən bu əsərdə ciddi ictimai problemlər qaldırılmışdır. Bu problemlər insan talelərinin yığcam, amma ibrətamiz təsviri ilə diqqətə çatdırılır. Yazıçı povestdə xarakter, davranış və həyata baxışı ilə bir-birindən kəskin fərqlənən surətlər qrupu yaratmışdır. Bunlardan biri hakim təbəqəni və onun əlaltılarını təmsil edir. İkinci qrup yoxsul və hüquqsuz insanlardan ibarətdir. Birinci qrup sadə insanların üzərində ağalıq edir, ədalətsiz, zorakı əməlləri ilə bu müdafiəsiz insanların haqqını tapdalayır, hər cür zülmü onlara rəva görür. Xeyirxah Məhəmmədhəsən əmi, qeyrətli Zeynəb Xudayar bəyin zülmünə tuş gələnlərdəndir. Qlavaya, qazıya, digər hakimiyyət adamlarına arxalanan Xudayar bəy katdası olduğu kənddə kimi istəsə, cəzalandırır. Nə Məhəmmədhəsən əmi, nə də güclü iradəsi olan Zeynəb ona müqavimət göstərə bilir. Milli-mənəvi dəyərlərdən üz çevirən Xudayar bəyin öz ailəsindəki davranışı da heç bir əxlaq çərçivəsinə sığmır. C.Məmmədquluzadə kiçik hekayənin böyük ustadıdır. Kiçikhəcmli hekayələrində ciddi ictimai mətləbləri, cəmiyyəti düşündürən mühüm sosial-siyasi məsələləri adi məişət mövzusu zəminində böyük sənətkarlıqla ifadə etməsi onun yaradıcılığının özünəməxsusluğudur. Adi poçt qutusundan istifadə qaydasını bilməkdən məhrum Novruzəlinin (“Poçt qutusu”), mövhumatın təsiri ilə aciz bir vəziyyətə düşmüş Usta Zeynalın (“Usta Zeynal”), mühüm siyasi hadisələr, inqilabi mübarizələr dövründə yaşasa da, “hürriyyət” kəlməsini yenicə eşidən qəflət yuxusundan ayılmayan Kərbəlayı Məmmədəlinin (“İranda hürriyyət”) və digər “kiçik” adamların taleyi, hüquqlarının müdafiəsi vətəndaş sənətkarı ciddi düşündürmüş və narahat etmişdir. Azərbaycan qadınının faciələrlə dolu həyatı və bunun səbəbləri humanist yazıçının hekayələrində (“İranda hürriyyət”, “Xanın təsbehi”, “Konsulun arvadı”, “Molla Fəzləli” və s.) ardıcıl diqqət yetirilən mühüm problemlərdəndir. Onun qadın qəhrəmanları çox güclü qüvvələrlə qarşı-qarşıya gəlirlər; onlar bəzən ədalətsiz hakimiyyət nümayəndələrinin, bəzən də ikiüzlü qazı və mollaların təqiblərinə məruz qalırlar. Yazıçının sovet hakimiyyəti illərində yazdığı hekayələr mövzuca rəngarəngdir. Onlarda qadın azadlığı (“İki ər”, “Qiyamət”), dilin təmizliyinin, xəlqiliyinin müdafiəsi (“Şeir bülbülləri”, “Sirkə”), bürokratizmin, süründürməçiliyin tənqidi (“Qəza müxbiri”, “Ucuzluq”) və s. problemlərin bədii həlli verilmişdir. Ədəbiyyatımızın zəngin ənənələrindən ustalıqla bəhrələnən yazıçının qiymətli dramaturji irsi vardır. Bu dramaturgiya dərin ictimai mənası, mühüm problemləri əhatə etməsi, parlaq realizmi və orijinal bədii keyfiyyətləri ilə seçilir. Yaşadığı zəmanənin ictimai eyiblərini, ziddiyyət və konfliktlərini hərtərəfli qavrayan sənətkar dramatik əsərlərində onları məharətlə əks etdirməyi də bacarmışdır. Bir tərəfdən təsirli satira, sarkazm, digər tərəfdən komizm, gülüş bu əsərlərin ideya-məzmununun əsasında dayanır. Faciəvilik yazıçının komediyalarının ruhuna hopmuş, onlara fərqli rəng, çalar vermişdir. Dramatik əsərlərinin əksəriyyətinin tragikomediya adlanması da məhz bununla bağlıdır. Müəllifin ilk qələm təcrübəsi olan “Çay dəsgahı” (1889) nəzmlə yazılmış alleqorik dramdır. Yazıçı nə bu əsərini, nə də ondan üç il sonra yazdığı “Kişmiş oyunu” pyesini çap etdirməmişdir. Məşhur “Ölülər” tragikomediyası bu əsərlərdən xeyli sonra, 1909-cu ildə çap olunmuşdur. O, müəllifi ömrü boyu düşündürmüş, narahat etmiş ciddi problemin – fanatizmin və cəhalətin törətdiyi bəlaların əleyhinə yazılmış əvəzsiz sənət əsəri idi. Əsərdəki kefli İskəndər – Şeyx Nəsrullah xətti Cəlil Məmmədquluzadəyə mənəvi əsarətin acı təzahürlərini, aydın, vətəndaş ziyalı mövqeyinin çətinliklərini və üstünlüklərini göstərməyə imkan vermişdir. Bədii həlli verilən problem və konflikt baxımından “Ölülər” dramaturgiyamızın ən dəyərli nümunələrindəndir. Fərqli mövzularda yazılmış digər dramatik əsərlərində də yazıçı diqqəti həlli vacib olan ciddi həyati problemlərə yönəltmişdir. Bədnam qonşuların xəyanətindən doğan böyük faciələr (“Kamança”), müstəmləkə zülmü altında xalqın yadelli və yerli ağaların qapazaltısı olması, maarifçiliyin milli zəmində inkişafı (“Danabaş kəndinin məktəbi”), cəmiyyətin əqidə, əməl və əxlaq dünyasının təhlili (“Dəli yığıncağı”), sovet gerçəkliyinə tənqidi münasibət (“Ər”) onun dramaturgiyasında əksini tapmış mühüm məsələlər idi. Yazıçının yaradıcılığının böyük bir qismini publisistik əsərlər təşkl edir. Uzun müddət baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalında, müxtəlif qəzetlərdə onun yüzlərlə felyetonu, publisistik məqalələri çap olunmuşdur. Əksəriyyəti satirik məzmunda olan bu yazılarda zəhmət adamının məişət çətinlikləri, cəmiyyətdə mövcud olan ciddi ictimai-siyasi problemlər, mühüm beynəlxalq məsələlər doğru-dürüst şəkildə, obyektiv mövqedən işıqlandırılmışdır. Məhz buna görə də yazıçının publisistikası ədəbi və ictimai fikrin inkişafında əhəmiyyətli rol oynamışdır. Fanatizmin, mövhumatın, ətalətin baş alıb getməsi, ictimai inkişafa mane olması (“Molla Nəsrəddinin cavabı”, “Qəbirdən məktub”, “Baş”...), çar Rusiyasının dinə münasibətdə ikiüzlü mövqeyi və müstəmləkə siyasəti (“Məzhəb azadlığı”, “Missionerlər”, “Din məsələsi”...) və s. felyetonlarında xüsusi diqqət yetirilən məsələlərdən idi. Onun müxtəlif illərdə yazdığı məqalələr (“Sizi deyib gəlmişəm”, “Niyə məni döyürsünüz?”...) felyetonlarında qaldırılan problemlərlə yaxından səsləşir və maraqla qarşılanırdı. Böyük əks-səda doğurmuş “Azərbaycan”, “Cümhuriyyət” məqalələri isə millətin və ölkənin taleyi ilə bağlı yazıçının demokratik mövqeyini əks etdirirdi. Publisistik yaradıcılığını sovet hakimiyyəti illərində davam etdirən ədib tərəqqi, inkişaf naminə nöqsanları tənqid yolunu davam etdirmiş, beynəlxalq mövzuda da kəsərli felyetonlar yazmışdır.
 
CƏLİL MƏMMƏDQULUZADƏNİN ‘’ANAMIN KİTABI’’ƏSƏRİNİN MƏZMUNU VƏ TƏHLİLİ ÜZƏRİNDƏ İŞ.
Birinci məclisdə iştirak edənlər: Z ə h r a b ə y i m – 60 yaşında R ü s t ə m b ə y – onun böyük oğlu, intelligent, 40 yaşında M i r z ə M ə h ə m m ə d ə l i – onun ikinci oğlu, elmi-ilahi müəllimi, vaiz, 35 yaşında S ə m ə d V ah i d – onun üçüncü oğlu, türk dili müəllimi, 30 yaşında G ü l b a h a r – qızı, müsəlmanca oxumuş, 20 yaşında Z i v ə r x a n ı m – Rüstəm bəyin övrəti, rusca tərbiyə tapmış, 25 yaşında M i r z ə H ə s ə n – Rüstəm bəyin dilmancı, 30 yaşında T e y m u r b ə y – cəmiyyəti-xeyriyyənin dəftərdarı, 25 yaşında Q ə n b ə r – Rüstəm bəyin sərkarı, 45 yaşında. Əhvalat vaqe olur tarixi-hicrinin min üç yüz otuzuncu ilinin yavıqlarında, Azərbaycan şəhərlərinin birində, Rusiya hökuməti əsrində. B İ R İ N C İ M Ə C L İ S Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin ümumi kabinəsi ... Otaqda oturub tək Rüstəm bəy ... oxuyub-yazmağa məşğuldur... İçəri qapı açılır və Zəhra bəyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur. Z ə h r a b ə y i m. Bala, görəsən, niyə uşaqlar yubandılar? R ü s t ə m b ə y (başını stolun üstündən qovzamayıb). Ana, məni danışdırma, lüğət yazıram. (Zəhra bəyim dinməyib yox olur. Yenə bir dəqiqə sakitlik ilə keçir. Çöl qapını tıqqıldadırlar). R ü s t ə m b ə y. Kimsən? Gir içəri. (Mirzə Həsən girir içəri.) M i r z ə H ə s ə n. Səlam əleyküm. R ü s t ə m b ə y. Əleykəssəlam. Mirzə, nə əcəb bu gün yubandın? M i r z ə H ə s ə n. Bağışlayasınız. Rüstəm bəy, çox səy elədim, tez gələ bilmədim. R ü s t ə m b ə y. Əyləş. Dünən harda qaldıq? M i r z ə H ə s ə n (kağıza baxır və oxuyur). Necə ki Yevropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi “A” sövtünün əlamətidir ki, biz ona “əlif” deyirik. R ü s t ə m b ə y. Mirzə, dayan, gərək bir yerini dəyişək. Necə yazıbsan? Yevropa və Asiya millətlərinin? M i r z ə H ə s ə n. Necə ki Yevropa, habelə Asiya millətlərinin hürufatının ... R ü s t ə m b ə y. Dayan bir, yaxşı olar artırasan: cümləsinin. M i r z ə H ə s ə n. Xub, cümləsinin (yazısını düzəldir), cümləsinin hürufatının əvvəlincisi “A” sövtünün əlamətidir ki, biz ona “əlif” deyirik.... R ü s t ə m b ə y (kitaba baxır). Yaz, (yavaş-yavaş deyir) bundan əlavə, xah Şərq tayfalarının bəzilərinin, habelə slavların, qreklərin.... M i r z ə H ə s ə n. Yunanların.... R ü s t ə m b ə y. Yunanların və qədim yəhudilərin dilində hürufatın əvvəlincisinin mənası həmi birdir, həmi mindir; necə ki, məsələn, ərəb dilində “əlif” ləfzi. (İçəri otaqdan uşaq səsi gəlir.) Səs eləməyin, mən lüğət yazıram (əlində kitab var-gəl edir). Mirzə, yaz; və lakin həmin “A” sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir... M i r z ə H ə s ə n (yaza-yaza). Bəzisinin dilində... R ü s t ə m b ə y. Bəzisinin dilində çox işlənir, bəzisinin dilində, bəzisinin dilində az işlənir. (İçəri otaqdan Zivər xanım ətirli və kirşanlı, sinəsi və qolları açıq, qıvraq gəlir, Rüstəm bəyin yazı stolunun üstündəki telefonun dəstəyini qalxızıb qoyur qulağına və belə danışır.) Z i v ə r x a n ı m. Kto u telefona? Kimdi telefonda? Kimdi? Səlimə xanım? Səlam əleyküm. Sağ ol, sağ ol. Necə? Kim? Hə, yaxşı! Gəlin bir yerdə gedək. Yaxşı, evdədi. Yaxşı, səlamət qal.... (Dəstəyi qoyur yerinə.) Rüstəm, Səlimə xanımgil indi gələcəklər; gərək bu gün biletləri paylayaq, sabah da ki, bilirsən, bizdə cəmiyyəti-xeyriyyənin yığıncağıdı. Bilmirəm sənin hələ işin çoxdur? R ü s t ə m b ə y. Mən sonra da yaza billəm. Deyirsən nə vaxt gələcəklər? Z i v ə r x a n ı m. Yarım saata burada olallar. (Rüstəm bəy bir söz deməyib yenə kitaba məşğul olur. Zivər xanım qıvraq çıxıb gedir.) (Çöl qapıdan Mirzə Məhəmmədəli girir içəri, salam verib başmaqlarını çıxardır və keçib oturur öz yerində.) R ü s t ə m b ə y. İndi keçək “almas” ləfzinə. Yaz, “almas”, latınca “atamas”, pür qiymət daşlar cərgəsindən gözəl şəfəqli və kimya aləmində bundan bərk və səxt daş hələ bu vaxtadək dünyada tapılmayıb; bərklikdə cəvahiratın heç biri buna bərabər deyil. Nə zümrüd, nə tupaz, nə dendrit, kvars, yaşma, tormalin və nə qeyriləri. (Mirzə Həsən yazır.) M i r z ə M ə h ə m m ə d ə l i (başını qalxızıb Rüstəm bəyə tərəf deyir). Mənim M i r z ə M ə h ə m m ə d ə l i (başını qalxızıb Rüstəm bəyə tərəf deyir). Mənim qanacağıma görə, sizin kitabınızda olan məlumat məhz Yevropa və Rusiya mənbəyindən əxz olunmuşdur… Mənə qalarsa, haman ittilaatı ki, siz o zəhmətnən cəm edirsiniz, onları Şərq və islam elmləri ilə tətbiq eləməyinizin bir eybi yoxdur. Məsələn, götürək haman almas barəsində bərklik söhbətini. Mənim qanacağıma görə, “almasdan bərk şey dünyada yoxdur” demək özü bir səhv və qələtdir. Almasdan bərk şey dünyada çoxdur. R ü s t ə m b ə y. Hər nə sözün var, de. M i r z ə M ə h ə m m ə d ə l i. Söhbət haman səxtlik üstədir ki, siz orada yazdınız. Necə ki məlumdur və kərrat ilə eşitmişik və kitablardan təhsil eləmişik ki, Həqq-təala bizə on şey təyin edib ki, bir-birindən bərkdir… (İçəri qapıdan Zəhra bəyim görsənir.) R ü s t ə m b ə y v ə M i r z ə M ə h ə m m ə d ə l i (ikisi də əllərini qalxızıb birdən). Ana, dayan, hələ gəlmə, söz danışırıq. (Zəhra bəyim yox olur.) M i r z ə M ə h ə m m ə d ə l i. Haman bərk şeylərin əvvəlincisi daşdır. R ü s t ə m b ə y. Yəni, necə daş? Axır dünyada daş çoxdur, görək hansını deyirsən? M i r z ə M ə h ə m m ə d ə l i. Heç təfavütü yoxdur. Hansı daş olur-olsun. (Rüstəm bəy və Mirzə Həsən gülürlər.) M i r z ə M ə h ə m m ə d ə l i. Dəxi burada gülmək, yəni çe? Siz xahiş etdiniz, mən də deyirəm. Lazım deyil, məni əfv buyurunuz; dəxi gülmək yəni nə olsun? Heç dəxli var? R ü s t ə m b ə y (gülümsünə-gülümsünə). Yaxşı, sözünü de, gülmərik. Sonra? Daşdan sonra? M i r z ə M ə h ə m m ə d ə l i. İkinci mərtəbədə daşdan sonra bərk olan şey dəmirdir, zira bu iki cisimləri bir-birinə vuranda (əllərini qoşa tutub yavaşca bir-birinə vurur) aşkardır ki, dəmir daşı sındıracaq. (Rüstəm bəy və Mirzə Həsən yenə gülürlər.) M i r z ə M ə h ə m m ə d ə l i. Hə ... gülərsiniz, gülərsiniz. Vay sizin halınıza!... Afərin lüğət yazanlar! R ü s t ə m b ə y (gülə-gülə). Sonra? Dəmirdən sonra bərk olan şey hansıdır? (Mirzə Məhəmmədəli durur ayağa, istəyir getsin. Rüstəm bəy durur, onun qabağını kəsir.) R ü s t ə m b ə y. Məhəmmədəli, uşağa uşaq deyərlər, böyüyə də böyük deyərlər. Sən sözünü de, əgər sənin sözün haqdır, gərək onu deməkdən çəkinməyəsən. M i r z ə M ə h ə m m ə d ə l i (bir qədər fikir eləyib oturur yerində və sonra başlayır). Dəmirdən bərk olan şey oddur ki, dəmiri əridir və özü də səxtlik ənasirində üçüncü dərəcədədir. Oddan bərk olan şey sudur ki, odu söndürür və səxtlik ənasirinin dördüncü dərəcəsindədir. (Rüstəm bəy və Mirzə Həsən əllərini ağızlarına basıb gülürlər.) Sudan bərk olan şey buluddur ki, su haman buluddan əmələ gəlir. (Yenə içəri otaqdan səs gəlir, yenə Mirzə Məhəmmədəli hirsli deyir.) Səs gəlməsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bəli, ağama ərz olsun ki, buluddan bərkraq olan şey yeldir ki, buludlara həmişə yeldən fərman çıxır. (Bir qədər dikəlib həvəsə gəlir.) Yeldən bərk olan şey mələkdir ki, yelləri idarə edir; yəni haraya göndərməlidir, göndərir; göndərməli deyil, göndərmir. (Bir az da ucadan və həvəsli.) Mələkdən bərk şey mələkül-mövtdür ki, mələki qəbzi-ruh edir. Hı ... gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mələkül-mövtdən də bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hı ... gülərsiniz! (Dəxi də hirsli.) Bəs bilirsiniz ki, ölümdən bərk şey nədir? Bilirsinizmi, ey lüğət yazanlar?... (çığıra-çığıra durur ayağa.) Niyə gülürsünüz? Burada ilan oynatmırlar ki? Məgər insan öz qəbahətini gərək annamaya? Eyb deyil? (Hirsli gedir qapıya tərəf.) (Çöl qapıdan Səməd Vahid girir içəri və qiylu-qalı görüb deyir.) S ə m ə d V a h i d. İştə irkaklar! Hayda arkadaşlar! M i r z ə M ə h ə m m ə d ə l i (hirsli və ucadan Səməd Vahidə). A kişi, hələ bilmirəm bu nə deyir ey!.. (Səməd Vahid gedib oturur yerində və kağız-qələmini çıxardır. Rüstəm bəy və Mirzə Həsən yenə gülməkdədirlər. Mirzə Məhəmmədəli istəyir başmaqlarını geyə, gedə. Zəhra bəyim qapıda görsənir.) Z ə h r a b ə y i m (Mirzə Məhəmmədəliyə). Ay balam, bir dayan görüm, hara gedirsən? Axı nə üstə bu qədər savaşırsınız? Ay belə sizə mən qurban olum, axır min dərd-sərimiz, dost-düşmən var! M i r z ə M ə h ə m m ə d ə l i. Ana, sən Allah, sən də əl götür bizdən! Z ə h r a b ə y i m. Bala, sizin belə mən qadanızı alım, mənim axır siznən vacib işim var. Məhəmmədəli, bala, bir gəl otur, arxayın danışaq. Sən özün, Allaha şükür, yaxşı-yamanı bilənsən. Axır o qızı hər yandan istəyirlər; qız uşağının evdə qalmağının da bir vaxtı var. Nə deyirsən, ay Rüstəm bala? Sən nə deyirsən, Səməd bala? Niyə dinmirsən, Məhəmmədəli bala! Bir deyin görüm, nə məsləhət görürsünüz? Sizə gələn qada-bala mənə gəlsin. M i r z ə M ə h ə m m ə d ə l i (acıqlı). Mənə dəxli yoxdur! Hər kəsə istəyirsiniz, verin. R ü s t ə m b əy (kitabı qoyur, durur ayaq üstə). Ana, mən qabaqca da sənə demişəm, indi də yenə deyirəm, qoy oğlanların da eşitsinlər: qız gərək öz xoşu ilə hər kəsə ki kefi istədi, onu görə və bəyənə və ərə gedə. Dəxi o əsrlər keçibdi ki, qızı zornan istəmədiyi adama ərə verirdilər. Ancaq yenə mən məsləhət görürəm ki, Gülbaharı Aslan bəyə verək. M i r z ə M ə h ə m m ə d ə l i (hirsli). Əstəğfürullah! Əstəğfürullah! Əgər Gülbahar mənim bacımdır, mən bu əmrə hərgiz razı ola bilmənəm! R ü s t ə m b ə y. Nə səbəbə razı ola bilmirsən? Xub, nə eybi var, razı olmursan, sən de görək, kimə verək? M i r z ə M ə h ə m m ə d ə l i. Mən nə bilim? Kimə qismət olar, ona verərik. R ü s t ə m b ə y. Axır necə kimə qismət olar? Hazır qızı istəyirlər, dəxi il gözlətməyəcəyik ki? M i r z ə M ə h ə m m ə d ə l i (bir qədər dinməyib). Mənə qalırsa, Gülbaharı Mirzə Bəxşəliyə verərik. (Rüstəm bəy gülür.) S ə m ə d V a h i d. Necə Mirzə Bəxşəliyə? Müəllim Mirzə Bəxşəliyə? M i r z ə M ə h ə m m ə d ə l i. Bəli, haman Mirzə Bəxşəliyə. S ə m ə d V a h i d. Bən buna hərgiz razı olmam. M i r z ə Mə h ə m m ə d ə l i (təəccüblü). Necə yəni razı olmazsan? Hələ sən nəçisən? S ə m ə d V a h i d. Bənə qalıyorsa, Gülbaharı Hüseyn Şahidə verməli. M i r z ə M ə h ə m m ə d ə l i (sağ əlini fırladır). Pəh-pəh-pəh, buna bax, sən Allah! Bu da bizə müştəri tapdı. Z ə h r a b ə y i m. Ay balalarım, sizə belə mənim canım qurban, bir mənə deyin görüm, o dediyiniz adamlar kimdilər? Yaxşımı adamdılar, nəçidirlər? R ü s t ə m b ə y. Ana, mən dediyim Aslan bəy çox yaxşı adamdı; özü də keçən il yurist dərsi oxuyurdu, sonra peşiman oldu, vastoçni fakultetə girdi. İndi istəyir mal həkimi olsun. Z ə h r a b ə y i m (Səməd Vahidə). Bala, sən dediyin adam kimdi, nəçidi? Bir qulluğu varmı? S ə m ə d V a h i d. Ana, Hüseyn Şahid bizim gənc ədiblərimizdəndir, özü də xeyriyyə məktəbində ədəbiyyat dərsi müəllimidir. (Mirzə Məhəmmədəli başını bulayır.) M i r z ə M ə h ə m m ə d ə l i. Pəh-pəh-pəh! Elə bizim gənc ədibimiz əskik idi. Allah bəd nəzərdən saxlasın. (Hirsli.) A kişi, mən bilmirəm ədib nədi, axır ey? R ü s t ə m b ə y. Qardaşlarım, mən sizdən xahiş edirəm ki, hər nə eləmək istəyirsiniz, məsləhətnən və ağıl ucuynan eləyin… Sən bir söz deyirsən, mən bir söz deyirəm, o bir söz deyir. Qardaşlarım, beləliknən bir mətləb hasil olmaz. Qız hazır, bax, o qapının dalındadı (əlini içəri qapıya uzadır), çağıraq bu saat özündən sual eləyək ki, görək meyli kimədi?.. S ə m ə d V a h i d. Belə məsləhətə qarşı bən bir söz söyləməm. R ü s t ə m b ə y (Mirzə Məhəmmədəliyə). Niyə dinmirsən, Məhəmmədəli? M i r z ə M ə h ə m m ə d ə l i. Özünüz bilin, mənim işim yoxdur. (Rüstəm bəy durur, qapıdan Gülbaharı çağırır. Gülbahar girir içəri.) Z ə h r a b ə y i m (Gülbahara). Bala, Gülbahar, gəl otu yanımda, durma ayaq üstə. R ü s t ə m b ə y. Gülbahar, keç otu və qulaq as, gör nə deyirəm. Biz bu saat sənin barəndə danışırdıq. Sözün açığı budur ki, səni üç adam istəyir: biri Aslan bəydi, biri Mirzə Bəxşəlidi, biri də Hüseyn Şahiddi… Qəlbin kimə yapışır, ona da get; bizim heç sözümüz yoxdu… (Gülbahar dinmir). Z ə h r a b ə y i m (Gülbahara). Bala, niyə dinmirsən? G ü l b a h a r (Rüstəm bəyə). Dadaş, əvvəl bu ki, sən dediyin adamların heç birinə mən bələd deyiləm və qaldı ki, sizin mənim barəmdə çalışmağınız əbəsdir; çünki mən bilirəm ki, mən bir kəsi xoşlasam da, sən razı olsan, Məhəmmədəli dadaşım razı olmayacaq; Məhəmmədəli dadaşım razı olsa, sən izin verməyəcəksən; hər ikiniz də xoşlasanız, Səməd dadaşım bəyənməyəcək. Bir yadınıza salın, görün indiyə kimi mənim üstümdə siz üç qardaşın neçə dəfə dava-mərəkəsinə qonşular yığışıb tamaşaya. Yox-yox, mən heç kəsə getmək istəmirəm. Kaş siz bir-biriniznən yola gedin. (Durub çıxır gedir. Mirzə Məhəmmədəli gəlib oturur yerində). R ü s t ə m b ə y. İş belə olan surətdə mən məsləhət görürəm ki, bir surətdə ki Gülbahar biz dediyimiz adamların heç birinə bələd deyil, sabah axşam gərək ki cəmiyyəti-xeyriyyənin zasedaniyasıdır, özü də növbətə görə gərək bizim evə yığışalar. Aslan bəy necə ki üzv, zasedaniyaya gələcək. Gərək hesabnan müəllimlərdən də olalar; çünki proqramlar barəsində müəllimlərdən cavab istəyiblər. Gərək onlardan şikayət də var. Xülasə, onlar gərək gələlər zasedaniyaya. Gülbahar da istəyər, çıxar onlarnan tanış olar. (Çöl qapı tıqqıldayır). R ü s t ə m b ə y. Kimsən? Gəl! (Daxil olur Teymur bəy, qoltuğunda papka; Zəhra bəyim üzünü tutur o tərəfə ki, Teymur bəy görməsin.) T e y m u r b ə y. Səlam əleyküm. R ü s t ə m b ə y. Ay əleykəssəlam, Teymur bəy. Gəl əyləş. (İçəri otaqdan Zivər xanım çıxır, Teymur bəyə əl verir.) Z i v ə r x a n ı m (gülə-gülə). A, zdravstvuyte, Teymur bek! T e y m u r b ə y (Zivər xanımın əlini öpür). Zdravstvuyte, Zivar xanum! (Teymur bəy də, Zivər xanım da otururlar Rüstəm bəyin yanında. Mirzə Məhəmməddəli acıqlı baxır bunlara. Teymur bəy papkanı açır, kağızları aralayır, sonra üç kağız qoyur Rüstəm bəyin qabağına; bu da kağızlara qol çəkir, verir Zivər xanıma, o da qol çəkib verir Teymur bəyə. Teymur bəy də yığışdırır, qoyur papkaya.) T e y m u r b ə y (saatına baxıb deyir). Deyəsən, yubanırıq ha!... (Zivər xanım və Teymur bəy dururlar ayağa. Zivər xanım ayna qabağına gedib, şlyapasını düzəldir və Teymur bəy ilə çıxıb gedir. Mirzə Məhəmmədəli yenə acıqlıacıqlı baxır bunların dalınca. Qənbər, uzun çuxalı və belində xəncər, yanında çoban Qurban, girirlər içəri. Qurbanın bir əlində uzun çomaq, bir əlində dəsmala düyülü bir qab. İkisi də baş yendirirlər.) R ü s t ə m b ə y. Qənbər, nə var, qoyunlar necədi? Q ə n b ə r. Sağlığın, bir şey yoxdu. Amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır; heç bir əlacı da yoxdu. (Qurbanın əlindən düyünçəni alıb qoyur yerə.) Buyuraydınız, bu yavanlığı boşaldaydılar; bir az kərədi, bir az da təzə şordu. (Qənbər düyünçəni aparır içəri, qapının yanına qoyur.) Z ə h r a b ə y i m. Qənbər, niyə çoxdandı görünmürsən? Q ə n b ə r. Xanım bəyim, vallah, macalımız olmur. Qoyunun azarı başımızı bərk qatıb. R ü s t ə m b ə y. Qənbər, bilirsən nə elə? Sabah axşam mal həkimi bizdə olacaq, cəmiyyəti-xeyriyyənin yığıncağıdı; sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə. Q ə n b ə r. Baş üstə, gələrəm. (Qənbər və çobanlar çıxırlar. Rüstəm bəy gəlir anasının tərəfinə və gülə-gülə deyir). Ana, kefin necədi? Yaxşıdır? Ana, bilirsən nə var? Mən lüğət yazıram. Bilirsən lüğət nədi? Yəni insanın dilində hər nə qəribə söz var, gərək o kitaba yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya. Bəlkə, sən də elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş ola. Hə, nə deyirsən, ana? Bir qəribə söz de, yazım. Z ə h r a b ə y i m. Bala, qadan mənə gəlsin, mən nə bilirəm ki, nə deyim? M i r z ə M ə h ə m m ə d ə l i (durur ayağa). Dadaş, əgər qəribə söz axtarırsan, məndən soruş, deyim; dəxi ağbirçək arvad nə bilir, nə desin? Qəribə söz budu ki, indi, maşallah, kraxmallı alimlər dəxi hicabı-zadı bilmərrə atıb, başlayıblar russayağı üzüaçıq zindəganlıq eləməyə. Elə mənnən olsa, lüğətə bu mətləbi də yazsan, pis olmaz. (Başmaqlarını geyir getsin.) R ü s t ə m b ə y (acıqlı və ucadan). Məhəmmədəli, səni and verirəm atavın goruna, məndən əl çək. (Mirzə Məhəmmədəli başmaqlarını geyir getsin.) Z ə h r a b ə y i m (Məhəmmədəliyə). Bala, Məhəmmədəli, bir dayan. Bala, bir dayan, bir getmə. (Zəhra bəyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Məhəmmədəlinin dalıyca: o da qulaq verməyib gedir. Zəhra bəyim yenə gəlib oturur yerində və bayazı qoyur qoltuğuna. Səməd Vahid yazıya məşğul olduqda içəridən uşaq ağlamağı eşidilir. Səməd Vahid, əlində qələm, durur gedir qapıya tərəf və hirsli.) S ə m ə d V a h i d. Çocuq ağlamasın, bən şer yazıyorum (gəlib oturur yerində və Rüstəm bəyə.) Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq bir şer deyim, yaz lüğətə. R ü s t ə m b ə y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun. Yoxsa, doğrusu, mən sənin dilini qanmıram. S ə m ə d V a h i d (kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur): Ənzari-şəbabımda pədidar olan, ey zill! Ey zilli-tüluat, oluyorsun yenə peyda! R ü s t ə m b ə y (“eh” eləyib çönüb gedir öz stoluna tərəf). O dili mən özüm qanıram ki, lüğətə də yazam? S ə m ə d V a h i d (durur ayağa və kağızlarını yığışdırır ki, getsin). Dadaş, mən söylədiyim “Faust”dan türk dilinə tərcümədir. Bizim müəllimlər bunu indi bu saat məktəblərimizdə balaca çocuqlara öyrədiyorlar. Sən ki bunu qanmıyorsan, sənayei-nəfisədən bibəhrə olmağını müşahidə ediyorsın, zənnindəyim, əfəndim. (Səməd Vahid acıqlı, kağızı qəfəsənin içinə atıb, durur gedir. Rüstəm bəy təəccüblü baxır onun dalıyca.) Z ə h r a b ə y i m (durur ayağa, bayazını qoltuğundan çıxardır və Səməd Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Səməd bala, bir dayan! (Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı, hazırlaşır çıxıb getməyə. İndi də Zəhra bəyim bayazını buna tərəf tutub yalvarır.) Rüstəm, Rüstəm, ayaqlarının altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax. R ü s t ə m b ə y (acıqlı). Eh, ana, sən Allah, əl çək! (Rüstəm bəy də çıxıb gedir. Zəhra bəyim qalır ortalıqda tək, əlində kitab.)
İdeyaca zəngin olan “Anamın kitabı” tragikomediyası bədii həlli verilən problemlərin çoxluğu ilə də fərqlənir: xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və s. Bütün bunlar, eləcə də digər ciddi problemlər əsərdə real, təbii səhnələr, orijinal bədii vasitələrlə təqdim edilmişdir. Qardaşların yaşadıqları evdə baş verənlər, cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qaldırılmış problemləri hərtərəfli əks etdirir. Əsərin maraqla oxunmasının bir səbəbi də konfliktin çoxcəhətli olması və real həyati hadisələrlə səsləşməsidir. Əsərdə obrazların arasında baş verən konflikt mövcud cəmiyyətdəki prosesləri əks etdirir. Təhsil aldıqları ölkələrin düşüncə, davranış tərzini, dilini mənimsəyən qardaşlar nəinki vətənləri, həm də doğma adamları və bir-biri üçün yad adama çevrilmişlər. Qardaşların düşüncəsinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir. Yüz illər boyu yaşadılan, bütün dövr və zamanlarda qorunub saxlanan bir çox milli-mənəvi dəyərlərə etinasız münasibət əsərdə kəskin tənqid edilmişdir. Məsələn, milli-mənəvi dəyərlərdən üz çevirməyin ailə münasibətlərində doğurduğu acı nəticələr əsərdə daha qabarıq əks etdirilmişdir. Milli-mənəvi dəyərlərə laqeydliyin yaratdığı fəsadları tragikomediyanın bütün epizodlarında ardıcıl müşahidə etmək mümkündür. Bunları əsərə yenidən müraciət etmək və mənbələr üzrə araşdırmalar aparmaqla ətraflı aydınlaşdırmaq mümkündür. Əsərdəki bütün obrazlar elə ustalıqla yaradılmışdır ki, oxucu-tamaşaçı onların hər biri haqqında aydın təsəvvür qazana bilir. “Məslək ayrı qardaş”ların – Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin obrazlarının yaradılmasına isə yazıçı xüsusi diqqət yetirmişdir. Bu, əsərin ideyasının bütün incəliklərinə qədər aydın başa düşülməsi niyyətindən irəli gəlmişdir. Qardaşlar vətənsevər ataları Əbdüləzim bəyin arzusuna uyğun olaraq ali təhsil almışlar. Böyük qardaş Rüstəm bəy Rusiyada, ortancıl qardaş Mirzə Məhəmmədəli İranda, kiçik qardaş Səməd Vahid isə Türkiyədə oxumuşdur. Lakin qardaşlar vətənlərinə fayda verə bilən elm-bilik sahibi, kamil mütəxəssis kimi qayıtmamışlar. Onların hər biri doğma yurdlarına təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüşlər. Bu, qardaşlar üçün ortaq cəhətdir. Rüstəm bəy zahirən təmkinli, demokrat fikirli adam təsiri bağışlayır. Lakin bunun zahiri, aldadıcı olduğu çox tez aşkara çıxır. Mirzə Məhəmmədəli xasiyyətcə daha tünd olduğu kimi, qatı mühafizəkarlığı, kobudluğu ilə də seçilir. Səməd Vahid həlimtəbiətli adam təsiri bağışlasa da, yersiz inadkarlıqda qardaşlarından heç də geridə qalmır. Yad ölkələrin dili və əqidəsinə üstünlük vermələri və həmin istiqamətdə fəaliyyət göstərmələri bir ailənin övladlarını ayrı salmışdır. Senzor Mirzə Cəfərin müstəqil Azərbaycan hökuməti ideyası ilə bağlı çar hakimiyyətinin narahatlığını ifadə edən sözləri ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyət, həlli vacib olan məsələlər barədə aydın təsəvvür yaradır. Belə bir dövrdə qardaşların çürük əqidə ilə yaşaması, mənasız “fəaliyyəti” acı təəssüf hissi oyadır. Mənbələr üzrə qazanılmış biliklər əsasında mətnə yenidən müraciət etməklə bu obrazları daha ətraflı təhlil etmək mümkündür. Əsərdəki Zəhra bəyim ana obrazı oxucunun diqqətini dərhal cəlb edir. Ailədə nüfuz və söz sahibi kimi qəbul edilməli olan ana oğulları ilə ehtiyatlı davranmağa məcburdur. Ailə ilə bağlı ən vacib sözü belə deməyə günlərlə imkan tapmayan ana ətrafında baş verənləri yaxşı duyur. Övladlarının davranışı və tutduqları yanlış yol Zəhra bəyim ananın rahatlığını əlindən almışdır. Ərinin vəsiyyətini dönə-dönə oxuyan ana yaxşı bilir ki, qardaşlar sonda peşman olub vicdan əzabı çəkəcəklər. O, son nəfəsinə kimi övladlarını millimənəvi birliyə səsləyir. Ailənin düşdüyü çıxılmaz vəziyyəti vaxtında dəyərləndirməsi, qızı Gülbaharla bağlı düşüncələri ananın uzaqgörən olduğunu deməyə əsas verir. Gülbahar ailədə sonbeşikdir, ağıllı və həssasdır, anasını üzən dərdi, atasının vəsiyyətində deyilənləri dərindən anlayır. Başa düşür ki, qardaşları doğru yol seçməyiblər. Qardaşlarının və onların ardıcıllarının – Aslan bəy, Mirzə Bəxşəli, Hüseyn Şahidin əqidəsi, fəaliyyəti Gülbahar üçün yad və qəbuledilməzdir. Çobanların danışığı, söhbəti isə ona doğmadır; bu onun xalqına, vətəninə bağlılıqdan, məhəbbətdən irəli gəlir. Gülbaharın sualı dərin rəmzi məna daşıyır: “... adamlar niyə hərə bir yana gedir?.. Niyə hamısı bir yerə getmir, niyə hərə bir tərəfə gedir?” Hərəsi “bir yana gedən” qardaşlarının mənasız kitablarını yandırmaqla Gülbahar cəsarətli addım atır: onların əqidələrinin və tutduqları yolun puç olduğunu üzlərinə deyir. Aslan bəy, Teymur bəy, senzor Mirzə Cəfər, Zivər xanım, Qənbər, Qurban, Zaman və digər obrazlar əsərdə az görünsələr də, fərdi xüsusiyyətləri, danışıq və əməlləri ilə dərhal seçilir, bir-birindən fərqlənirlər. Əsərdəki səhnələr obrazları müqayisə etməyə geniş imkan verir. Cəmiyyəti-xeyriyyənin iclasında ərizələri rədd edilən ac insanlara cəmiyyət üzvlərinin və çobanların fərqli münasibətini əks etdirən səhnə bu baxımdan daha səciyyəvi və təsirlidir. Yazılmasından yüz ilə yaxın bir zaman keçməsinə baxmayaraq “Anamın kitabı” bu gün də maraqla oxunur və tamaşaya qoyulur. Bunun bir mühüm səbəbi onun yüksək bədii keyfiyyətə malik olmasıdır. Bu keyfiyyət əsərin dilində, obrazların yaradılmasında istifadə olunan bədii vasitələrdə, təsvirlərdəki realizmdə, süjet və kompozisiyanın özünəməxsusluğunda aydınca müşahidə edilir. Obrazların danışığı, müxtəlif məqamlarda keçirdikləri psixoloji hallar, başqalarına münasibətdə davranışları və s. xüsusi dəqiqliklə əks etdirilmişdir. Bədii təsvir vasitələrindən gen-bol istifadə olunmasa da, kinayə və təkrirlər qəhrəmanların nitqini daha təsirli etmişdir. Əsər bitkin kompozisiyasına görə diqqəti cəlb etdiyi kimi, dialoq və monoloqların yığcam, mənalı olması ilə də maraq doğurur. Müəllif hadisələrin daxili bağlılığına və təbii inkişafına xüsusi diqqət yetirmişdir. Qardaşların arasındakı ziddiyyət hadisələrin təbii axarı gözlənilməklə tədricən açılmış, bununla da süjetin maraqla izlənilməsi təmin edilmişdir. Əsərin əvvəlində iştirakçılar – obrazlar haqqında verilən məlumat bədii müqəddimə sayıla bilər. Bu yığcam məlumatda əks olunanlar əsərin hər səhifəsində öz təsdiqini tapır. Oxucu-tamaşaçı elə birinci məclisdəcə qardaşlar haqqında xeyli təsəvvür qazanır. Onların hər biri “öz dilində” danışır, Rüstəm bəy rus, Mirzə Məhəmmədəli fars, Səməd Vahid osmanlıtürk sözlərini işlətməklə fikirlərini ifadə edirlər. Sonrakı – ikinci məclis təkcə obrazların deyil, bütövlükdə əsərin ideyasının başa düşülməsində əhəmiyyətli rol oynayır. Əsərin iştirakçılarının, demək olar, hamısını xeyriyyə cəmiyyətinin iclasına toplayan yazıçı onları öz danışıq, davranış və əməlləri ilə tanıdır. Hadisələrin inkişafı üçüncü məclisdə ən yüksək nöqtəyə – zirvəyə yüksəlir. Aydınlaşır ki, qardaşların tutduqları yol birləşə bilməz. Bunu dördüncü məclisdə öz dilləri ilə təsdiq edən qardaşlar fərqli məslək sahibi olduqlarını etiraf edirlər. Göründüyü kimi, əsərdə əks olunanlar bir-biri ilə sıx bağlı olub, biri digəri üçün zəmin rolunu oynayır, ideyanın ifadəsinə layiqincə xidmət edir. C.Məmmədquluzadənin əsərdəki dil sənətkarlığı, artıq qeyd edildiyi kimi, cəlbedici olması ilə diqqəti dərhal çəkir. Həm rus, həm də Şərq dillərini mükəmməl bilən yazıçı, qardaşların nitqini ustalıqla fərdiləşdirmiş, digər obrazları da səviyyələrinə müvafiq dildə “danışdırmışdır”. Qardaşların nitqini qəlizləşdirən təkcə alınma sözlər deyil, həm də onların danışıq tərzi, cümlələrinin əksər hallarda anlaşılmaz və mənasız olmasıdır. Çar Rusiyası hakimiyyətinin hiyləgər və dözülməz müstəmləkə əsarəti kapitalist inkişaf mərhələsini keçə bilməyən Azərbaycanı iyirminci yüzilliyin əvvəllərində ciddi əngəllərlə üz-üzə qoymuşdu. Belə əngəllərdən biri yetkin olmayan ziyalıların, xüsusən də xalqdan uzaq düşmüş ziyalıların ölkənin taleyi, xalqın müqəddəratı ilə bağlı taleyüklü məsələlərə münasibətdə əqidə birliyi nümayiş etdirə bilməmələri idi. Fərqli məslək sahibi olan bu ziyalılar milli oyanışa və inkişafa istiqamət verməkdə ciddi çətinlik çəkir, yad, zərərli fikirləri təbliğ etməklə ümumi mənafeyə zidd mövqe tuturdular. Yad təsir və ideyaların milli birliyə, müstəqilliyə, soykökünə bağlılığa vurduğu ağır zərbənin nəticələri barədə “Anamın kitabı” əsərindən aydın təsəvvür qazanmaq olur. “Anamın kitabı” – əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır. Gülbaharın monoloqu milli birlik marşı kimi səslənir: “Qaldı bircə kitab, bu da anamın kitabı. Budur, atam öz əli ilə yazdığı vəsiyyət... Yer, Göy, Ay və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə Günün başına dolanırlar... Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar... Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə!” “Anamın kitabı” – Azərbaycanın milli birlik kitabıdır. Əsərin zəngin ideyasını mənbələri araşdırmaqla daha əhatəli şərh etmək mümkündür.
 
  • MÜHAZİRƏ 3.
  • MİRZƏ ƏLƏKBƏR SABİRİN HƏYAT VƏ YARADICILIQ YOLU.
  • Qədim mədəniyyət beşiyi olan Şamaxıda xırda ticarətlə məşğul olan Zeynalabdinin ailəsində dünyaya göz açan Ələkbər səkkiz yaşında mollaxanaya qoyulmuşdur. Üç ilə qədər burada oxuyan Ələkbər on iki yaşına çatanda Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində təhsilini davam etdirmişdir. Müəllim yeni şagirdinin həssas, diqqətli və istedadlı olduğunu dərhal duymuş, ona xüsusi qayğı ilə yanaşmışdır. Oğlunu tacir görməyi arzulayan ata onu təhsildən ayırıb yanında – dükanda işləməyə məcbur edir. Bir gözü şeirlərini yazdığı dəftərdə olan Ələkbəri ticarət işi qətiyyən maraqlandırmırdı... Səyahətə çıxan Ələkbər bir sıra Şərq ölkələrinin həyatı ilə tanış olur. Bu, dünyagörüşünün inkişafında əhəmiyyətli rol oynadığı kimi, gələcək yaradıcılığına da təsirsiz ötüşmür. O, atasının ölüm xəbərini eşidib vətənə dönür. Bir müddət sonra ailə quran Ələkbər böyük bir külfətin yaşayışını təmin etməli olur. O, sabun bişirib satmaqla ailənin ehtiyaclarını ödəməyə çalışır. İlk şeirlərini çox erkən yazan Sabir bədii yaradıcılıqla XIX yüzilliyin sonlarında ardıcıl məşğul olmağa başlamışdır. Klassiklərimizi, Şərq ədəbiyyatını dərindən öyrənən şair ilk lirik şeirlərini ənənəvi mövzu və janrlarda yazmışdır. Qəzəl, mərsiyə, qitə və rübailəri istedadı barədə təsəvvür yaratsa da, o, sələflərindən ciddi şəkildə fərqlənmirdi. Qəzəllərini daha çox məhəbbət mövzusunda yazan şair ənənəvi yanaşmadan əksər hallarda kənara çıxmır, əsasən, məlum təsvir və ifadə vasitələrindən istifadə edirdi. Onun lirik qəhrəmanı da sələfləri kimi saf məhəbbətlə sevən səmimi aşiqdir: Xahişin tərki-dilü can idi, mən həm etdim, Söylə, ey yar, görüm şimdi nə fərmanın var? Sədaqətli aşiq eşq üzündən düşdüyü dərdə dərmanın tapılmamasını arzulayır: Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib! Eylə bir tədbir kim, bu dərdə dərman olmasın! Lakin elə həmin dövrdə artıq gənc şairdə zəmanəsinin eyiblərinə kəskin tənqidi münasibət yaranmışdı. Ədalətsizlik, mədəni gerilik və bunların acı nəticələri onun pak qəlbində qarşısıalınmaz narazılıq dalğası yaratmışdı. Bunun nə vaxtsa üzə çıxacağı, özünə münasib ifadə forması tapacağı şübhəsiz idi. Zaman ötdükcə M.Ə.Sabirin lirikası ictimai məzmun qazanır. İndi onun lirik qəhrəmanı həyatdakı eyibləri, ziddiyyətləri dərindən duyan, bununla barışmayan, mübarizə yolunu üstün tutan vətəndaşdır. Şairin ictimai mövzuda olan lirik şeirləri üçün ortaq cəhətlər çoxdur. Məsələn, “Səttarxana” şeirində ifadə olunmuş azadlıq ideyaları əldə silah milli azadlıq uğrunda ölüm-dirim savaşına girən qəhrəmanların idealları ilə yaxından səsləşir. Sabirin əsl istedadının üzə çıxmasına, satirik şeirimizin ən qüdrətli yaradıcısı kimi tanınmasına imkan yaradan şərait yetişdi. Çar Rusiyasının zəifləməsi, imperiyanı inqilab dalğasının bürüməsi milli ucqarlarda da azadlıq ideyalarının güclənməsinə, etiraz və çıxışların artmasına səbəb oldu. Siyasi iqlimin 1905-ci ildən başlayaraq yumşalması demokratik meyilli qəzet və jurnalların çapına yol açdı. Milli mətbuatımızın tarixində böyük hadisə baş verdi – “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Sabir illər uzunu qəlbində yığılıb qalan ictimai dərdləri, fikrini, düşüncəsini daim məşğul edən taleyüklü problemləri dilinə gətirmək, insanlara çatdırmaq imkanı qazandı. Çox az bir müddətdə – 1906–1911-ci illərdə onun jurnalda çap olunmuş bir-birindən kəskin satirik şeirləri ölkənin hüdudlarından çox-çox uzaqlarda da böyük maraqla qarşılandı, insanları mühüm mətləblərdən agah etdi, müəllifə böyük şöhrət gətirdi. Lakin şairin şəxsi həyatında ciddi problemlər vardı. Artıq sabun bişirib satmaqla ailəni saxlamaq mümkün deyildi. 1907-ci ildə Bakı şəhərinə gələn şair bir müddət “İrşad” qəzetinin redaksiyasında çalışır. 1908-ci ildə isə ana dili və şəriət müəllimi olmaq üçün imtahan verir, az sonra diplom alır. Şamaxıda açdığı “Ümid məktəbi”ndə böyük həvəslə işə başlasa da, məktəbin ömrü uzun olmur. 1910-cu ildə Bakıya gələn şair “Zənbur” jurnalının redaksiyasında çalışır, az sonra həm də Balaxanı məktəbində müəllimlik edir. Bakıda yaşadığı qısa zaman kəsiyində o, gərgin çalışır; “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyalarında da işləyir, bir-birinin ardınca yazdığı satirik şeirlərini “Günəş” qəzetinə əlavə kimi çap olunan “Palanduz” adlı həftəlik gülüş səhifəsində dərc etdirir, “Molla Nəsrəddin”lə əməkdaşlığını kəsmir, yeni qələmə aldığı əsərlərini ardıcıl olaraq jurnala göndərir. Qaraciyər xəstəliyinə tutulan şair Bakıda və Tiflisdə müalicə olunur. Tiflisdə olarkən C.Məmmədquluzadə dostuna böyük qayğı göstərir, məşhur həkimləri evində qonaq saxladığı Sabiri müalicə üçün dəvət edir. Həkimlərin əməliyyat təklifinə razı olmayan şair Şamaxıya qayıdır, lakin xəstəliyi şiddətləndiyindən yenidən Bakıya getməli olur. Əməliyyata razı olsa da, həkimlər artıq bunun faydasız olduğunu bildirirlər. Şamaxıya qayıdan Sabir 1911-ci ilin iyul ayının 12-də dünyasını dəyişir. Lakin şair xalqına qoyub getdiyi bədii yaradıcılığı, xüsusilə satiraları ilə əbədi ömür qazandı. Bəs bu əsərlərin şairi əbədiyyətə qovuşdurmasına səbəb nədir? Sabir əsərlərində zəmanənin eyiblərini, problemlərini göstərməklə kifayətlənməmişdir. Satiraların hər birində xalqının azadlığını və tərəqqisini ürəkdən arzulayan, bunun üçün yollar arayıb göstərən böyük humanistin, həqiqi vətəndaşın mövqeyi ifadə olunmuşdur. Onun əsərlərinin yüz ildən də artıq bir müddətdə sönməyən maraqla oxunmasının başlıca səbəbini də bunda görmək lazımdır. Sabir satiraları mövzu baxımından son dərəcə zəngin olsa da, onlar bir nöqtədə – xalqın həyatı və taleyi məsələsində birləşir. Başqa sözlə, şairin əsərlərinin baş mövzusu xalq həyatıdır. Onun satiralarının əsasında ya birbaşa, ya da dolayısı ilə xalqın mənafeyinin, hüquq və azadlığının müdafiəsi dayanır. Bu, ölməz sənətkarın əsas yaradıcılıq məramnaməsi idi. O, “pisi pis, əyrini əyri, düzü həmvar” yazmağı şairlik borcu bilirdi və ömrü boyu buna sadiq qaldı. Sabir başqalarının görmədiyi, yaxud görmək istəmədiyi “pisi” elə aydın və təsirli şəkildə təqdim edirdi ki, buna laqeyd qalmaq mümkün deyildi: İki qonşu bir-birinin milləti, Hər ikisi bir peyğəmbər ümməti, Biri kəsir qurban, bişirir əti, Bayram edir Xəlilüllah eşqinə, O biri də baxır Allah eşqinə. Bu misralarda ifadə olunmuş fikir – ölkədəki aclıq, səfalət şairi daim düşündürmüş, bir-birindən kəskin əsərlərin (“Bizə nə?!”, “Dilənçi”, “Ağlaşma” və s.) yaranmasına səbəb olmuşdur. Eləcə də kəndlinin dözülməz yaşayışı, mülkədar-bəy zülmü (“Əkinçi”, “Səbr eylə!”), fəhlənin ağır həyatı, haqqını, hüququnu müdafiəyə qalxması və buna görə də sahibkarın hiddətinə, qəzəbinə tuş gəlməsi (“Bakı fəhlələrinə”, “Fəhlə, özünü sən də bir insanmı sanırsan?”, “Təraneyi-əsilanə”) ölməz sənət əsərləri üçün mövzu olur, Sabir realizminin qüdrəti sayəsində milyonların gözünü açırdı. Çarizmin – rus hakimiyyətinin yürütdüyü mənfur müstəmləkəçilik siyasəti, milli ucqarlardakı mürtəce mövqeyi, idarəçilikdə fərsizliyi və bunun fəsadları şairin satiralarında həyati faktlar əsasında ardıcıl ifşa edilmişdir. Hökumətin xalqa zidd siyasətini, vəd etdiyi azadlıqların riyakarlıqdan başqa bir şey olmadığını açıqlayan şair (“Hə, de görüm”, “İstiqbalımız lağlağıdır” və s.) Dumaya ümid bəsləyib təbliğat aparanlara incə kinayə, inadlı məntiqlə müraciət edirdi: Sən demədinmi dumada rəf olur ehtiyacımız? Mən də dedimmi çox yemə, tez pozular məzacımız? Qara buludlar oynaşır, indi nədir əlacımız? Çulğalayır bizi duman, mən deyən oldu, olmadı? Ölkənin inkişafdan qaldığını, geriliyin, ətalətin, mövhumatın, cəhalətin tərəqqiyə mane olduğunu, gənc nəslin elmdən, təhsildən uzaq düşdüyünü dərin təəssüf hissi ilə qələmə alan şair (“Dindirir əsr bizi”, “Millət şərqisi”, “Oxutmuram, əl çəkin!”, “Uşaqdır”, “Bəxtəvər” və s.) əcnəbilərin tərəqqisini xatırlatmaqla qəflət yuxusunda olanları ayıltmağa səy edirdi: Seyr etməyə fəzanı icad olub balonlar, Bir yandan avtomobillər, bir səmtdən vaqonlar, Hər ixtirayə dair təsis olur salonlar, Vallah, bular azıblar başdan-ayağa, millət! İndi bir az da dincəl, baş qoy yatağa, millət! Fanatizmin törətdiyi bəlaların ifşası, qadın əsarətinin tənqidi, milli mətbuata əngəl olanlara etiraz və s. Sabir satiralarının hədəflərindəndir. Qonşu İranda, Türkiyədə, bir sıra hallarda isə dünyada baş verən mühüm siyasi hadisələrə ayıq münasibətin ifadəsi onun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən idi. Səttarxanın başçılığı ilə İranda baş verən milli azadlıq hərəkatını diqqətlə izləyən şairin yazdığı əsərlər mücahidlərin dilinin əzbəri idi. Mənbələr üzrə araşdırma, şeirlərlə tanışlıq şairin satira yaradıcılığının mövzusu, əhatə olunan məsələlər barədə ətraflı fikir yürütməyə imkan verir. Sabirin uşaq şeirləri (“Məktəb şagirdlərinə töhfə”, “Uşaq və buz”, “Yaz günləri” və s.) kiçik oxucularda məktəbə, təhsilə maraq və həvəs oyatmaq, təbiət hadisələri barədə aydın təsəvvür yaratmaq baxımından qiymətlidir. Şairin bədii irsinə daxil olan tərcümələr (Firdovsinin “Şahnamə”sindən parça və s.), təmsillər (“Hörümçək və ipəkqurdu” və s.), mənzum hekayələr (“Molla Nəsrəddin və oğru” və s.), felyetonlar (“Hamısını tapa bilirəm, birini tapa bilmirəm” və s.), məq alələr (“Mətbuat” və s.) dəyərli nümunələr kimi bu gün də maraqla oxunur. Sabirin satiraları özəl bədii xüsusiyyətləri ilə seçilir. Yaratdığı fərdi satirik tipi xarakter və dünyagörüşünə uyğun bir dildə danışdıran şair bu üsulla onun haqqında dolğun təsəvvür yaratmağa nail olur. Dialoq, sual-cavab, deyişmə və s. şairin satiralarında teztez müraciət olunan üsullardan olub obrazların mənəvi aləminin, həyatdakı mövqeyinin başa düşülməsində əhəmiyyətli rol oynayır. Məcazlardan (bənzətmə, epitet və s.) orijinal istifadə baxımından Sabir satiraları misilsiz nümunələrdir. Satiralarını əruz vəznində yazan şair bu vəznin imkanlarından bəhrələnməklə kifayətlənməmiş, onu öz yaradıcılıq üslubuna, satirik şeirin məzmununa, tələblərinə uyğunlaşdırmışdır. Mənbələrin araşdırılması şairin satirik şeirlərinin bədii xüsusiyyətləri barədə dolğun təsəvvür yaradır.
MİRZƏ ƏLƏKBƏR SABİRİN‘’ NEYLƏRDIN ILAHI?’’ƏSƏRİN MƏZMUNU VƏ TƏHLİLİ ÜZƏRİNDƏ İŞ.
  • Daş qəlbli insanları neylərdin, ilahi?!İş rəncbərin, güc öküzün, yer özününkü, –
  • Bəyzadələri, xanları neylərdin, ilahi?! Bəyzadələri, xanları neylərdin, ilahi?!       
  • Bizdə bu soyuq qanları neylərdin, ilahi?!Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, –
  • Artdıqca həyasızlıq olur el mütəhəmmilDildadeyi-irfanları neylərdin, ilahi?
  • Hər zülmə dözən canları neylərdin, ilahi?!Surtuqlu müsəlmanları təkfirə qoyan bu
  • Bir dövrdə kim, sidqü səfa qalmayacaqmışDöşdüklü müsəlmanları neylərdin, ilahi?!
  • Bilməm belə dövranları neylərdin, ilahi?!Yaxud buların bunca nüfuzu olacaqmış
  • Məzlumların göz yaşı dərya olacaqmış,                         Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
  • Dəryaları, ümmanları neylərdin, ilahi?!Qeyrətli danosbazlarımız iş bacarırkən,
  • Səyyadi-cəfakardə rəhm olmayacaqmış,                       Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
  • Ahuləri, ceyranları neylərdin, ilahi?!
  • Bağın, əkinin xeyrini bəylər görəcəkmiş
  • Töxm əkməyə dehqanları neylərdin, ilahi?
  •                                                              ƏSƏRİN TƏHLİLİ.
  • Kəskin tənqidi məzmunu ilə seçilən “Neylərdin, ilahi?!” satirası 6 yanvar 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında çap olunmuş, böyük maraqla qarşılanmış və oxucuların arasında yayılmışdır. Sabirşünaslar insan təbiətindəki ətaləti, cəhaləti tənqid edən, cəmiyyətdəki haqsızlıqlara qarşı etiraz səsini qaldıran bu əsərin mövzusunun Azərbaycan həyatı ilə məhdudlaşmadığını göstərmişlər. Şeirin üzərində düşünməklə, xüsusən mənbələr üzərində işləməklə bu barədə dolğun təsəvvür qazanmaq olur. İnsan həyatına laqeydlik humanist şairi sarsıtdığı kimi, insan taleyi ilə amansız rəftar da onu hiddətləndirir, daha kəskin, ifşaçı əsərlər yazmağa sövq edirdi. Onun həssas qəlbini yaralayan başqa bir cəhət də vardı; o, zalımın zülmünə məzlumun dözməsi, səbirli olması ilə barışa bilmirdi. Məzlumun səbirli davranışı onun tərəfində duran şairi təbii halından çıxarırdı:
  • Artdıqca həyasızlıq olur el mütəhəmmil,
  •  Hər zülmə dözən canları neylərdin, ilahi?!
  • Haqsızlıq və ədalətsizliklə barışmadığını heç vaxt gizlətməyən Sabir xilas yolunu milli-mənəvi oyanış və özünüdərkdə görürdü. Bu əsərində şair bəşəri dəyərlərin qoruyucusu mövqeyində dayanır. Xeyirxahlıq, ədalət carçısı olan Sabir əsərində insanlığın taleyindən narahatlığını ifadə edir, məzlumların haqqının-hüququnun müdafiəçisi kimi səsini qaldırır:
  •  Məzlumların göz yaşı dərya olacaqmış, –
  •  Dəryaları, ümmanları neylərdin, ilahi?!
  •  Satirada milli və bəşəri bəlaların qovuşmuş şəkildə təqdimi humanist şairin ədalətli mövqeyinin ifadəsi idi. Əsər mükəmməl bədii keyfiyyəti ilə diqqəti cəlb edir. Şeirdəki orijinal epitet, təzad, mübaliğə və s. onun maraqla oxunmasına səbəb olan tutarlı vasitələrdəndir. Qafiyələrin (qanları, canları, ceyranları və s.), sözlərin (sidq, səfa, iş, güc və s.) uğurlu seçimi, misra daxilində məharətlə işlədilməsi şeirdə güclü ahəngin yaranmasına səbəb olmuşdur. Satira məzmununa uyğun bəhrdə – əruzun həzəc bəhrində yazılmasıdır. Məlumdur ki, “həzəc” sözünün bir mənası da “aramla oxumaq” anlamındadır. “Neylərdin, ilahi?!” aramla, təmkinlə oxunur. Bu isə ideya-məzmunun başa düşülməsinə əhəmiyyətli dərəcədə təsir edir. Aşağıdakı cədvəl şeirin ahənginin başa düşülməsini və ifadəli oxusunu asanlaşdır.
  • MÜHAZİRƏ 4.
  • HÜSEYN CAVİDİN HƏYAT VƏ YARADICILIQ YOLU.
  • Hüseyn Molla Abdulla oğlu Rasizadə Naxçıvanda anadan olmuşdur. O, əvvəlcə mollaxanada ərəb-fars dillərini öyrənmiş, Şərq tarixi və ədəbiyyatına dair ilkin biliklər əldə etmişdir. Sonra Naxçıvanda açılan yeni tipli “Tərbiyə” məktəbində təhsil alan H.Cavid burada dünyəvi elmlərə yiyələnmiş, məktəbin müdiri, tanınmış şair Məhəmməd Tağı Sidqinin təsiri ilə ilk şeirlərini yazmışdır. Gənc Cavid 1898–1903-cü illərdə Cənubi Azərbaycanda yaşamış, Təbrizdəki “Talibiyyə” məktəbində təhsilini davam etdirmişdir. 1906–1909-cu illərdə İstanbul Universitetində təhsil alan Cavidin dünyagörüşünün inkişafında görkəmli türk şairlərinin yaradıcılığı böyük rol oynamışdır. Tələbə ikən “İrşad” qəzetində “Növhə”, “Füyuzat” dərgisində isə “Bir ahi-məzlumanə” əsərləri çap olunmuşdur. O, universiteti bitirdikdən sonra Naxçıvana qayıdaraq müəllimliklə məşğul olmuş, lirik şeirlər, “Ana” pyesini yazmışdır. 1911-ci ildən etibarən H.Cavid ədəbi-pedaqoji fəaliyyətini Tiflisdə davam etdirmiş, burada “Keçmiş günlər” adlı ilk şeir kitabını (1913) nəşr etdirmişdir. O, 1918–1919-cu illərdə Naxçıvanda “Rüşdiyyə” məktəbində dərs demişdir. Bu dövrdə “Bahar şəbnəmləri” şeirlər kitabının çap olunması, “İblis” və “Uçurum” faciələrinin yazılması, “İblis”in tamaşaya qoyulması ədibin böyük sənət uğurları idi. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra müəllim kimi fəaliyyət göstərən H.Cavidin dram əsərlərinin nəşri, müvəffəqiyyətlə tamaşaya qoyulması ona böyük şöhrət qazandırmışdır. Bütün bunlar Cavidin nüfuzunu artırmaqla bərabər, sənətinə və şəxsiyyətinə paxıllıqla yanaşanların da meydana çıxmasına səbəb olmuş, dövri mətbuatda ədib haqqında haqsız tənqidi məqalələr çap olunmuşdur. Əsərlərinə ədəbi məhkəmələr qurulmuş, üzvü olduğu Yazıçılar İttifaqının yığıncaqlarında o, “burjua yazıçısı”, “müasir həyatı əks etdirməyən” sənətkar kimi tənqid olunmuşdur. Bütün bunların nəticəsində H.Cavid 1937-ci ilin iyun ayında günahsız yerə həbs olunmuş, 1941-ci ildə Sibirdə həbs düşərgəsində vəfat etmişdir. Ədibə 1956-cı ildə bəraət verilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və köməyi ilə H.Cavidin cənazəsi 1982-ci ildə Sibirdən vətənə gətirilmiş, Naxçıvanda torpağa tapşırılmışdır. H CAVID əruz, həm də heca vəznində şeirlər yazmışdır. Humanist, işıqlı duyğular, nəcib amalla yaşayıb-yaradan H.Cavid “Mənim tanrım gözəllikdir, sevgidir” deyirdi. Bu qayə onun poema və dram əsərləri ilə yanaşı, təsirli fəlsəfi-lirik şeirlərində də öz əksini tapmışdır. Sənətkarın “Çoban türküsü”, “İlk bahar” kimi şeirləri nikbinliyi, xeyirxahlığı, insana məhəbbət ruhu, yüksək sənətkarlığı ilə seçilir. “Qız məktəbində” şeiri təkcə ədibin yaradıcılığında deyil, ümumən poeziyamızda süjetli lirikanın mükəmməl nümunələrindən sayılır. Üsyankar ruhda yazılmış “Qadın” şeirində şair onu daim düşündürən ictimai problemdən – qadının taleyindən, mövhumatdan, cəhalətdən uzaqlaşması, qəflət yuxusundan ayılmasından söz açır, azad, bəxtiyar bir insan kimi ömür sürməsini arzulayır. “Hərb və fəlakət” əsərində ədib dünyada gücün, zorun haqqı üstələməsi ilə barışa bilmir, hərb yolunu tutanların bəşəriyyəti fəlakətə sürüklədiyini göstərir. H.Cavidin “Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913) poemalarında epik təsvirlərdən çox, lirik-romantik düşüncələr öz əksini tapmışdır. “Azər” poemasında Qərbə və Şərqə, eyni zamanda Şərq–Qərb müstəvisində Azərbaycana baxışları əks olunmuşdur. H.Cavid ədəbiyyatımızda mənzum romantik dramaturgiyanın banisidir. Ədibin ilk dram əsəri olan “Ana” (1910) mənzum faciəsinin mövzusu Dağıstan həyatından alınmışdır. “Maral” (1912) pyesi pula, sərvətə aludəçiliyin cəmiyyətdə törədə biləcəyi faciələri əks etdirir. Bakı mətbəə işçilərinin həyatından bəhs edən “Şeyda” (1916) pyesində ədibin digər dram əsərlərindən fərqli olaraq çətin, ağır həyat tərzinin və azadlıq düşüncəsinin təqdimi ön plana çəkilmişdir. Dramaturq “Şeyx Sənan” (1914) mənzum faciəsində dini-əfsanəvi şəxsiyyət olan Şeyx Sənanın timsalında insanın mənəvi ucalığını, əsl eşqin dini etiqad üzərindəki təntənəsini, buxovları qırmaq qüdrətini əks etdirmişdir. “Uçurum” (1919) faciəsi ilə Hüseyn Cavidin yaradıcılığının birinci mərhələsi başa çatır. Sonrakı illərdə qələmə alınmış “Peyğəmbər” və “Topal Teymur” əsərlərində tarixi şəxsiyyətlərə, tarixdən alınmış hadisələrə müraciət olunmuşdur. “Knyaz” (1929) dramında Cavid azad sevginin və pak mənəviyyatın təntənəsi motivini diqqət mərkəzinə çəkmişdir. 1932-ci ildə yazdığı “Səyavuş” faciəsində dramaturq Ə.Firdovsinin “Şahnamə” əsərinin motivlərinə müraciət edərək öz humanist düşüncələrini qələmə almışdır. H.Cavidin dramaturgiyası “Xəyyam”, “İblisin intiqamı” əsərləri ilə tamamlanır. H.Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcılarından biridir.
  • HÜSEYN CAVİDİN ‘’İBİS’’ ƏSƏRİNİN MƏZMUNU VƏ TƏHLİLİ.
  • Əşxas: – İ b l i s – . . . – M ə l ə k – . . . – İ x t i y a r ş e y x – ağsaqqal bir sövməənişin... – X a v ə r – İxtiyarın torunu – A r i f – pərişan saçlı, sadə geyimli bir gənc – V a s i f – könüllü bir türk zabiti (Arifin küçük qardaşı) – K ü ç ü k z a b i t – Vasifin arqadaşı – R ə n a – son dərəcə gözəl bir şəfqət həmşirəsi (türk) – İ b n Y ə m i n – qırq beş yaşında qaraşın bir ərəb zabiti – Y a r a l ı z a b i t – rus ordusuna mənsub bir gənc – T e y f – Rənanın məqtul babasının xəyalı – E l x a n – zabit (əskəri qaçaq) – Zabitlər, əskərlər, haydutlar və sairə...
  •                  Bağdad civarında ağaclıq mənzərəli bir guşə... Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpet sədaları, top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə)atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul... Gözlərin birində İblis, digərində Mələk görünür. Gurultudan sonra sükut...
  • İ b l i s (məmnun qəhqəhələrlə)
  •  Dəryalərə hökm etmədə tufan,
  • Səhraları sarsıtmada vulkan,
  • Sellər kibi aqmaqda qızıl qan,
  • Canlar yaqar, evlər yıqar insan...(qəhqəhə)
  • M ə l ə k
  • Ya Rəb, bu nə dəhşət, nə fəlakət?
  •  Ya Rəb, bu nə vəhşət, nə zəlalət?
  • Yoq kimsədə insafü mürüvvət,
  •  İblisəmi uymuş bəşəriyyət!?
  • İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər, yenə göy gurultusu, top, mitralyoz sədaları başlar. Sonra sükut... İ b l i s (çılğın qəhqəhələrlə) Toplar veriyor aləmə dəhşət, Dəhşət!.. Qopuyor sanki qiyamət, Yağmur kibi göydən yağar atəş!.. Atəş!.. Qaralar, dalğalar atəş!.. M ə l ə k Ya Rəb, azacıq lütfü inayət! Qəhr olmada artıq bəşəriyyət. Başdan-başa həp yer yüzü vəhşət, İblis ilə həmrəngi-siyasət. Gözlər qapanır, səhnə aydınlaşır. A r i f (uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur. Yerindən qalqar,
  • göyə doğru) Dünyaları yoqdan yaratan, ey ulu Tanrı! Ey xaliqi-hikmət! … Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! Ruhum səni izlər. Lütf et, o gözəl çöhrəni bir an bana göstər, Könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanunə, kitabə, Duydum yenə qəsvət. Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, Həp zəfə əlamət... Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, Yoq rəhbəri-vicdan; Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat, Bir şöleyi-irfan. En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, Gəzdir qonağında; Yerlərdə süründüm, yetişir; göylərə qaldır, Dindir qucağında, Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi Cənnətdə mələklər? Qaldır bəni, ta görməyim insandakı zülmi, Baq, yer üzü inlər. Ya Rəb, bu cinayət, bu xəyanət, bu səfalət Bulmazmı nihayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət!? Yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin işığı azalır. İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən – alevlər içindən çıqar. Yaldızlı və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur. İ b l i s Arif! Bana baq, sən də mi evhamə qapıldın? Biçarə çocuq, sən də mi İblisə taqıldın? Dahilər, ululəzm nəbilər belə bəndən Hiç vəchlə təxlisi-giriban edəməzkən Daim bəni təhqir edərək əyləniyorsun... Həp söyləniyor, söyləniyor, söyləniyorsun... Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də Baziçə olursun qoca İblisin əlində. İblis, o böyük qüdrət, o atəşli müəmma Bir gün səni də kəndinə eylər kölə... amma Heyhat, olamaz dərdinə bir kimsədən imdad, İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad. Ridasının ətəklərini Arifin yüzünə sürər, laübali qəhqəhələrlə çəkilib gedər. Səhnə aydınlaşır. A r i f (şaşqın, sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri girməkdə olan İxtiyara həyəcanlı bir müztərib) Gəl, gəl bana! Gəl, eylə bənim dərdimə çarə! İ x t i y a r Oğlum, mədəni aləmi nifrətlə bıraqdın, Gəldin şu cədəlsiz, bədəvi aləmə çıqdın. İnsandakı haqsızlığı, zülmü unut artıq, Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq. Yüz, bin deyil İblisə uyan... həp bəşəriyyət Etmiş bu gün ev yıqmağa, qan içməyə adət. Arif! Unut, oğlum, unut artıq, bəni dinlə, Sən kəndini məhv eyləyəcəksin bu gedişlə. … Bu sırada dəhşətli göy gurultusu başlar. Gurultu ilə bərabər, İblisin qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda qülbədən çıqar. Arif əli olaraq gurultu və qəhqəhələri dinlər. Eyni zamanda səhnənin ışığı azalır. A r i f (fəsini qoyaraq, şaşqın) Kimsin, nəçisin? Söylə, nədir fikrü məramın? Nerdən gəliyorsun, nə imiş şöhrətü namın? İ b l i s (məğrur qəhqəhələrlə) Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim, Həp Xaliqə təsbih idi, təhlil idi virdim, İlk öncə mələklər bəni təqdis ediyordu, Adəm kibi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım, Allah ilə bir zikr edilir namü nişanım. A r i f Artıq yetişir, anladım, izahə nə hacət, Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət! Həp qəhr oluyorkən şu cihan xain əlinlə, Bilməm nəyə gəldin, nəyə gəldin bana, söylə?! İblis Baqdım, əziyor ruhunu həp qeydi-əsarət, Gəldim edəyim ta səni hürriyyətə dəvət. Baqdım, səni məhv etmədə bin dürlü xəyalət, Gəldim verəyim qəlbinə bir nuri-həqiqət. … A r i f Haydı, çəkil, iştə açıq yol!.. (Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir. Səhnə aydınlaşır.) X a v ə r (gəlir, həyəcan və təlaş ilə) Söylə, Arif! Aman, nə oldu yenə, Yenə kimlər göründü gözlərinə? A r i f Sorma, hiç sorma, nazənin Xavər, Bəni məhv etdi iztirabü kədər. (Onu qolları arasına alır.) Sən, əvət, sən də olmasan, heyhat! Bəni bir gün boğar şu qanlı həyat. Ah, o gözlər bilirmisin nə diyor? X a v ə r Nə diyor, söylə... A r i f Ruhu cəzb ediyor, Söylüyor əski xatiratı bana.(Ətrafa.) Sanki qarşımdadır gözəl Rəna. …Bu sırada İxtiyar ilə bərabər, İbn Yəmin, Rəna, zənci çavuş və bir əskər, əlində ufaq bir çanta daxil olurlar. A r i f (diqqət və heyrətlə ətrafa) Ah, o, Rəna, nazənin afət! X a v ə r Yenə bir şeymi oldu, Arif? A r i f Əvət. (Rənayə yaqlaşaraq) Söylə, Rənamı isminiz? R ə n a (Arifin əlini sıqar, heyrət və sevinclə) Arif! İ b n Y ə m i n (Arifi, süzər, ətrafa) Bizə bir əngəl olmasın şu hərif?! A r i f Bu gəliş, əfv edərsiniz, nerədən? İ b n Y ə m i n (məğrur və laübali) Səhneyi-hərbdən, mücadilədən. A r i f (acı təbəssümlə) Bir fəzilətsə öldürüb-ölmək, Canavar bizdən əşrəf olsa gərək. … İ x t i y a r (onun qolundan tutaraq) Arif, oğlum, bıraq münaqişəyi, Gəl, işim var səninlə... … İ b n Y ə m i n (dışarıda pəncərə önündə, çavuşa) Pək düşündün, nə var? Ç a v u ş Bəyim, hər şey, Bir bəla iştə gördüyün Arif, Çünki Rənayə pək yaqın şu hərif. Daha müdhiş bəla bizim əskər, Qorqarım, cümlə sirri faş eylər. Bizi görmüş də çünki Rənanın Babasın qətl edən zaman, xain! Arif sağ tərəfdən daxil olur, onları dinlər. İ b n Y ə m i n (qafasını oynataraq istehzalı təbəssümlə) Bir böyük ordu, bir yığın insan, Bənim uğrumda oldu həp qurban. Keyfə sərf eylədim də milyonlar, Yenə devlətcə etibarım var. Bən kimim, bir ərəb... nə zənn etdin? Bir çocuqdanmı qorqar İbn Yəmin? (Gedərlər.) İşıq azalır, ağsaqallı, möhtəşəm simalı bir miralay xəyalı görünür. R ə n a (şaşqın və həyəcanlı) Ah, babam, bir də anlı-şanlı babam! İntiqam almadan, inan, yaşamam. B a b a s ı n ı n x ə y a l ı (mühib və ağır bir ahənglə) İntiqam! İntiqam!.. (çəkilir.) A r i f Aman, bu nə hal! ? R ə n a Babamın kim bulursa qatilini, Ona bən səcdə eylərim ələni. Bəni çöllərdə gəzdirən duyğu, İntiqam eşqi... həp bu, yalnız bu. A r i f Görünür, sizcə, bəllidir qatil? R ə n a Xayır, əsla bilinmiyor o səfil, Diyor İbn Yəmin: “İnan bana sən, Bulurum nerdə olsa qatili bən”. A r i f Bəncə, bir hiylədir bu, dinləmiyin. … Bu sırada Vasiflə arqadaşı küçük zabit, silahsız olaraq, yaralı bir rus zabiti gətirirlər A r i f (Vasiflə küçük zabitə) Ah, nə munis, nə mərhəmətlisiniz; Nerdə rast gəldiniz şu zabitə siz? V a s i f Pək yaqınlarda, yol kənarində, Baqdıq, əhvalı xeyli pəjmürdə. K ü ç ü k z a b i t Bir əsir iştə, düşman olsa belə, Yenə lazım müavinət edilə. ... K ü ç ü k z a b i t Türk ordusu ətrafə bu gün həmlə edərkən, İranə və ya Qafqaza imdadə gedərkən, Rus ordusu durmaz, çəkilirkən önümüzdən, Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən Feyz almayaraq biz olalım qəflətə mail, Satmaz, satamaz milləti şəxsiyyətə aqil. V a s i f (ani bir düşüncədən sonra kəskin və şiddətli) Turana qılıcdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... Bu sırada səhnənin işığı azalır İKİNCİ PƏRDƏ Ərəb zevqinə uyğun süslü bir salon... İblis xidmətçi ərəb qiyafətində ötəyi-bəriyi düzəltir. Bu sırada Arif sağ qapıdan girər. Rənanın qapıyı qapayıb getdiyini görüncə büsbütün şaşırır. ... İ b l i s Söylə, dərdin nədir, aydın söylə! A r i f Mərhəmət qıl da, aman, lütf eylə, Söylə Rənayə ki, Arif gəlmiş. İ b l i s Anladım dərdini, lakin bu, zor iş... Ona nail olur ancaq onlar Ki, avuclar dolusu altını var. A r i f Bəndə yoq altın, əzizim, zira Uymamış sərvətə könlüm əsla. İ b l i s (yarımqəhqəhə ilə) Altının yoqsa, silahın var ya, Bəni öldür də, qavuş sonra ona. Nəyə daldın, niçin oldun məyus? A r i f Çünki yoq bir şeyim, əfsus, əfsus! İ b l i s Bir şeyin yoqsa da, könlün var ya, Bana ver könlünü... A r i f (masa üzərindəki şərab qədəhini yaqalar) Ah, aman! Bir içim olsun, bana su! İ b l i s (sürahiyi alıb qədəhi raqı ilə doldurur) Al, iç! A r i f (yarıya qədər içər. Yüz-gözünü bürüşdürür) Eyvah, nə dəhşət, yahu! Su deyil, səmli bir atəşdir bu. İ b l i s (başqa bir şüşədən böyük bir qədəh dolusu şərab verir) Bu, fəqət tatlıdır, al iç! Rəna əlində bir qaç parça kağız daxil olur. İ b l i s Şu kağızlar nə içindir, yavrum? R ə n a Onu bunlar edəcəkdir məhkum. A r i f Əcəba, kimdir o xain, miskin? R ə n a Səncə, pək bəlli hərif: İbn Yəmin. A r i f Bana ver, şimdi o azğın canavar, Bulur, əlbəttə, cəza, qurtulamaz. (Kağızları alır, sürətli adımlarla gəldiyi qapıdan çıqar.) İ b n Y ə m i n (daxil olur, Rənayə) Get, gülüm, sonra məhəbbət edəriz. (Ariflə bərabər əlisilahlı iki kanun nəfəri daxil olur. Arif İbn Yəmini göstərir.) Tam kəndisi, iştə! Ah, qəddar! İ b n Y ə m i n Lakin çəkilirmi bu həqarət?(Silah çəkmək istər.) A r i f Bəllidir etdiyin xəyanət.(İbn Yəmini alıb götürürlər.) A r i f Xain yaqalandı, ən nihayət. İ b l i s (yarımqəhqəhə ilə) Eşq olsun, əvət, böyük məharət! A r i f Rəna hanı? Söylə gəlsin! İ b l i s Əfsus, Bir zabitə uydu getdi... A r i f (sözünü kəsərək) Bildim, yetişir, o bəlli bir yol. (Dərhal dışarı fırlar.) İ b l i s Get, durma! (istehzalı qəhqəhə) Fəqət, yazıq! Əmin ol, Bəklər səni bir yığın cinayət, İzlər səni bir yığın fəlakət. (Qəhqəhə...) ÜÇÜNCÜ PƏRDƏ Səhnə ilk pərdədə olduğu kibi ixtiyar şeyxin çardağını – qülbəsini göstərir. Şeyx dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş... Son bahar, öylə, sisli hava... Arif fəssiz olaraq gəlir, Xavər ona doğru qoşar, yaqlaşdığı sırada birdənbirə küskün və şaşqın bir tevr ilə ürküb geri çəkilir. A r i f Xavər, bana baq, zavallı Xavər! Bir söylə, nədir bu hali-müztər? X a v ə r Qoşdum sana sevdiyimdən, amma Baqdım ki, sevilməyənlər əsla Layiq deyil olmağa həmağuş, Ürkdüm də, çəkildim iştə mədhuş. A r i f Dur, qəlbimi bir də yaqma artıq, Arif fəqət intiharə layiq... Bəndən babana səlam edərsin, “Gəlmişdi də, şimdi getdi” dersin. (Gedəcək olur.) X a v ə r (bir az yaqlaşır) Yoq, getmə, babam gəlir bu saət, Dur bir verəyim xəbər...(Gedər.) A r i f (cibindən yarıdolu bir raqı şişəsi çıqarır) Of! Qəmlərimə təsəlli ol sən, Hər dərdi unutmaq istərim bən. Son damlasına qədər içib şişəyi bir tərəfə atar. Ətrafı süzdükdə gözünə ilişən tabançayı yerdən alır, qurşunlarına diqqət edər. A r i f (səndələyərək) Gəldinmi? X a v ə r Sərxoşmu, nəsin? Gəl, iştə əvvəl! Məhv et bəni, olmayım da əngəl. A r i f (vəhşi bir hücumla boğazından yaqalayıb boğar, İblisdə alçaq və məmnun bir qəhqəhə...) Al!.. İştə... budur cavabın ancaq... Xavər iztirab və dəhşətlər içində əbədi bir şükutə varır. İ x t i y a r (gəlir, Xavərin cənazəsini görüncə) Ah, o nə, eyvah, nə olmuş ona? … (Məyus və şaşqın baqışlarla cənazəyə yaqlaşır, qollarını köksündə çapraz edər, titrək və acı bir fəryad ilə.) Söylə, aman, söylə, mələk Xavərim! Kim?.. Sana kim qıydı, aman, söylə, kim? (Qucaqlayıb öpər. Cənazəyə acı fəryad ilə.) Yavrum! Aman, nazlı, mələk Xavərim... Pərdə DÖRDÜNCÜ PƏRDƏ (Ormanda bir cığır... Ariflə Rəna gəlir. Kənarda ıslıq çalınır, bir qurşun atılır). R ə n a (diksinir, təlaş ilə) Qurşun səsi!.. A r i f (laübali qəhqəhə ilə cibindən bir revolver çıqarır) Hiç qorqma, yanımda həm silah var, Həm altın... Əvət, nasıl da parlar!.. Bir avuc altın çıqarır, əlində oynatıb cibinə qoyar. Haydutlar arqa tərəfdə, ağaclar arasında görünür. Heyrətlə onları dinlərlər. R ə n a Nerdən sana anlamam şu sərvət? A r i f (məğrur qəhqəhə ilə) Bir arqadaşımdan oldu qismət, Pəncəmdə həlak olub boğuldu, Sərraf idi, həm də xeyli zəngin... Kənardan İblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. R ə n a Sus, bir ləkədir bu söz səninçin; Beş altına qarşı bunca vəhşət!? Haydutlar ortaya fırlar. B i r i n c i h a y d u t (tüfənglə nişan alır) Altınları ver!.. İ k i n c i h a y d u t (xəncərini Arifin köksünə dayar) Ver həpsini! (Bu sırada vüqarlı, müsəlləh, zabitqılıqlı, qalınbıyıqlı, gur, qarasaqallı, zində və mühib simalı Elxan ağaclar arasından çıqar. Ətrafda iki qurşun atılır, Elxan haydutlara) Durmayın, haydı, bir baqın da nə var, Bəkçilər zərrə qəflət eyləməsin. Ələ bir av keçərsə, siz gətirin. Bana baq, kim dökərsə haqsız qan,(kəndinə işarətlə) Ən ağır bir cəza verir Elxan. Bu sırada gedən haydutlar iki-üç çingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. Elxan onu görüncə tanır. (İbn Yəminə) Söylə, kimsin? Adın nə? İ b n Y ə m i n ... İbn Yəmin. E l x a n (Ariflə Rənayə yarımqəhqəhə ilə) Bəni asdırmaq istəyən şu ləin! İştə bir av ki, izlər avçısını. İ b n Y ə m i n (diz çökər) Aman, əfv et! Qüsurluyum, Elxan! (İblis ağaclar arasından çıqar). E l x a n Yahu, səni kim bıraqdı?.. İ b l i s (məğrur bir tevr ilə əlini köksünə qoyaraq) Kəndim! A r i f (Elxana) Bir mürşid o, sahibi-kəramət. (İblisin əlini öpər) Xoş gəldin, aman, nə mutlu saət!.. E l x a n Kimsin, əcəba, səndə ki var böylə məharət? İ b l i s Bən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət, Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah, Dünyadə əgər varsa rəqibim, o da: Allah!..(qəhqəhə) …Bən Şərqdə abid olurum, Qərbdə rahib. Bir qazi olub, gah edərim fitnələr icad, Bəzən olurum bir çoban, azadə bir insan, Bəzən olurum zülmü fəsad aşiqi sultan. Bu halda İxtiyar – Xavərin babası – başıaçıq olaraq pərişanhal və məcnunanə bir qiyafətdə ağacların arasından çıqar. İ x t i y a r (həyəcanlı və çılğınca bir fəryad ilə) Ah, Xavər! Sana kim qıydı, gülüm! Bən dururkən sana layiqmi ölüm? Onlar, eyvah, o səfil insanlar, Qəlbi, vicdanı sönük qaplanlar!.. E l x a n (sözünü kəsərək) Söylə, aç söylə, bilinsin dərdin, O sönük qəlbi isındırmaq için, Nə dilərsin yaparım, etmə kədər... İ x t i y a r (müztərib) Bana imdad edin, eyvah, imdad! Əmr edin, şimdi bulunsun cəllad! X a v ə r i n x ə y a l ı (görünür və çəkilib gedər) İntiqam!.. İ x t i y a r İştə o, dilbər mələyim! Getmə, dur, bən də bərabər gələyim. Çılğınca qəhqəhələrlə onu izlər. İslıq səsi eşidilir. Vasif və İbn Yəminin çavuşu iki nəfər başqa haydutla gəlir. V a s i f (Rənayə) Şu zalım xunxar, Babanın qatili olmuş... E l x a n (növbətçiyə) Al bunu, söylətmə daha! (İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur.) E l x a n Hazır ol! Bir, iki, üç... (Nişançılar ortada sıraya duranları yaylım atəşilə qurşuna düzərlər.) H ə p s i Ah, eyvah!.. E l x a n (Vasifə, İbn Yəminin cənazəsini göstərir) Bana baq, izləməsəydin də dəmin, Ələ keçməzdi, inan, İbn Yəmin. Xeyli məmnunim, əzizim, səndən, Söylə, yavrum, nə dilərsin bəndən? İ b l i s (Rənayı göstərir) O gözəl afətə məftun şu çocuq. R ə n a (Arifə) Sən bənim əski pərəstişkarım, (Vasifi göstərir.) Bu isə ən yeni bir dildarım; Haqqı, əfsus, edəməm bən inkar, Çünki Tanrımla bənim əhdim var, Bulsa hər kim babamın qatilini, Bil ki, məmnun edər ancaq o bəni. A r i f (Rənayə) Nə demək!.. Sən bu çürük lafı bıraq! Yoq, bu, mümkün deyil əsla, bana baq! Bir düşün, əldə dururkən şu silah, Böylə təhqirə dayanmam... ...A r i f (ətrafa, təhəssür ilə) Ah, bir Vasifi görsəm... əfsus!.. (Həyəcanlı və müztərib.) Qardaşım, sevgili Vasif, bana gəl! Səni görsəm, bəni qorqutmaz əcəl. V a s i f (ətrafa) Ah, fəqət, Qardaşım Arifə qaldım həsrət. (Yaralı bir ahənglə.) Nerdəsin? Gəl bana, Arif!.. Əlan Kim bilir, bəlkə, əcəl verməz aman. İ b l i s Hazır ol! Bir, iki, üç... (Silahlar açılır.) V a s i f (düşər) Ah!.. R ə n a Vasif! Eyvah!.. (Cənazə üzərinə qapanıb ağlar.) A r i f (şaşqın) Nasıl? Vasifmi?! İ b l i s (acı qəhqəhə ilə) Öylə ya, Vasif!.. O Vasif ki, səni Eşqi yıllarca əsir etmişdi, Sana qurban oluyor, baq, şimdi. A r i f (şaşırır, Vasifə yaqlaşır, dəlicəsinə tədqiq edər, son dərəcə həyəcanlı) Qardaşım, ah, o əvət!.. (Qucaqlar.) Vasif! Oyan, Ah, visalın nə yaman oldu, aman! Şu vidain daha müdhiş... Vasif! Dur, bərabər gedəlim... (Əlindəki silah ilə intihar etmək istər.) R ə n a (mane olur. Of, Arif! (Biixtiyar silah Arifin əlindən düşər, Vasifə baqıb qorqar, geri çəkilir. İblisi sərsəmcə baqışlarla süzüb durur). Ü m u m (coşqun, İblisə) Sənsin bu cinayətlərə bais. Qəhr olmalı, məhv olmalı İblis! Hər tərəfdən hücum etmək istərlər. İ b l i s (gah istehzalı və məğrur, gah çılğın və qorqunc qəhqəhələrlə) Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar, Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, Altın və qadın düşkünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasilər, o hər an Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə nə hacət?! İblis nədir? – Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? – İblis!.. (Şiddətli və sürəkli qəhqəhələr içində yerin dibinə çəkilir, Arif əlilə saçlarını yaqalar və məcnunanə bir tevr ilə baqıb durur. Ətrafdakılarda da eyni şaşqınlıq dəvam edər.
  • H.Cavidin yaradıcılığında “İblis” (1918) faciəsinin xüsusi yeri vardır. Görkəmli ədib bu əsərində, ilk növbədə, müharibələrin səbəblərini aydınlaşdırmağa çalışmış, insanlara ölüm, fəlakət gətirən ədalətsiz müharibələrin törətdiyi faciələri əks etdirmişdir. Mələyin müharibələrin səbəbini bəşəriyyətin İblisə uymasında, İblisin isə insanın özündə, onun mənəviyyatındakı nöqsanlarda görməsi əsərə fəlsəfi mahiyyət gətirir. Cavid bu ikili münasibəti müxtəlif xarakterli insanların və hadisələrin fonunda əsər boyu izləmiş, nəfsin, altun, qurşun hərisliyinin yaratdığı dəhşətli məqamları təsvir etməklə müharibələrə nifrət hissi aşılamışdır. Araşdırma əsərin mövzusu barədə dolğun cavabın hazırlanmasına imkan yaradacaqdır. Faciənin qəhrəmanıArif ilk səhnədə həqiqət axtarışına çıxan, həyatı dərk etməyə çalışan, mənəvi saflığını qorumağa can atan bir gənc kimi diqqəti cəlb edir. Haqq-ədalət axtarışları Arifi kamil insana çevirmir. Arif altun və qurşun sınağından çıxa bilmir, mənəviyyatındakı qüsurlar onu cinayətə sövq edir. Əsərdə diqqəti daha çox cəlb edən İblis mifik obrazdır. İnsanların iradəsizliyi, öz mənfi ehtiraslarının əsirinə çevrilməsi İblisi sevindirir. İblis onu şər əməllər törətməkdə günahlandıran, bütün bəlaların səbəbkarı sayan insanlarla razılaşmır, əsl təqsirkarın insanın özü olduğunu söyləyir. Əsərdəki İxtiyar Şeyx, Rəna, Elxan və başqaları fəlakətləri fərqli şəkildə yaşasalar da, onların hamısı müharibələrin insanlara böyük məhrumiyyətlər gətirdiyi qənaətindədir. “İblis”də real müharibə səhnələri, gerçək döyüş vəziyyətləri yoxdur. Müharibənin ən böyük şər kimi təqdim olunduğu faciədə orduların deyil, insanların qarşılaşmasının diqqət mərkəzinə çəkilməsi ibrətamizdir. H.Cavid qanlı döyüşlərdə iştirak edən, böyük fəlakətlərin şahidi və iştirakçısı olan insanların taleyi timsalında müharibəyə münasibəti ön plana çıxarmışdır. Əsərdə qa dırılan problemlər ənətkarın yaşadığı dövrdə baş verən faciəli hadisələrin əks-sədasıdır. Faciədə konfliktin mənəvi aləmin müxtəlif qütbləri arasındakı ziddiyyətlər əsasında qurulması fikrin, mənanın qüvvətli və emosional ifadəsinə xidmət edir. “İblis” müharibələrin əsl mahiyyətini açıb göstərən və müharibə əleyhinə yazılmış faciədir. Dramaturq hərbə uymuş insanlığın faciəsini göstərməklə bəşəriyyəti bu dəhşətli bəladan xilas olmağa səsləyir. “İblis” faciəsi bənzərsiz bədii sənətkarlıq xüsusiyyətlərinə malikdir. Ondakı monoloq və dialoqların dramaturqun romantik-fəlsəfi üslubunda özünəməxsus yeri var. Əsərdəki orijinal bədii təsvir və ifadə vasitələri, aforizmlər, poetik-fəlsəfi ümumiləşdirmələr obrazların xarakterini açmaqla yanaşı, fikrin hikmət tutumunu artırmışdır. Faciədə lirik ünsürlərdən geniş istifadə olunmuşdur.
  • MÜHAZİRƏ 5.
  • ƏHMƏD CAVADIN HƏYAT VƏ YARADICILIĞI.VƏ ‘’SƏSLİ QIZ’’ ƏSƏRİNİN MƏZMUNU VƏ TƏHLİLİ ÜZRƏRİNDƏ İŞ.
  • Əhməd Məhəmməd oğlu Cavadzadə (Əhməd Cavad) Şəmkir mahalında, tanınmış ruhani ailəsində dünyaya göz açmışdır. Atasını tez itirsə də, ailə onun mükəmməl təhsil almasının qayğısına qalmışdır. Üç ilə qədər mollaxanada oxuyan Əhməd 1906–1912-ci illərdə Gəncə müsəlman ruhani seminariyasında təhsil almışdır. O, burada fars, ərəb, rus dillərini öyrənmiş, ilk şeirlərini yazmış, həmin illərdə mətbuatda çıxış etmişdir. Elmə, təhsilə ciddi münasibəti, təmkini, nəcib davranışı ilə seçilən Əhmədin “mədrəsə şeirləri” (seminariya bu adla da tanınırdı) onun sənətdə ilk addımları idi. İnadlı axtarışlar bəhrəsini verirdi; ərəb-fars sözlərinin çox işləndiyi, ənənəvi məcazlara geniş yer verilmiş şeirləri zaman keçdikcə durulaşır, onlarda xalq ədəbiyyatının təsiri aydın duyulurdu. Şeir aləmində Əhməd Cavad kimi tanınan gənc müəllim 1913-cü ildən pedaqoji fəaliyyətə başlamışdır. O, fasilələrlə Şəmkir, Gədəbəy, Quba qəzasında və digər bölgələrdə müəllimlik etmişdir. I Dünya müharibəsi dövründə Xeyriyyə Cəmiyyətinin nümayəndəsi kimi müxtəlif cəbhə bölgələrinə getməsi pedaqoji fəaliyyətində fasiləyə səbəb olmuşdur. Müharibədən zərər çəkmiş, ehtiyac içində olan insanlara yardım olunmasını təşkil edən Ə.Cavad müşahidə etdikləri ilə bağlı mətbuatda onlarla məqalə dərc etdirmişdir. Şairin 1916-cı ildə çap olunan “Qoşma” adlı ilk kitabında toplanan şeirlər mövzuca fərqli olsa da, onlarda ictimai motiv, “Əhməd Cavad kədəri” güclüdür. Vətənin “məzarlıq aləminə dönməsi”nə etiraz (“Quşlara”), vətən yolunda fədakar olmağa çağırış (“Qafqazlısan, sev Qafqazı!”), dilimizin saflığının qorunması (“Dilimiz”), xalqı qəflətdə saxlayan yalançı axundların tənqidi (“Ey axund...”) kimi məsələlərə kitabda geniş yer verilmişdir. Əhməd Cavadı “cümhuriyyət nəğməkarı” adlandıranlar səhv etmirlər. Hələ 1912-ci ildə “Qafqaz könüllüləri” tərkibində İstanbula – türk qardaşlarımıza köməyə gedən şair üçün vətənin azadlığından, müstəqilliyindən uca heç nə yox idi. Cümhuriyyət dövründə qələmə aldığı əsərlərin əksəriyyəti müstəqil ölkənin tərənnümünə həsr edilmişdir. Bu əsərlərin çoxunun toplandığı “Dalğa” (1919) kitabı böyük maraqla qarşılandı. “Azərbaycan bayrağına”, “Al bayraq”, “Can Azərbaycan”, “ Qardaş” və s. dildən-dilə düşərək qısa bir zamanda bütün ölkəyə yayıldı. Dövlət himninin mətnini yazan Ə.Cavad müstəqilliyə qovuşmuş vətənimizi tərənnüm etməkdən, sevincini dilə gətirməkdən usanmırdı:
  • Torpağına can demişəm
  • Suyuna mərcan demişəm,
  • Canımı qurban demişəm.
  • Gəlib qızıl vaxtın sənin,
  • Açılıbdır baxtın sənin!
  • Şairin doğma vətəninə, onun bənzərsiz təbii gözəlliklərinə, saf məhəbbətin tərənnümünə həsr etdiyi şeirləri oxuculara sevdirən cəhətlər çoxdur. Dilinin yüksək səviyyədə aydın olması, canlı danışıq dili ilə yaxından səsləşməsi, təbii, səmimi hislərin böyük ustalıqla ifadə edilməsi bu əsərlərin hamısı üçün səciyyəvidir:
  • Mən hey göyə baxdım, göy mənə baxdı,
  • Yollara baxmaqdan gözlərim axdı.
  • Şimşək oldu, ancaq bir kərə çaxdı,
  • Baxdı qurbanına qurban olduğum.
  • Azərbaycan Xalq Cümhuriyyətinin süqutu şairi sarsıtmış, yaradıcılığına əhəmiyyətli təsir etmişdir. O, ömrünün sonuna kimi ölkəsinin əsir vəziyyətini gah açıq şəkildə, gah da rəmzlərlə, mətnaltı mənalarla ifadə etməkdən çəkinmədi. Bu illər ərzində onun “könül rübabı” kədərə bürünür, nisgil dolu misraların əks olunduğu şeirlərinin (“Nə yazım?”, “Unudulmuş sevda”, “Olsun qoy” və s.) sayı çoxalır... O, pedaqoji fəaliyyətə qayıdır, bir müddət (1920-ci ilin oktyabrından 1922-ci ilin yayına kimi) Qusarın Xuluq kəndində müəllim işləyir. 1922–1926-cı illərdə Pedaqoji İnstitutda təhsil alan Ə.Cavad burada oxuduğu müddətdə müxtəlif sahələrdə (texnikumda müəllim, jurnalda məsul katib) çalışır. 1930–1935-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda işləyən şair 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir, 1935-ci ildə isə “Azərnəşr”in bədii şöbəsində redaktor vəzifəsində fəaliyyətə başlayır. O, əvvəllər də məşğul olduğu tərcüməçilik fəaliyyətini genişləndirir, müxtəlif xalqların ədəbiyyatından (V.Şekspirin “Otello”, A.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Rablenin “Qarqantua və Pantaqruel” və s.) uğurlu tərcümələr edir. Ə.Cavad 1920-ci illərin ortalarından başlayaraq xüsusi orqanların təqiblərinə məruz qalır. Sovet rejimi, qırmızı terror “cümhuriyyət şairi”ni, “köhnə müsavatçı”nı, türk xalqlarının birliyini, əlbir olmasını təbliğ edən nüfuzlu şəxsi bağışlaya bilməzdi. Qələm “dostları” onun hər şeirində, misrasında yeni quruluşun əleyhinə işarələr axtarır, sayı bilinməyən müzakirələr keçirir, böhtan, ittiham dolu yazılar çap etdirirlər. “Sosializm quruculuğunu tərənnüm edən” əsərlər yazmamaqda günahlandırılan şairin bu məzmunda qələmə aldıqları da (“Pambıq dastanı”, “Kür” və s.) kəskin tənqid edilir, ona bəslənilən düşmən münasibət dəyişmir. 1920-ci illərdə müxtəlif bəhanələrlə bir neçə dəfə həbs edilən şair 1937-ci ilin iyun ayında həbsxanaya atılır, kiçikrütbəli rus və erməni zabitləri tərəfindən dəhşətli işgəncələrə məruz qalır. Vətənini, millətini sonsuz məhəbbətlə sevən şair həmin ilin oktyabr ayında “xalq düşməni” kimi məhv edildi. Onun həyat yoldaşı Şükriyyə xanım sürgün edildi, kiçikyaşlı övladlarını bir-birindən ayırıb müxtəlif uşaq evlərinə göndərdilər. Adının çəkilməsi, əsərlərinin oxunması və saxlanılması vətənində yasaq edilən Ə.Cavada Türkiyə sahib çıxdı; əsərləri çap edildi, yaradıcılığı ilə bağlı tədqiqat aparıldı, şeirləri dildən-dilə gəzdi. Məşhur “Çırpınırdı Qara dəniz” şeiri Türkiyədə bu gün də milli marş kimi səsləndirilir və sevilir.
  •   ‘’SƏSLİ QIZ’’
  • Oxudum tarixlərdə: Qan içən bir hökmdar Bir ölkəni amansız Eyləmişdir tarimar. Altı aydan çox sürən Qanlı bir mühasirə, Tutulmuşdu çox acı Basqına birdən-birə: Yüz minlərlə atılan Can yağısı oxları Dişlərilə çeynəyib, Sərilmişdi çoxları. Doğranmış əllərində Qırıq qılınc qəbzəsi, Boğulmuşdu köysündə İgidlərin son səsi. Yurdunu verməyənlər Doğranmışdı xınchaxınc. Tökülmüşdü yerlərə Dağ kimi qalxan, qılınc. O yanda qanlı gövdə, Bu yanda gövdəsiz baş... Yüz minlərlə qız-qadın Dağılmışdı düzlərə. Ölüm rəngi çökmüşdü Saralan üz-gözlərə, Cənnət kimi bir ölkə Məzarlığa dönmüşdü. Bir çox evlər yıxılıb, Xanimanlar sönmüşdü. İşlənməmiş qalmadı Bir cinayət, bir günah. Əzmişdi insanlığı Ordusuyla padişah. Haqsızlıq oldu qanun, Yıxıldı xanimanlar... Əsgərsiz komandalar Qırıb atdı yayını. Fələk döndərdi zəhrə Bu ölkənin payını. Gülmək zatən yox idi, Ağlamaq oldu yasaq. Zavallı məğlub ölkə Sənə nə hüquq, nə haqq!.. Ertəsi gün çox erkən Yuyuldu qaldırımlar. Haqqı yoxdu kimsənin Söz deyib, dərd açmaya. Qan içən padişaha Hazırlandı istiqbal: Şallaqla güldürüldü Hıçqırıqlı bir diyar. Yuyuldu divarlara Sıçramış qan ləkəsi. Vay səsi susduruldu, Əmr edildi toy səsi. Bəzənib çıxmalıydı Gələnlər ağlaşmaya. Döndü, oldu qəhqəhə Qan qusan hıçqırıqlar. Çiçək səpəcək oldu Bütün qəlbiqırıqlar. – Çıxmalısan qarşıya İstəyir öl, istər qal!.. Elə bil olmamışdı Dünənki keşməkeş də. Çıxdı güləş üzüylə O bəxtəvər günəş də... Bütün şəhər silkinib... Əsər qoymadı pasdan, Dünənki matəm hanı? Doğrudan, çıxdı yasdan. Düşmən şahın gəlişi Qanuni bayram oldu. Bir çox dərdli ürəklər Qanlı sevinclə doldu. Qəribədir bu insan; Al əlindən canını, İstəyirsən ovucla Hortlat axan qanını, Qoparıb əz qəlbini, Əylən çırpınmasilə, Sürüklənsin yerlərdə Beyninin bağasilə, Heç baxma istəyirsən, Saflığa, günaha əs, Bir yırtıcı cəllad ol, Doğra parça-parça, kəs, Qadınsa, tut, boğ onun Qan qusan fəryadını, Qoy çıxarsın yadından Sevdiyinin adını; Qızsa, atın döşündə Ləhlət gün qızmarında. Gəlinsə, hərraca qoy Əsirlər bazarında. Sonra çəkil uzaqdan Məğrur baxışla bir bax! Görəcəksən ölənlər Baldırında bağırsaq: Sənin qanlı əlində Bitməz qüvvət var deyə, Hazırdır bağışlayıb Dadsız-dadsız gülməyə... Hazırlandı baş keşiş, Meçid həyətində də Eyni ilə canlandı iş: Danışdı şişman xoca Üç saatdan yuxarı, Hazır qıldı beyətə Mömin müsəlmanları. Xaçilə keşiş çıxdı Müshəfilə şeyxana; Çıxdılar istiqbala Xaçla məshəf yan-yana... Qarnı tox tacirbaşı Dingildəyib gedirdi Şeyxlərlə yanaşı. İnsan əlindən yerə Düşməzdi iynə atsan, Yalnız küçələr deyil, Evlər gətirdi insan. Dırmaşmışdı uşaqlar Mazqallı divarlara. Boylanıb dururlardı Ürkək, zəif, avara!.. Dam üstündə qızların Solğun dodaqlarında, Boylanan gəlinlərin İslaq yanaqlarında Solan hüznün yerində İndi vardır bir maraq. Nə çiçəklər yetirir Bu qan qoxulu torpaq! Sayılırkən əvvəldən Bir ölkənin pənahı, Qarışmışdı xalqına Ölkənin məğlub şahı. Şahın bu gün ağır daş Asılmışdı boynundan, Çıxmayırdı əlləri Xələtinin qoynundan. Keçən gündə edərkən Allahlıq iddiası, İndi bu son cəlala Kəsildi, durdu asi. Gir yerə, ey padişah! Sənin bu boş başından Nələr çəkdi məmləkət Bir soruş göz yaşından. Açıldı bayraqlar, çalındı boru, Fələk görməmişdi bu vurhavuru. Toz ərşə dayandı, göy dumanlandı, Torpaq şaxa qalxdı, toz da canlandı. Qıvrıla-qıvrıla boz bir əjdaha Gəlirdi salama büzülmüş şaha... Qaçdı məğlub şahın bəti-bənizi, Coşdu, dalğalandı insan dənizi. İstidən bayıla, tərdən boğula Birdən bütün başlar çevrildi yola, Gözlər qıyılaraq qaşlar çatıldı, Qələnin bürcündən toplar atıldı. Nədənsə, qatilləri Boğmayırmış göz yaşı... Gəldi uğursuz xan, Əyildi xalqın başı; Baxaraq azğın-azğın Qan daman gözlərilə Ürəkdən məğlub şahın Əyləndi sözlərilə. Qalxdı başlar səcdədən, Başladı çirkin hesab: Dodaqlar üzəngidə, Öpüldü çaxçur, corab. Simur kürkün ətəyi Öpüldükcə marçamarç Ayini-təqdis etdi Məshəb ilə qızıl xaç... Ağsaqqallı bir qoca Bir ehtişam əsiri, Uğursuz hökmdarın Beş tuğlu baş vəziri Yetirdi məğlub şaha Buyruğunu xaqanın: “Malın, mülkün bizimdir, Amanda ancaq canın. Qarşı çıxdın xaqana, Tutmadı, söndü baxtın, Qılınc çaldıq, qazandıq, Bizimdir tac və taxtın”. “Yaşasın” bağırtısı Qopunca hər bir yandan Hərəkət əmri verdi Lələkli baş komandan... Beləcə əski parça Bir çırtmayla atıldı; Bütün bu ölkə xalqı Çox ucuza satıldı... Yoxsullar boğularkən Bu qanlı, yaslı vayda, Xaqan dalmışdı eyşə Bağlardakı sarayda. Mərmər sütunlu qəsrin Sarmaşıqlı eyvanı Çıraqlarla bəzənmiş, Nurladırdı hər yanı. Çiçəkli köşkü axşam Bəzətmişdi əski şah. Xaqan demişdi: “İndi Kef etməmək bir günah. Mənim sadiq vəzirim, Gəl, gəl, baxaq hesaba; Vəzirimin saqqalı Boyansın bir şəraba! .. Göstərdilər xaqana Kəsmə telli bir qızı, Dedilər ki, “ bu Sara – Ölkəmizin ulduzu”. Fərqi yox, qoy süzülsün, Baxsın belə dərindən, Nə anlar sərxoş baxış Saranın gözlərindən! Kim ki Saranı gördü, Çəkdi xeyli yanıq ah. Bir şey qanmadı ondan O qəlbi kor padişah... Parlayan aləmləri Anlarmı qan içənlər?! Nə bilir çiçək nədir, Kor gəlib, kor keçənlər?!. “Oxusun!” – əmri çıxdı. Sara coşdu bir daha. Can verən sərxoş gecə Ölürkən yorğun, əzgin, Coşdu qızın səsində Ölkədə qaynayan kin. Boş yerə bir ölkənin Haqsızca axan qanı Saranın dodağında Canlandı, oldu mahnı: Şərqi Mən ki səndən doymamışdım, Quş qonmağa qoymamışdım, Bir almanı soymamışdım, Kim sənə kəc baxdı, dağlar?!. Darğınam mən belə baxta, Ürəyim qan laxta-laxta. Bax ki kimlər çıxdı taxta, Küsdü kimin baxtı, bağlar! Çıxmamış gün, atmamış dan, Qanlı bir toz qalxdı yoldan. Qoç igidlər oldu qoldan, Qanlı kəfən taxdı, bağlar! .. Sara susunca, xaqan Xırlayıb bağırdı: “Hey, Mən Saranın əlindən İstərəm bir qədəh mey!..” Bir oxla ayrılmışdı Sara nişanlısından. Düşündü: “İntiqam al Gəl onun qanlısından”. Arqunu görməmişdi Son nəfəsdə gülərkən. İndi görmək istədi Cəlladını ölərkən. Fırlatdı bir qəhqəhə, Çılğınca qalxdı birdən: “Arqun, sən olmadıqda Yaşayaram necə mən?! Arqun, yetiş, hardasan? Qaldır mənim qolumdan. Qurtarım öz yurdumu Həqarətdən, zülümdən!” ... Sara süzdü bir daha, Əlində gülgün qədəh. Rəqqasələr də qalxıb Başlayınca süzməyə; İti bir hərəkətlə Zəhər qatdı qız meyə. İndi onun halını Gücdür gətirmək dilə; Ürək çırpıntısından Çapqınlandı mey belə. Qadınlıq qorxusundan Yarıldı gülgün dodaq, Yanaşdı titrəyişlə Düşmən şaha bir sayaq; Qansız dodaqlarilə Öpdü şahın əlindən. “Buyursun padişahım!” Zorla çıxdı dilindən: – Sən çoxdan içməliydin Bu gülgün zəhri, ey şah. Şahmarı sağ buraxmaq, Öldürməmək bir günah! ... Şahı ölmüş görəndə Açılan gülgün səhər, Qarışdı məclis bütün, Qaçışdı rəqqasələr. ... Ayaqlandı bütün xalq – Arvad, uşaq, qocalar... Çarpışdı son gücüylə, Düşmən oldu tari-mar Bir qızın hümmətilə... Gözəl qız, həmin ölkə Dustaqdan azad oldu. Sara adı xalq üçün Ən sevimli ad oldu... “Azadlıq” eşidincə Gülümsəmə belə şad; Saranın məmləkəti Köhnə mənada azad. Orda hər şey asılı Qan içən bir kraldan, Sor orda hürriyyəti Baftalı generaldan. Yoxsullar o ölkədə Özgəyə can vermədə. Hürriyyətin barını Tox qarınlar dərmədə. Sən ancaq istibdadın Eşitmişsən adını; Bax, alnımda izi var Görmüşəm mən dadını. Bir bu süzgün baxışla Gün düşən dağlara bax: Mən bu yaşıl dağlardan İllərcə düşdüm iraq! ... O qanlı günlər hara, Bugünkü günlər hara. Gözəl qız, yaxşı vaxtda Başladın gül açmağa; Bu gün sənin yurdunda Nə qul vardır, nə ağa! Sən bu sərbəst göylərin Sərbəstcə ulduzusan. Qayğısız bir ölkənin Qayğı bilməz qızısan. Sərbəstdir alnındakı Qıvrıcıq tellərin də. Sərbəstdir sənin kimi Gün görmüş ellərin də. Elə isə bir də coş, Səsin düşsün dağlara. Sən kimdən çəkinirsən? Qız hara, susmaq hara?
  •  
  •     ƏSƏRİN TƏHLİLİ.
  • Əhməd Cavadın irihəcmli əsərlərindən olan “Səsli qız” poemasında toxunulan məsələlər çoxdur: vətənə məhəbbət, azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması, işğalçılara dərin nifrət və s. əsərin hər səhifəsində diqqəti cəlb edir. Ə.Cavadın bir vətəndaş və şair kimi milli azadlığa böyük önəm verdiyi də məlumdur. Poemaya bir daha müraciət etməklə, mənbələr üzrə işləməklə bu deyilənləri zənginləşdirmək, suallara ətraflı cavab hazırlamaq mümkündür. Əsərdə epik təsvirlərə geniş yer verilsə də, yaddaqalan insan obrazları da yaradılmışdır. Bu obrazların əksəriyyətinin iç dünyası, portreti bir neçə kəlmə ilə ifadə edilmişdir. Bu, eləcə də əsərdəki yığcam təsvirlər obrazlar barədə dolğun təsəvvürün qazanılmasına imkan verir. Oxucunun diqqətini daha çox cəlb edən obraz isə poemanın baş qəhrəmanı olan Saradır. Əsərin ilk səhifələrini baş qəhrəmanın şərəfinə yazılmış mədhiyyə adlandırmaq olar: Sənin səsin, gözəl qız, Səslərin ən gözəli. Eşitmədim belə səs Dünyanı dinləyəli... Əsərin sonrakı səhifələrindən məlum olur ki, bu səsin sahibi Sara həm də vətənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban verməyə hazır olan cəsarətli qızdır. Düşmənə yararlanan yaltaq həmyerliləri onu kef məclisinə gətirir və qalib hökmdara “ölkəmizin ulduzu” adı ilə təqdim edirlər. İşğal olunmuş ölkədə baş verən qırğın, dağıntı bu qeyrətli qızı sarsıtmışdır. Dodaqlarının qanı qaçan, solğunbənizli Sara yas içindədir. Rəqs etməyə məcbur edilən Saraya həm də mahnı oxumaq əmri verilir. Sara oxuyur, onun səsində “ölkədə qaynayan kin”, mahnının sözlərində isə doğma yurda dərin məhəbbət əksini tapır. Saranın qaniçən hökmdarı zəhərləyərək öldürməsi ümumxalq üsyanının başlanmasına, nəticədə ölkənin işğaldan azad edilməsinə səbəb olur. Qalib hökmdar obrazı poemada az görünsə də, oxucu onu qədərincə tanıya bilir. Qanlı əməlləri onun haqqında ətraflı təsəvvür yaradır. İşğal etdiyi ölkənin əhalisini qılıncdan keçirən xaqan yas içində olan yerli adamları ertəsi gün bayram keçirməyə məcbur edir. Poemadakı təsvir və işarələr bu obrazı əhatəli təhlil etməyə, müəllifin ona münasibətini aydınlaşdırmağa imkan verir. Məğlub ölkənin hökmdarı, varlı adamları, din xadimləri barədə poemada deyilənlər onların xarakteri, əməlləri üçün səciyyəvi olanları müəyyənləşdirməyə və qiymətləndirməyə imkan yaradır. Bitkin kompozisiyası, maraqlı süjet xətti olan poema orijinal məcazları, dilinin aydınlığı ilə diqqəti cəlb edir. Səsli qıza – Saraya müraciətlə deyilənlərin əks olunduğu ilk səhifələri poemanın proloqu saymaq olar. Bunun ardınca əsas hadisənin təsviri başlanır. Bir-biri ilə bağlı olan təsvirlər oxucunu sonadək gərgin vəziyyətdə, intizarda saxlayır. Əsərdə obrazlılığın təmin edilməsində məcazların xüsusi rolu vardır. Saranın qeyri-adi səsini “büllur kimi səs”, ölkənin ağır vəziyyətini “qanlı mühasirə”, “hıçqırıqlı diyar” şəklində ifadə edən şair məcazlardan ardıcıl istifadə etməklə əsərin bədiiliyinin birə-beş artmasına nail olmuşdur. Poemada bədiiliyin, obrazlılığın qüvvətlənməsinə əhəmiyyətli təsir edən vasitələrdən biri də sözdən məharətlə istifadə edilməsi, yığcam ifadələr işlətməklə təsvir obyekti barədə zəngin təsəvvürün yaradılmasıdır. Əsəri bir daha nəzərdən keçirməklə, mənbələri araşdırmaqla bütün bu deyilənləri nümunələr əsasında geniş şərh etmək mümkündür. Poema ideya-məzmununa görə zəngindir: vətənin düşmən hücumundan müdafiə edilməsinin vətəndaşın şərəf işi olması; ölkənin müstəqilliyini, xalqın azadlığını heç nə ilə əvəz etməyin mümkün olmaması; “insanlığın əzilməsinin”, insanın qəddarlıqla məhv edilməsinin yolverilməz olması və s. Bu deyilənləri diqqət mərkəzində saxlamaqla mənbələrin araşdırılması, poemanın bir daha nəzərdən keçirilməsi əsərin ideyasının əhatəli şərh edilməsinə imkan verir.
  •  
  • MÜHAZİRƏ 6. 
  • CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATI. MƏMMƏDHÜSEYN ŞƏHRİYARIN HƏYAT VƏ YARADICILIQ YOLU.” TÜRKÜN DİLİ” ƏSƏRİNİN MƏZMUNU VƏ TƏHLİLİ ÜZƏRİNDƏ İŞ.
  • Məhəmmədhüseyn Şəhriyar Təbriz şəhərində tanınmış məhkəmə vəkili Hacı Mirağanın ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı ata-baba yurdunda – Xoşginabda, Heydərbaba dağının ətəklərində keçmişdir. Bu yerlərin sadə, səmimi insanları, təkrarsız təbii gözəllikləri balaca Şəhriyarın yaddaşında silinməz iz buraxmışdır. O, burada ilk dəfə məktəbə getmiş, ibtidai təhsil almışdır. M.Şəhriyar Təbrizə qayıtdıqdan sonra ibtidai və orta təhsilini davam etdirmişdir. Hələ məktəbdə oxuyarkən ilk qələm təcrübələrini yazan Şəhriyarın “Ədəb” adlı dərgidə Behcət təxəllüsü ilə şeirləri çap olunmuşdur. O, təhsilini davam etdirmək üçün Tehrana getmiş, bir müddət darülfünunda oxumuşdur. Klassik Azərbaycan və Şərq ədəbiyyatını ardıcıl mütaliə edən gənc Şəhriyar bədii yaradıcılığa ürəkdən bağlanmışdır. Tibb Universitetində oxuduğu müddətdə (1924–1929) onun üç kitabı çap olunmuşdur. Gənc şairin 1929-cu ildə işıq üzü görən üçüncü kitabı ədəbiyyata parlaq istedad sahibinin gəldiyini təsdiq etdi. Təhsilini başa vurmağa bir neçə ay qalmış Şəhriyar universiteti tərk etmişdir. Sevdiyi qızla bağlı gənc şairə rəqib çıxan arxalı bir adam onu həbs etdirmiş, Tehrandan uzaqlaşması şərti ilə azadlığa buraxdırmışdır. Nişapura getməyə məcbur olan şairin bu illərdə qələmə aldığı əsərlərdə kədər motivi güclüdür:
  • Ya İlahi, qəribəm, eylə kömək,
  • Olmasın kimsə didərgin məni tək!
  •  Dostlarım düşdü uzaq, getdi Vətən!
  • Qaldı bir xəstə ürək, xəstə bədən!
  • Onun “Həzin nalələr”, “Odda yanan pərvanə”, “Dəli Pəri” və s. şeirlərində isə nakam məhəbbətinin üzüntüləri əks olunmuşdur. Altı ilə qədər Xorasan əyalətində sürgün ömrü yaşayan şairin “Nişapurda günəş batarkən”, “Kəmalülmülkün ziyarəti” kimi maraqlı əsərləri meydana çıxır. 1935-ci ildə Tehrana gələn M.Şəhriyar bankda işə düzəlir. Atasının vəfatından sonra böyük bir ailənin qayğısını çəkməli olan şair sıxıntı içində yaşayır. Onda tədricən yaranan ruh düşkünlüyü, mənəvi sarsıntı ağır xəstələnməsinə səbəb olur. Bu xəstəlik uzun sürsə də, ana qayğısı onu yenidən həyata qaytarır. Oğluna qulluq etməyə gələn Kövkəb xanımın doğma el-obadan, xalq ədəbiyyatından təsirli söhbətləri görkəmli sənətkarın həm ruhunu təzələmiş, həm də onu ana dilində yazıb-yaratmağa sövq etmişdir. Şəhriyar bu mərhələdə fars dilində yazdığı kamil şeirlərlə ədəbi mühitdə bir daha parlamış, zəmanəsinin Hafizi adını qazanmışdır. Şəhriyar 1940-cı illərin ortalarından sonra İranda Azərbaycan dilinin fəaliyyət dairəsinin məhdudlaşdırılmasından, milli ayrı-seçkiliyin qüvvətlənməsindən narazı qalmış, mövqeyini açıq bildirmişdir. Bütün bunlar şairə laqeyd, qısqanc münasibətin daha da güclənməsinə səbəb olmuşdur. Lakin şair qələmi yerə qoymamış, bir-birindən maraqlı sənət əsərləri yaratmaqda davam etmişdir. Mövzu dairəsi geniş olan sənətkarın ən təsirli əsərləri Azərbaycan haqqındadır. Onun Azərbaycana həsr olunmuş şeirlərində Vətənin şanlı tarixi və böyük istiqbalı, taleyi və müqəddəratı kamil bədii əksini tapmışdır. Ustadın “Azərbaycan” şeiri otaylı-butaylı Azərbaycanda həmin mövzuda yazılmış şah əsərlərdən biridir: Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan, Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan! ... Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyir, heçdir vətənsiz can, Azərbaycan! Şəhriyar milli-mənəvi düşüncənin bütövlüyünü, qarşılıqlı əlaqələrin yaranması ideyasını da böyük cəsarətlə şeirə gətirmişdir. Bu fikirlər M.Rahimə, S.Rüstəmə və b. ünvanlanmış mənzum məktub və ithaflarda da əksini tapmışdır. Şimal ədəbiyyatındakı Cənub həsrətini Şəhriyarın yaradıcılığındakı o tay harayı, Bakı soraqlı mövzular əvəz etmişdir. Şairin “El bülbülü”, “Döyünmə – söyünmə”, “Qaçaq Nəbi”, “Qafqazlı qardaşlarla görüş”, “Gözüm aydın” şeirləri, ayrı-ayrı sənətkarlara yazdığı mənzum məktublar uzun illər Güney Azərbaycanda Şimali Azərbaycanla əlaqə və ünsiyyətin etibarlı bələdçisi olmaq vəzifəsini yerinə yetirmişdir. Şairin yaradıcılığında sənətkarların birliyi milli-mənəvi birlik ideyasının timsalı kimi mənalandırılmışdır:
  • Bülbül kimi qondu o qızıl güllərə könlüm,
  • Vahidlərə, Qabillərə, Bülbüllərə könlüm.
  • Şair olalı borcludu Sabirlərə ruhum,
  • Vurğundu Süleyman kimi Sahirlərə ruhum.
  •  Rahimli, Süleymanlı görüm Bəxtiyar olsun,
  •  Gülgün bacım – Azər qadını bərqərar olsun...
  • Ümumiyyətlə, Şəhriyar lirikasında ictimai-siyasi məzmunlu şeirlər mühüm yer tutur. Mövcud ictimai quruluşdakı nöqsanları, “pisin yaxşıya qarışdığı”, “şeytanın artıb min olduğu” cəmiyyətdə gördüyü eyibləri vətəndaş-şair mövqeyindən ardıcıl tənqid edən sənətkar həyata “qəmdən bir eynək taxaraq” baxmaq məcburiyyətində qaldığını dönə-dönə vurğulayır. Şahlıq rejimi dövründə ölkənin başqa dövlətlərdən asılı vəziyyətə düşməsi ilə barışmayan şair etiraz səsini ucaldır, kəskin tənqidi fikirlər söyləməkdən çəkinmir: Satar İranı xainlər, xiridar əcnəbilərdir, Neçin əqli-vətən tutmaz vətən dəllalına divan? “Şatır oğlan”, “Sənəti məmləkət”, “Hara qaçsın insan?”, “İman ilə getdi”, “Zaman səsi” və s. şeirlərində o, həyatda müşahidə etdiyi haqsızlığı, ədalətsizliyi, yoxsulluğu yanıqlı, təsirli bir dillə əks etdirir. Şair “Varlıq” dərgisinin tarixi, mədəni və siyasi əhəmiyyətini “Azadlıq quşu – “Varlıq” adlı şeirində böyük ustalıqla ümumiləşdirir:
  • Dil açmada karlıq da gedər, korluğumuz da,
  • Çünki lallığımız doğmuş idi karlığımızdan.
  • Düşmən bizi əlbir görə, təslim olu naçar,
  • Təslim oluruq düşmənə naçarlığımızdan.
  • Ustad Şəhriyarın yaradıcılığında poema janrının da xüsusi yeri vardır. Müxtəlif mövzularda olan poemaların bir qismi fars dilində yazılmışdır. “Nişapurda günəş batarkən”, “Qardaşım oğlu Huşəngə”, “Gecənin əfsanəsi” tərcümeyi-hal səciyyəli əsərlərdir. Onlarda şairin Xorasan vilayətindəki sürgün illərindən, ailə ənənələrindən, uşaqlıq xatirələrindən danışılmışdır. II Dünya müharibəsi ilə bağlı hadisələr (“Stalinqrad qəhrəmanları”), insanları qardaşlığa, xeyirxah əməllərə çağırış (“Şeir və hikmət”), Vətən haqqında səmimi hislərin (“Heydərbabaya salam”) ifadəsi və s. onun poemalarının bir qismində aparıcı yer tutmuşdur. Dillər əzbəri olan “Heydərbabaya salam” poeması Azərbaycan ədəbiyyatının şah əsərlərindən biri olmaqla bərabər, həm də dünya poeziyasının nadir incilərindəndir. Şairin yaradıcılığına harada yaşamasının da müəyyən təsiri olmuşdur. 1952-ci ildə Tehranda vəfat edən anasını Qum şəhərində dəfn edən sənətkar paytaxtda ona bəslənən biganə münasibətə etiraz olaraq 1953-cü ildə Təbrizə qayıtmışdır. Ata yurdu Xoşginaba səfəri “Heydərbabaya salam” poemasının yazılmasında mühüm
  • 1973-cü ilə qədər Təbrizdə yaşayıb-yaradan Şəhriyar hörmətli şəxs olan Cavad Heyətin təkidi ilə Tehrana köçmüşdür. Bir il sonra arvadı Əzizə xanımın vəfat etməsi onu sarsıtmış və şair birdəfəlik olaraq Təbrizə dönmüş, ömrünün sonunadək orada yaşamışdır. Onun evi şeirsevərlərin sənət məbədinə çevrilmiş, şairlər ustadın ətrafında birləşmiş və beləliklə, Təbrizdə Azərbaycan şeirinin Şəhriyar məktəbi yaranmışdır.
  •  
  • MÜHAZİRƏ 7.
  •            SOVET DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI (1920-1991-Cİ İLLƏR).
  • Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ədəbi-bədii düşüncədəki milli və maarifçi idealların, demokratik baxışların yerini tədricən sosialist ideyaları əvəzləməyə başladı. Bədii ədəbiyyatda bolşevik ruhunun bərqərar olması üçün aparılan siyasət yeni quruluşu tərənnüm edən əsərlərin yazılmasını başlıca vəzifələrdən hesab edirdi. XX əsrin 20-ci illərindən etibarən bir sıra gənc yazıçılar kommunist rejiminin ədəbiyyatla bağlı məqsədlərini həyata keçirmək üçün yaradılmış ədəbi dərnəklərdə birləşirdi. Onların sovet ədəbiyyatının ilk nümunələri sayılan əsərləri “Maarif və mədəniyyət” jurnalında, “Kommunist”, “Gənc işçi” qəzetlərində, ədəbi almanaxlarda, məcmuələrdə çap olunurdu. Həmin əsərlərdə proletar beynəlmiləlçiliyi, sosialist inqilabı, “böyük qardaş” ideyası, “dahi rəhbər” – Lenin tərənnüm olunurdu. Sosialist realizmi sovet ədəbiyyatının əsas yaradıcılıq metodu kimi qəbul olunmuşdu. Başlanğıc mərhələdə, yəni 1920–1930-cu illərdə yeni ideologiya realist və romantik ənənə ilə yanaşı fəaliyyət göstərmişdir. Lakin sovet dövlətinin həyata keçirdiyi proletkultçuluq kampaniyası sosializm ruhunda yazan cavan nəslin ön mövqeyə çıxmasına imkan yaratdı. Ədəbi mühitdə böyük nüfuz sahibi olan sənətkarların 1937-ci il repressiyası zamanı sıradan çıxarılması ilə bu proses başa çatmışdır. Sovet hakimiyyəti illərində yaranan bədii əsərlərdə qələm sahibləri ideoloji tələblərə uyğun olaraq sinfilik prinsipinə daha çox əməl etməli olmuşlar. Nəticədə tarixi keçmişdən bəhsedən bədii əsərlərdə bəy-xan nəsillərinin nümayəndələri əksər hallarda düşmən obrazı kimi göstərilir, fəhlə-kəndli sinfi ədəbiyyatın əsas qəhrəmanı səviyyəsində təqdim edilirdi. Sovet ədəbiyyatşünaslığının əsas götürdüyü xəlqilik prinsipi də geniş mənada millilik anlayışını ifadə etmirdi. Xəlqilik dedikdə ədəbiyyatda daha çox zəhmətkeş sinfin həyatının və fəaliyyətinin təsviri nəzərdə tutulurdu. Sovet ideologiyasının tələb etdiyi zəhmətkeş xalq fabrik və zavodlarda, kolxoz və sovxozlarda çalışan sovet fəhlə və kəndlisi idi. Klassiklərin əsərlərinin əsas mahiyyəti, böyük idealları, humanist ideyaları, ədalətli hökmdar axtarışları nisbətən arxa plana keçirilirdi. Nizaminin “İskəndərnamə” poemasında təsvir olunan xəyali ideal cəmiyyət kommunizm quruluşu kimi qabardılaraq oxuculara çatdırılırdı. Klassiklərin əsərləri təhrif edilir, onlarda güclü ateizm əlamətləri axtarılırdı. Ədəbiyyatın baş mövzusu təsərrüfat və istehsalat sahəsi olsa da, sənətkarlar imkan daxilində qəhrəmanlarının mənəvi-insani münasibətlərinə, məhəbbət duyğularına da müəyyən yer ayırırdılar. Bir çox sənətkarlar ölkəsinin və xalqının azadlığından söz açmaq üçün xarici ölkələrin, xüsusən Afrika xalqlarının həyatından bəhs edən əsərlər yazırdılar. Bu yolla onlar öz ölkələrinin gələcəyinə işıq salırdılar. İstedadlı sənətkarlar sovet vətənpərvərliyi ideyasından yararlanıb doğma vətən, onun təbii gözəllikləri, tarixi ənənələri barədə ciddi əsərlər yaza bilirdilər. XX əsrin altmışıncı illərindən sonra ölkədə siyasi mühit bir qədər dəyişmiş, sosialist realizmi yaradıcılıq metodu “yaşasa” da, gerçək ədəbiyyat üstünlük qazana bilmişdir. Beləliklə, sovet dövrü Azərbaycan ədəbiyyatını iki istiqamətə ayırmaq olar: 1) sovet ideologiyası əsasında yaranmış Azərbaycan ədəbiyyatı; 2) sovet dövründə yaranan, lakin gerçəkliyi əks etdirməyə üstünlük verən Azərbaycan ədəbiyyatı. Sovet dövründə leninizmi, kommunist partiyasını, oktyabr ideallarını, sosializm quruluşunu vəsf edən xeyli bədii əsər yazılmışdır. Bir sıra sənətkarların əsərlərində sovet həyat tərzi, sosializm uğrunda mübarizənin bədii əksi əsas mövzu idi. Lakin böyük istedad sahibi olan yazıçı və şairlər sosializm ideyalarının fonunda həyatın dərin qatlarına enə bilirdilər. Xalq yazıçısı Süleyman Rəhimovun “Saçlı”, “Mehman” əsərləri, Əli Vəliyevin “Budağın xatirələri”, Əbülhəsənin “Yoxuşlar”, Mehdi Hüseynin “Abşeron” romanları həmin dövrün ruhunu, reallığını və maraqlı insan talelərini əhatəli təsvir edən əsərlər idi. Səməd Vurğunun, Rəsul Rzanın və Mikayıl Müşfiqin yaradıcılığındakı bədiiliyin vüsəti və millilik amili ədəbiyyatda ideoloji maneələri ötüb-keçmələrinə imkan yaratmışdı. Süleyman Rüstəmin məhəbbət lirikası və Cənub şeirləri böyük sənət nümunələridir. Mirzə İbrahimov, Mir Cəlal, Əliağa Vahid, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İsa Hüseynov, Hüseyn İbrahimov, Manaf Süleymanov, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Mirvarid Dilbazi və başqalarının yaradıcılığında həyat həqiqəti ideologiyanı üstələmişdir. Bu dövrdə yazıb-yaratmış xalq yazıçısı Mirzə İbrahimov (1911–1993) qüdrətli nasir və dramaturq olmaqla bərabər, həm də görkəmli ictimai xadim, tanınmış tənqidçi və ədəbiyyatşünasdır. O, zəngin bədii yaradıcılığı ilə yanaşı, ana dilinin, milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə aparmış vətəndaş yazıçıdır. “Cənub hekayələri” silsiləsi M.İbrahimovun hekayə yaradıcılığının zirvəsi sayıla bilər. Bu əsərlərdə yazıçı özünün uşaqlıq illərinin yaddaqalan təsirli hadisələrindən, Böyük Vətən müharibəsinin ilk illərində İranda rastlaşdığı əhvalat və insanlardan geniş söz açır. Silsiləyə daxil olan “On iki dekabr”, “Tonqal başında”, “Azad”, “İztirabın sonu”, “İki həyat” və s. hekayələrdən tanıdığımız Mahmud, Kərim kişi, Azad, Fərda, Süsən obrazları milli düşüncəyə malik olan azadlıqsevər insanlar kimi yadda qalırlar. “Cənub hekayələri” ədibin bir qədər sonra tamamladığı “Gələcək gün” romanının yaranması üçün zəmin hazırlamışdır. “Gələcək gün” romanının əsas qəhrəmanı olan Firudin İbrahimi İranda Səttarxan – Xiyabani yolunun layiqli davamçısı, milli azadlıq hərəkatına rəhbərlik vəzifəsini öz üzərinə götürmüş vətənpərvər şəxsiyyətdir. Romandakı Rza Qəhrəmani, Kərimxan Azadi, Xavər, Mübaşir Məmməd, Hüseyn Məhbusi, Ərbab Hənəfı, Musa kişi və digər obrazlar həmin tarixi dövrdə ayrı-ayrı qütbləri təmsil edirdilər. Bu obrazlar milli azadlıq hərəkatı ilə bağlı olan dövr haqqında dolğun təsəvvür yaradır. Geniş surətlər silsiləsini əhatə edən, xalqın milli taleyini əks etdirən “Gələcək gün” Cənubi Azərbaycandakı xalq həyatı və milli azadlıq hərəkatı haqqında güclü ümumiləşdirməyə malik qiymətli romandır. Sovet İttifaqında şəxsiyyətə pərəstişin tənqidindən sonra ədəbiyyatda gerçəkliyin təsvir və tərənnümünə münasibət dəyişmişdir. Keçən yüzilliyin əllinci illərində Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Məmməd Araz, Xəlil Rza, İsa Hüseynov, Nəbi Xəzri, Hüseyn Arif kimi həyat həqiqətlərini əks etdirən, fəal mövqe tutan istedadlı sənətkarlarmeydana çıxmışdır. Həmin mərhələdə Azərbaycan ədəbiyyatında “altmışıncılar” adlanan yeni nəsil ədəbi fikrə təzə nəfəs gətirmişdir. Məhz “altmışıncılar” ədəbi nəsli Azərbaycan ədəbiyyatında mövcud ideologiyaya qarşı açıq şəkildə çıxmadan ədəbiyyatda insanı onun mənəviyyatı, düşüncəsi, qayğıları, ağrıları və sevgisi ilə birlikdə əks etdirməklə tədricən mövcud ab-havanı dəyişdirə bilmişlər. Yeni nəslin nümayəndələri ədəbi ənənələru qoruyub saxlasalar da, daha çox müstəqil yaradıcılıq yolu ilə gedirdilər. Bu sənətkarların əsərlərində sovet gerçəkliyinin tərənnümü, insanın əmək fəaliyyəti deyil, onun daxili aləmi, mənəviyyatı, qarşılaşdığı çətinliklər və həyat mövqeyinin ifadəsi başlıca yer tuturdu. Bu baxımdan sovet dönəmində yaranan ədəbiyyatı yalnız ideoloji mahiyyət daşıyan ədəbiyyat kimi təsəvvür etmək birtərəfli olardı. Bütün maneələrə və çətinliklərə baxmayaraq sovet dövründə əsl ədəbiyyat nümunələri də yaradılmışdır. Odur ki bu dövrün ədəbiyyatı təhlil və tədqiq edilərkən söz sənətindəki problemlərə və ədəbi şəxsiyyətlərə tarixilik baxımından yanaşılmalıdır.
  •                    MÜHAZİRƏ 8.
  • CƏFƏR CABBARLININ HƏYAT VƏ YARADICILIĞI
  • Bakının yaxınlığındakı Xızıda – Qafar Cabbar oğlunun ailəsində dünyaya göz açan Cəfər kiçik yaşlarından şəhərdə yaşamalı olmuşdur. Qafar kişinin ölümündən sonra ailənin bütün ağırlığını ana çəkməli oldu. Cəfəri təhsilli görməyi arzulayan Şahbikə ana onu əvvəl məhəllə mollasının yanına, az sonra isə mollaxanaya göndərmişdir. Daha sonra rus-tatar məktəbini bitirən Cəfər Ali İbtidai Məktəbdətəhsilini davam etdirmişdir. Bu məktəbdəki təhsilini o, 1915-ci ildə başa vurmuş, Bakı Sənaye Məktəbinə daxil olmuşdur. Cəfər Cabbarlı bu dövrdə bədii yaradıcılıqla ciddi məşğul olmağa başlayır. 1915–1916-cı illərdə onun müxtəlif jurnallarda (“Babayi-Əmir”, “Dirilik” və s.), qəzetlərdə (“Bəsirət” və s.) onlarla şeiri çap edilmişdir. Yaradıcılığa lirik şeirlərlə başlayan C.Cabbarlıda maarifçi realizmin təsiri aydın duyulurdu. Bu həm lirikasında, həm də o dövrdə yazdığı hekayələrdə (“Aslan və Fərhad”, “Mənsur və Sitarə” və s.) və pyesində (“Vəfalı Səriyyə”) müşahidə olunurdu. Gənc şairin lirik şeirləri müxtəlif mövzularda olsa da, onlarda ictimai mətləblər aparıcı yer tuturdu. O, cəmiyyətdə müşahidə etdiyi ədalətsizliyi, laqeydliyi, aclıq çəkən, səfalət içində yaşayan insanların acınacaqlı vəziyyətini təsvir etməklə (“Qürub çağı bir yetim”, “Sən də bir”, “Dilənçi”, “Boranlı qış gecəsi” və s.) diqqəti ciddi həyati problemlərə yönəldirdi. C.Cabbarlı yaratdığı ürəkparçalayan lövhələrlə zəngin adamların qəlbində mərhəmət hissi oyatmaq niyyətini də güdürdü:
  • Qışın boranlı, məşəqqətli bir soyuq gecəsi,
  • Cahanə lərzə salır yellərin cəfalı səsi...
  • Xərabə içrə qaranlıqda sanki var bir kəs,
  • İnildəyor, yayılır, titrəyor çəkincə nəfəs.
  • Bu bir zəif çocuqdur ki, xəstə, bidərman,
  • Soyuq xərabədə yatmış, inildəyor hər an...
  • Bu xəstə beş gün olar dəyməyib çörək dilinə,
  • Qoca ata bu savuqda nə cür gedib dilənə?
  • Nəhayət, oğlunu görcək ölüm yatağında,
  • Gedib, yox isə də taqət zəif ayağında
  • Millətin ehtiyaclarına göz yuman varlılar, “millət qəmi” çəkməkdən uzaq olan ziyalılar, xalqa faydası olmayan cəmiyyəti-xeyriyyələr, ictimai dərdlərə göz yumub “nigarına qəzəl yazan” şairlər onun satirik şeirlərinin (“Görməmişəm, eşitmişəm”, “Dübarə-səbarə”, “Görməkdəyəm”, “İtil get”, “Unudulmaz yara” və s.) hədəfləri idi. Daha çox ailə-məişət mövzusunda olan ilk hekayələrində və “Vəfalı Səriyyə” pyesində qəhrəmanlara maarifçilik mövqeyindən qiymət verən müəllif onları ya yaxşı, ya da pis əməl sahibi kimi təqdim edir. Yazıçının həyat və yaradıcılıq təcrübəsi artdıqca o, ictimai ziddiyyətlərin səbəbini, kökünü daha dərinlərdə axtarmağa başladı. Bu, “Solğun çiçəklər”(1916), “Nəsrəddin şah” (1916) pyeslərində özünü aydınca göstərir. C.Cabbarlının az sonra qələmə aldığı “Trablis müharibəsi və ya Ulduz” (1917), “Ədirnə fəthi” (1917) pyesləri Türkiyə ilə bağlı olub mürəkkəb tarixi-siyasi hadisələrlə zəngindir. Yazıçının yaradıcılıq axtarışları bu əsərlərində də davam edirdi. Onlarda realist və romantik cəhətlərin olduğunu təsdiq edən səhnələr vardır. Bu axtarışlar yazıçının sonrakı illərə aid yaradıcılığında da müşahidə olunur. Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi hadisələr, kapitalist münasibətlərinin dərinləşməsi və bunun doğurduğu fəsadlar C.Cabbarlını dərindən düşündürür, dünyagörüşünə və yaradıcılığına (“Aydın”, daha sonra yazılmış “Oqtay Eloğlu” əsərlərində olduğu kimi) əhəmiyyətli dərəcədə təsir edirdi. AzərbaycanDemokratik Cümhuriyyətinin yaranmasını sevinclə qarşılayan C.Cabbarlı parlamentdə stenoqrafçı kimi çalışır, “Azərbaycan” qəzetində mütərcim vəzifəsində işləyir. Milli dövlətimizə dərin rəğbət bəsləyən sənətkar bir-birinin ardınca səmimi şeirlər (“Sevdiyim”, “Azərbaycan bayrağına” və s.) yazır. Milli dövlətin süqutu ona ağır təsir edir, gənc ədib ömrünün ən böhranlı günlərini yaşayır. O, Bakı Sənaye Məktəbini 1920-ci ildə bitirir, elə həmin il Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Sovet hakimiyyətinin ilk illərində müxtəlif işlərdə (tərcüməçi, stenoqrafçı) çalışan yazıçı bir neçə dəfə həbs edilmiş və müəyyən şərtlərlə azadlığa buraxılmışdır. Taleyini teatra və bədii yaradıcılığa bağlayan sənətkar coşqun fəaliyyətinə ara vermir. Onu yeni quruluşun mədəni inqilab siyasəti cəlb edir. Xalqının inkişafını, mədəni tərəqqisini həmişə arzulayan yazıçı mənəvi rahatlığını bu istiqamətdə çalışmaqda tapır. Bir-birinin ardınca yaratdığı əsərlərin qəhrəmanları xarakterlərinin mükəmməl, məqsədlərinin aydın olması ilə fərqlənməyə başlayır. Ədalətsizliklə barışmayan, “altun dünyasının” əzici qaydalarına qarşı çıxan Aydın (“Aydın”) konkret məqsədi, dəqiq mübarizə yolu olmayan, “dumanlı arzularla” yaşayan etirazçı obrazdırsa, Oqtay (“Oqtay Eloğlu”) uğrunda çarpışdığı qayəni bütün incəlikləri ilə dərk edən, mücərrəd fikir və danışıqdan uzaq olan ədəbi qəhrəmandır. Elxan isə (“Od gəlini”) ondan fərqli olaraq, öz mübarizəsində ardıcıl və qətiyyətlidir. Xalqının milli azadlığı uğrunda işğalçılarla ölüm-dirim mübarizəsinə girişən Elxan öz ideallarına həmişə sadiq qalır və bu yolda heç kimə, heç nəyə güzəştə getmir. Romantikanın qovuşduğu realizm əsasında yazılmış və böyük uğur qazanmış “Od gəlini” faciəsi dramaturqun yaradıcılığında yeni səhifəyə keçid üçün zəmin oldu. İndi onu mədəni inqilabla bağlı problemlər, yeni qəhrəmanlar düşündürür. Bu düşüncənin, bədii axtarışların nəticəsində “Sevil” (1928), “Almaz” (1930), “Yaşar” (1932), “Dönüş” (1932–1933) pyesləri yaranır. Geriliyin, köhnə fikrin əsiri olmaq, yeniliyə qarşı çıxmaq kimi məsələlər bu əsərlər üçün ortaq cəhətlər sayıla bilər. Lakin onlarda bədii həlli verilən problemlər fərqlidir: “Sevil”də qadın hüququ, “Almaz”da kənd təsərrüfatının kollektivləşdirilməsi, “Yaşar”da elmi-texniki tərəqqi, onun tətbiqi, “Dönüş”də mədəni inqilab və yüksəliş diqqət mərkəzinə qoyulmuşdur. “Sevil”də müəllif qadın azadlığı probleminə sələflərindən fərqli yanaşır: qadınlar kişilərlə bərabərhüquqlu olmalı, sərbəst işləməli, heç kimdən asılı olmadan yaşamalıdır. Avam, gözübağlı, başqasına möhtac olan Sevil yeni həyatın verdiyi imkanlardan bəhrələnərək savad alır, inkişaf edir, qadın azadlığının müdafiəçisinə çevrilir. “Almaz”da yeni həyat quruculuğu kənddə baş verən hadisələrin zəminində açıqlanır. Almaz müəyyən səhvlərə yol versə də, maneələrə qarşı mübarizədə tərəddüdə yol vermir, qətiyyətli və cəsarətli addımları ilə yeniliyə qənim kəsilənlərin ümidlərini puça çıxarır. “Yaşar”da təsvir olunanlar zaman baxımından “Almaz”dan sonrakı dövrə aiddir. Almazla açıq mübarizə aparanlar maskalanaraq indi Yaşarla vuruşurlar. Lakin yenilik qarşısıalınmaz güc və sürətlə irəliləyir, onun təntənəsi addımbaşı duyulur. Yaşar və onun həmkarları əldə etdikləri elmi nailiyyətləri kənddə uğurla tətbiq edirlər. Müasir həyatla teatrın əlaqəsinin gücləndirilməsi, repertuarının daim yenilənməsi, aktyor sənətkarlığının artırılması, teatr tənqidinin sağlam olması və s. “Dönüş”ün qəhrəmanı Gülsabahın fəaliyyətində mühüm yer tutur. Bu ədəbi qəhrəmanlar müəllifin vətənin tərəqqisi, xalqın mədəni inkişafı arzularını ifadə edirdi. C.Cabbarlı insanın mənəvi azadlığına düşmən kəsilən, sərbəst inkişafına, fikir və düşüncəsinə keçilməz sədd qoyan quruluşun – sosializmin az sonra üzə çıxan gerçək üzünü görsəydi, şübhəsiz, yeni, həm də fərqli məzmunda əsərlər yaradardı. C.Cabbarlının 1931-ci ildə qələmə aldığı “1905-ci ildə” əsərində izlədiyi niyyət çoxcəhətlidir. Onlardan biri və başlıcası “kütlənin nəzərini inqilabdan uzaqlaşdırmaq məqsədilə iki xalqı bir-biri üzərinə salışdıran rus çarizminin müstəmləkə siyasətini göstərmək idi”. Əsər müəllifin gizli niyyətini ifadə edən mətnaltı mənalarla zəngindir. Hekayə yaradıcılığının sonrakı dövrlərinə aid olan “Dilarə”, “Dilbər”, “Gülər”, “Firuzə” və s. təkcə mövzu-ideya yeniliyi ilə deyil, orijinal bədii keyfiyyətləri ilə də diqqəti cəlb edir.
  •  
  •  
  •  
  •  
  •                         MÜHAZİRƏ 10.
  • SƏMƏD VURĞUNUN HƏYAT VƏ YARADICILIĞI. “VAQİF “ DRAMININ MƏZMUNU VƏ TƏHLİLİ ÜZƏRİNDƏ İŞ.
  • Səməd Vurğun Qazax mahalında tanınmış nəsildən olan ailədə dünyaya gəlmişdir. Atası Yusif ağa müflisləşmiş bəy olsa da, sayılan adamlardan olmuşdur. Anasını altı yaşında itirən Səmədin qayğısına nənəsi Ayişə xanım qalmışdır. Ana nəvazişindən məhrum olan, ailənin maddi sıxıntısını daim hiss edən həssas Səmədin qəlbində dərin kədər kök salmışdı. Bunu şair ömrü boyu unutmamışdır: Qurban bayramıydı, gülürdü dağlar, Qonşumuz xınalı bir erkək kəsdi. O bayram günündə anamı ağlar Görəndə, üstümdən bir çovğun əsdi... Doğulduğu Yuxarı Salahlı kəndindəki rus-tatar məktəbində oxuyan Səmədin uşaqlığı fərəhsiz keçsə də, o, zəngin təxəyyüllü, xəyalpərvər bir gənc kimi yetişirdi. Atasının hər gün sazda səsləndirdiyi el havaları, aşıqlardan müntəzəm eşitdiyi dastan və nağıllar, yaşadığı bölgənin bənzərsiz təbiəti onun hiss və duyğularının zənginləşməsinə, düşüncəsinin dərinləşməsinə əhəmiyyətli təsir edirdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin 1918-ci ildə Qazaxa köçürülməsi, Səmədin elə həmin il ora daxil olması həyatında mühüm rol oynadı. Əla qiymətlərlə oxuyan bu çəlimsiz gənc seminariyanın ictimai işlərində, dram və musiqi dərnəklərində fəal iştirak edir, klassik poeziyanı, dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini həvəslə mütaliə edirdi. O, seminariyanı bitirdikdən sonra 1924–1928-ci illərdə Qazax, Quba rayonlarında və Gəncədə müəllimlik etmişdir. Şeir yazmağa tələbəlik illərində başlasa da, o, müəllim işlədiyi müddətdə bədii yaradıcılıqla daha ardıcıl məşğul olmuşdur. Onun bu dövrdə yazdığı şeirlərdə nakam məhəbbətinin nisgili, küskünlük, mücərrəd romantika güclü idi:
  • Başına döndüyüm, əziz Şikəstə,
  • Dinlə məni, halı yaman olmuşam.
  • Qəlbdən yaralı, könüldən xəstə,
  • Nanı zəhər, ruzu fəğan olmuşam
  • 1928–1932-ci illər şairin yaradıcılığında ciddi axtarış mərhələsi, Səməd Vurğunun “özünü yenidən qurmaq” dövrü kimi səciyyəvidir. 1929-cu ildə Bakıda, az sonra Moskvada təhsil alması onun dünyagörüşünün inkişafına, yaradıcılığında ictimai məzmunun güclənməsinə az təsir etmədi. 1931-ci ildə Bakıya dönən şair təhsilini bir müddət burada davam etdirsə də, coşqun yaradıcılıq həvəsi onu sənətin qoynuna aldı. Şairin 1930-cu ildə “Şairin andı”, 1932-ci ildə isə “Fanar” adlı şeirlər kitabı çap olundu. Bu kitablarda toplanmış şeirlərin çoxu müəllifin yeniliyə can atması, ictimai hadisələrin dərinliklərinə enmək cəhdi özünü göstərir. Bu baxımdan “Şairin andı”, “Hərəkət”, “Səriyyənin ölümü”, “Şairin səsi” şeirləri daha səciyyəvidir. Şair 1931-ci ildə çap etdirdiyi “Ölən şeirlərim” əsərində yeni dövrə qədəm qoyduğunu elan etdi. Onun “Fanar”, “Raport” şeirləri, beynəlxalq mövzuda yazdığı “Qızıl Şərq”, “Rot-Front” əsərləri ciddi irəliləyişdən, ictimai məzmuna dönüşdən xəbər verirdi. Şeirlərini bir müddət sərbəst ölçüdə yazan şair 1932-ci ildən sonra yenidən heca vəzninə dönür, ondan uğurla istifadə etməklə siyasi-ictimai məzmunlu əsərlərini yaradır. 1933–1941-ci illər Səməd Vurğun yaradıcılığının ən məhsuldar dövrü olur. Bədii cəhətdən bir-birindən geri qalmayan lirik şeirləri (“Azərbaycan”, “Təbriz gözəlinə”, Şairin ölümü” və s.), mövzuca rəngarəng poemaları (“Komsomol poeması”nın əsas hissəsi, “Macəra”, “Muradxan”, “Ölüm kürsüsü”, “Bəsti” və s.), məşhur pyesləri (“Vaqif”, “Xanlar”), uğurlu tərcümələri (Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərindən bir hissə, A.Puşkinin “Yevgeni Onegin” mənzum romanı, N.Gəncəvinin “Leyli və Məcnun”u) bu dövrün məhsuludur. Şairin həmin dövrdə, eləcə də sonrakı illərdə yazdığı əsərlərdə iki xətt özünü qabarıq göstərir: o, vətənimizi, onun tarixi keçmişini, insanlarını, təbiətini sonsuz məhəbbətlə tərənnüm etməkdən doymur. İkinci xətti isə sovethakimiyyətinə, və onun aparıcı simalarına həsr olunan əsərlər təşkil edir. Maraqlıdır ki, ikinci xəttə aid olan əsərlərin çoxunda da vətənə, xalqa məhəbbət, adi vətəndaşın taleyi kimi məsələlər bu və ya digər şəkildə öz əksini tapırdı. Faşist Almaniyası ilə müharibənin başlanması S.Vurğunun həyatında və yaradıcılığında yeni bir səhifə açdı. Şair öz mövqeyini dərhal elan etdi:
  • Bilsin ana torpaq, eşitsin vətən,
  • Müsəlləh əsgərəm mən də bu gündən.
  • O, müharibənin ilk günündən sonuna kimi təkcə qələmi ilə deyil, ictimai fəaliyyəti ilə də insanları qələbəyə ruhlandırdı. Cəbhədə döyüşçülərlə görüşən şairin şeirləri əl-əl gəzirdi. Övladlarını yola salan ata-anaların arzuları, hiss və həyəcanları (“Ananın öyüdü”, “Qoca qəhrəmanın dedikləri” və s.), döyüşçü obrazlarının canlandırılması (“Partizan Babaş”, “Azərbaycan balası” və s.), arxa cəbhədəki insanların fədakarlığı (“Qızxanımın hünəri” və s.) şairin daha çox müraciət etdiyi mövzulardan idi. Müharibəni insanlıq üçün bəla, şər sayan mütəfəkkir şair onun fəlsəfi şərhini verməyə də çalışır. “Dörd söz”, “İstiqbal təranəsi” və s. şeirlərində, “İnsan” pyesində oxucunun diqqətini məsələnin məhz bu cəhətinə yönəldirdi. Şairin müharibə dövründə qələmə aldığı “Fərhad və Şirin” mənzum pyesi, “Ayın əfsanəsi”, “Hürmüz və Əhrimən”, “Bakının dastanı” poemaları ədəbiyyatımıza qiymətli töhfələr idi. S.Vurğun müharibədən sonra ictimai fəaliyyətini daha da genişləndirmişdir. O, 1941-ci ildən 1948-ci ilə kimi Azərbaycan Sovet Yazıçıları İttifaqının İdarə Heyətinin sədri vəzifəsində işləmiş, 1945-ci ildə akademiyanın həqiqi üzvü, 1954-cü ildə isə vitse-prezidenti seçilmişdir. S.Vurğun dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ona “Xalq şairi” fəxri adı verilmişdir. İctimai işlər onun bədii yaradıcılığına mane olmamışdır. “Avropa xatirələri” silsiləsi, “Körpünün həsrəti”, “Bəstəkar”, “Şair, nə tez qocaldın sən”, “Yada sal məni”, “Mən tələsmirəm” və s. şeirləri fərqli mövzularda olsa da, poeziyamızı ideya-bədii cəhətdən zənginləşdirən misilsiz sənət nümunələri kimi dəyərlidir. Şairin bu illərdə qələmə aldığı “Zəncinin arzuları” (1948), “Muğan” (1948–1949), “Aygün” (1950–1951) və s. poemaları hadisələrin, qəhrəmanların taleyinin geniş epik təsviri ilə seçilir. Fəaliyyətinin coşqun bir dövründə – 1955-ci ildə şair ağır xəstələndi. Sağalmaz xəstəliyə tutulan böyük sənətkarın 50 illik yubileyi 1956-cı il may ayının 12-də keçirildi. Bu yubileyi sevinc və təntənə ilə qeyd edən xalq az sonra – mayın 27-də şairin vəfatından matəmə batdı. Onu son mənzilə yola salmaq üçün on minlərlə insan paytaxta yığışmışdı. Xatirəsi əbədiləşdirilmiş, Bakıda heykəli ucaldılmışdır. Azərbaycanın xalq şairi fəxri adı ilk dəfə 1956-cı ildə məhz Səməd vurğuna verilmişdir.
  • İ ş t i r a k e d ə n l ər: Va q i f – XVIII əsrin məşhur Azərbaycan şairi A ğ a M ə h ə m m ə d ş a h Q a c a r – İran hökmdarı V i d a d i – Vaqifin müasiri və yaxın şair dostu İ b r a h i m x a n – Qarabağ xanı E l d a r – xanlıq zülmü və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlilərin başçısı K ü r d M u s a, A r ş ak – Eldarın dəstəsindən X u r a m a n – Vaqifin arvadı Ə l i b ə y – Vaqifin oğlu G ü l n a r – Əli bəyin sevgilisi Ə m i n ə – Gülnarın anası T ü k ə z b a n – Vidadinin arvadı V ə z i r – Qacarın vəziri T ə l x ə k – İbrahim xanın təlxəyi Ş a l i k o, T a m a r a, k i ç i k g ü r c ü – Qacar tərəfindən əsir alınmış gürcülər Ş e y x A l ı – Qarabağ şeyxi İ l y a s – Eldarın dəstəsinə soxulmuş casus S ə r k ə r d ə – Qacar qoşunlarının sərkərdəsi Z ü l f ü q a r, T e y m u r – Qacarın əleyhdarlarından Ə h m ə d k i ş i, Q u r b a n k i ş i – kəndlilər Q a s ı m, M u r a d – çobanlar Kəndlilər, qaçaqlar, əsgərlər, elçilər və b.
  • BİRİNCİ PƏRDƏ Birinci şəklin qısa məzmunu. Vidadinin namaz üstündəki sözlərində, arvadı Tükəzbanla söhbətində zəmanədən narazı olduğu aydın duyulur. Cavad xanın elçiləri Vidadini saraya dəvət edirlər. O, dəvəti qəbul etmir. Qarabağ xanının sarayında yaşayan Vaqif gözlənilmədən gəlir. İki dost səmimi görüşür. Vaqif kəndlilərlə mehriban söhbət edir. Hiss olunur ki, Vaqifin ürəyi xalqın yanındadır. Vaqif gəlişinin səbəbini açıb söyləyir; o, Vidadini və Tükəzbanı Əli bəyin toyuna dəvət edir. Vidadi dəvəti qəbul edir. İKİNCİ ŞƏKİLŞuşa qalası. Xan sarayı. Vaqifin evi. Toy məclisi, oyun. İbrahim xan yanında da adamları gəlir. Hamı qalxıb, xana baş əyir. İ b r a h i m x a n. Çox gözəl, Vaqifi çağırın görək... Bəy öz toyunda oynasın gərək! Əli bəy oynayır. Vaqif gəlir. İ b r a h i m x a n. Vəzir, xeyir işiniz xeyli mübarək! Ağ günlərə çıxsın sizin Əli bəy! Ancaq çıxarmasın bizi yadından... V a q i f. Görək, bu növrağı pozmasa zaman... İ b r a h i m x a n. Yenə də şikayət? Gəl inan ki, sən Nə qədər mən sağam kef edəcəksən! Eşikdə tüfəng atılır və “ura” səsləri ucalır, gəlini gətirirlərY e n g ə. Anam, bacım, qız gəlin, Əli-ayağı düz gəlin, Yeddi oğul istərəm, Bircə dənə qız, gəlin!.. V a q i f. A qızım, üzündən götür duvağı, Qoy açıq görünsün ayın qabağı. Açıq yaşamışdır bizim nənələr, Kəfəndir, a balam, sərapərdələr... Hamıda heyrət, həyəcan görünür; gəlini o biri otağa aparırlar. Bu arada Eldar çiynində bir quzu içəri daxil olur. V a q i f. Of... dostum, qardaşım, xoş buyurmusan, Səndə dağ havası duyuram, inan! Sizdən ayrılmayır könlümün quşu, Ellərdə görürəm hər qurtuluşu. E l d a r. Möhtərəm şairə salamlar olsun, Bu dünya durduqca o da var olsun! İ b r a h i m x a n (ətrafa). Aha... heç saymayır bu hərif bizi, Görünür dadmamış qüvvətimizi... Ş e y x (İbrahim xanın qulağına). Bir bax gözlərinə... Baxışı qandır, Kəndə qarışıqlıq salanlardandır. İ b r a h i m x a n. Vəzir, çoban-çoluq məclisidir bu? V a q i f. Düzü, gözləməzdim heç sizdən bunu. İ b r a h i m x a n. Necə gözləməzdin, lap yersiz, nahaq, Yox bir başa keçsin çiynində çomaq... V a q i f. Əziz qonağımdır, dostumdur Eldar. İ b r a h i m x a n. Xanın hüzurunda nə ölümü var? V a q i f. Bu mənim evimdir, siz qonaqsınız, Qonağı sevərlər, lap nahaqsınız... İ b r a h i m x a n. Qonağı, qonağı – qonağa bir bax, Hər yoldan ötəni başa çıxardaq! V a q i f. Onun görkəmindən iyrənməyin siz, Bir kəndli babadır, vicdanı təmiz, Dilindən düşməyir gözəl nağıllar; Ən böyük ürəklər, yetkin ağıllar Ellər dünyasında yetişir, bilin! Namusu, vicdanı təmizdir elin! İ b r a h i m x a n. Doğrusu, yorulub bezikmədin sən Elə, durub-durub ellər deməkdən? E l d a r (Vaqifə). Canım, dalaşmayın, mən gedim... V a q i f. Dayan! Başqadır könlümdə gülən xaniman... İ b r a h i m x a n. Getsin gərməsini ayaqlamağa! E l d a r. Buyruq sizinkidir, möhtərəm ağa, Bunca qudurtmazdı sizi simü-zər... Eldar məclisi tərk edir. Onu tutmaq istəyirlər, adamlar arasında iğtişaş düşür. İ b r a h i m x a n. Qoymayın, tez olun, tutun Eldarı! Ona da göstərin daş zindanları!.. (Vaqifə tərəf.) Qudurtdun bunları, doğrudan da, sən, Bəlkə də, özünsən ona dil verən? V a q i f. Xeyr, yanıldınız, ona dil verən Göz ilə dünyada alovlar görən Kəndistan yeridir, bəli, kəndistan! Bəzən tanrıya da ağ olur insan... İ b r a h i m x a n (qəzəblə çıxaraq). Yaxşı, danışarıq... Toy adamları dağılır. Vaqif gəzinir. Vidadi heyrətdədir. V a q i f. Bu da haqqı-salam, bu da duz-çörək... Dünyada dərd varmı mənim dərdimtək?.. Bu xan bir ilanmış, saray – yuvası, Zəhrimar qoxuyur onun havası. V i d a d i. Vaqif, sabah məni yola sal gedim, Torpaq evciyimi ziyarət edim. Ordadır dünyanın zövqü, ləzzəti. Sən də öz boynundan at bu minnəti. Kəndimizə qayıt!.. V a q i f. Yox, qayıtmaram! İş ki belə düşdü – meydanda varam! V i d a d i. Əl çək bu tərslikdən, qulaq as mana! V a q i f. Ölsəm də, ölməyim xoşdur mərdana! V i d a d i. Sən öz dediyindən dönməyəcəksən, Səni yalqız qoyub gedəmmərəm mən. Ə l i b ə y (gəlir). Ata, həbs etdilər yazıq Eldarı! V a q i f (mənalı). İnsan uçuracaq daş zindanları, Zəncirsiz, zindansız günlər gələcək, Bizə təsəllidir böyük gələcək... Ə l i b ə y. Bəs Eldar nə olsun? V a q i f. Heç, nə dərdi var, Vaqif ölməmişdir, onu qurtarar. (Vaqif qolunu oğlunun boynuna dolayaraq.) Oğlum, xeyir işin olsun mübarək, Dünyanın kefini, ləzzətini çək! Mənim də ürəyim hələ cavandır, Yaşayaq birtəhər, bu da zamandır... Vaqif Əli bəyin alnından, Əli bəy də Vaqifin əlindən öpür, o, eləcə də, Vidadi ilə öpüşüb gedir. V i d a d i. Ağıllı baladır, Allah saxlasın. V a q i f. Könlümdə dünyanın min sirri vardır, Ah, duyan, düşünən nə bəxtiyardır... Dəryalar üstündə süzən sonalar! Siz, ey göy üzündə uçan durnalar! Deyin, xoşbəxtəmmi?.. Xuraman gəlir. X u r a m a n. Kişi, bu nə işdir? Küsüb getdi xan?! V a q i f. Qoy küssün özünün qanacağından! (Gedir.) X u r a m a n. Bir el ağasıydı əvvəlki ərim: Öz qapım, öz evim, öz nökərlərim; Hamısı qulluğumda hazır durardı, Rəhmətlik gündə bir məclis qurardı... Buna da bir “böyük vəzir” dedilər, Başımı, beynimi ovub yedilər. İnandım, dedim ki, nə xəyalı var, Yəqin ki, bunun da öz cəlalı var. Bu ki qoltuqlarda gəzib-dolanır, Çox vaxt da su kimi rəngi bulanır: Elə dərd tökülür qaşqabağından... Amma çox razıyam qanacağından: Şairdir, görünür, düz ilqarı var, Nə gözəl, nə şirin kəlamları var... Eh... bir də bunlardan mənə kar aşmaz... Vaqif gəlir. V a q i f. Nə var, fikirdəsən sən, ey sərvinaz, Amandır, örtməsin, ey nazlı nigar, O ay camalını qara buludlar! X u r a m a n. Niyə, nə dərdim var, Allaha şükür! Hara baxıramsa, xeyir görünür... V a q i f. Yox... Sənin səsində bir titrəyiş var, Gəl məndən gizləmə, aç, söylə aşkar! X u r a m a n. Heç... Bir az incidir məni bu qürbət. V a q i f. Yox, bu da olmadı, düz danış, afət! Yalan yaraşmayır gül dodaqlara... X u r a m a n. Bıy... Yaxşı, nə deyim mən bəxti qara? V a q i f. Aha... bundan danış... danış görüm, sən Niyə öz bəxtinə qara deyirsən? X u r a m a n. Deyirlər ki, sən... V a q i f. Nə, təzə xəbər?.. X u r a m a n. Nə bilim, doğrusu... V a q i f. Danış! X u r a m a n. Deyirlər Səni vəzirlikdən qovlayacaq xan! V a q i f. Ha... ha... Bəs elə bu? X u r a m a n. Bəli. V a q i f. Xuraman! Xuraman! Gör nəyin xəyalındasan! Qəfəsdə quş kimi yaşayıram mən. Nə sənin gördüyün bu saray, bu yurd, Nə də dişlərində qan donan o qurd Bu tərlan könlümü ovlaya bilməz! Dərdin elə busa, lap arxayın gəz! X u r a m a n. Bəs səni... Bəs səni... V a q i f. Nə? Çıxarsalar? X u r a m a n. Necə dolanarıq, dilənçilərtək... V a q i f. Bizə qəhət olmaz bir parça çörək, Qorxma, bəxtinə də söyləmə qara; Kaş ki düşməyəydim bu saraylara, Yanıldım, doğrusu, uyub aldandım, Başqadır könlümdə mənim ilk andım... X u r a m a n. Elə şirin-şirin danışmağın var. (Başqa otağa keçir.) V a q i f. Yox, sərraf gözüdür mənim bu gözüm, Özüm tutduğuma heyranam özüm... Gözüm su içməyir heç Xuramandan... Onu başqa ruhda böyüdüb zaman. Deyəsən, şöhrəti çox sevir qadın, Ah... mənsəb!.. Ah, şöhrət!.. Yaranmasaydın!
  • İKİNCİ PƏRDƏ Üçüncü və dördüncü şəkillərin qısa məzmunu. İbrahim xan qonşu dövlətlərin təzyiqlərindən narahatdır. Vaqifdən məsləhət almaq istəyən xan ondan məzəmmət eşidir; vəzir xanı zalımlıqda, xalqla ədalətsiz rəftar etməkdə günahlandırır. Vaqifin Qacara yazdığı sərt cavab məktubu göndərilir. Qızına baş çəkməyə gələn Əminəni Vaqifin evindəki mehribançılıq sevindirir. Xuraman isə başqa cür fikirləşir. Vaqifin fikirli-düşüncəli davranışı, var-dövlətə biganə olması onu açmır. İbrahim xandan göstəriş alan qarı və Şeyx, Xuramanı Vaqifdən boşanaraq İbrahim xana ərə getməyə razı salırlar. Əhvalatdan xəbərdar olan Gülnar Xuramanın qərarını Vaqifə bidirir. Vaqif sarsılır, lakin Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. ÜÇÜNCÜ PƏRDƏBeşinci və altıncı şəkillərin qısa məzmunu. Ordugahında Qarabağ xanından cavab gözləyən Ağa Məhəmməd şah Qacarı Vaqifin yazdığı məktubun məzmunu hiddətləndirir. Şuşanın təslim edilməyəcəyini bilən Qacar qəzəbini soyutmaq üçün əsir gürcü qardaşlarını bir-biri ilə vuruşmağa məcbur edir. Qarışıqlıqdan istifadə edən qapıçı gürcü əsirlərinin – Tamaranın və qardaşlarının qaçmasına imkan yaradır. Onlar dağlarda məskən salan qaçaq Eldarın dəstəsinə rast gəlirlər. Eldar gürcüləri hörmətlə qarşılayıb qonaq edir, sonra vətənlərinə yola salır. Əli bəy vasitəsilə Vaqifdən sifariş alan Eldar Qacarın qoşununa hücuma keçir. YEDDİNCİ ŞƏKİL Dağlıqdır, arxada şiddətli top səsləri, tüfəng səsləri eşidilir. Dağ arxasından, Qacarın ordusu tərəfindən yandırılmış kəndin alovları göyə qalxır. Uzaqdan arvad-uşaq fəryadları eşidilir. Q a c a r (yanan kəndin alovlarını dağ başından seyr edərək.) Yan, yan, tərlanların yaşıl yuvası! Ruhuma can verir ölüm havası... Çıxsın asimana odlar, alovlar, Göylərdən od töksün yerə ruzigar! Yan, yan! Kömür olsun hər qaya, hər dağ, Baş əysin hökmümə bütün Qarabağ! ... Mənim vicdanım da, qəlbim də qandır, Dünya qan üstündə bir xanimandır... V ə z i r. Buyruq sizinkidir, adil hökmdar, Sizdə fəzilət də, ədalət də var. Q a p ı ç ı (qaçaraq yaxınlaşaraq.) Şahım! Bağışlayın, hüzurinizə Bir kəndli gəlmişdir, sözü var sizə. Q a c a r. De, gəlsin! Q a p ı ç ı. Gəl, ata, gəl, budur Qacar! Qoca kəndli yaxınlaşır. Q o c a. Sizə bir sözüm var, böyük hökmdar! Mən bu yanan kəndin ağsaqqalıyam, Ellərin dərdindən bir az halıyam. Yanır od içində körpə uşaqlar, Bizim kəndlilərin nə təqsiri var? Əmr edin, dayansın yanğınlar, barı, Xaraba qoymayın bu obaları! Bu dağlar qoynunda aslan yatmışdır, Burda Koroğlular at oynatmışdır... Q a c a r (hiddətlənərək qocanın səsini kəsir.) Yaxşı, sus, qoca köpək! (Kinayə ilə.) “Burda Koroğlular at oynatmışdır...” Qacar gedir. Q o c a (Qacarın arxasınca.) Ah, cəllad, bimürvət! İndi qulaq as, Süleyman dünyası sənə də qalmaz. (Qalxıb gedir. Qacar yenə qayıdır. Qaya başında dayanır. Bu arada Qacarın sərkərdəsi tələsik gəlir.) S ə r k ə r d ə. Şahım! Arxa cəbhə çox qorxuludur, Elə bil, doğrudan, cahan yoludur... Eldarın dəstəsi gəlir irəli, Qırır sərçə kimi bizimkiləri; Odur, yaxınlaşır! Gizlənin, barı... Oralar bərkdir... Q a c a r. Çəkin atları! Bir bölük göndərin arxaya sarı, Qabağı saxlasın gizlənincə biz. S ə r k ə r d ə. Budur, burdadır ki, əsgərlərimiz. (Qapıçı gəlir.) Q a p ı ç ı. Şahım! Qarabağın şeyxidir gələn. Q a c a r. De, gəlsin! (Şeyx bir dəstə əyan ilə gəlir.) Ş e y x. Ey şahım! Ey fəxri-vətən! Sizin yolunuzu gözləyirdik biz, Sizə duaçıdır nəsillərimiz... Buyurun, qapımız açıqdır sizə; Yurdu tapşırırıq əllərinizə. Q a c a r (kinayə ilə.) Yaxşı, bəs nə oldu, o İbrahim xan? Ş e y x. Siz arxayın olun İbrahim xandan! Bu gecə qaçmışdır o, Dağıstana! Q a c a r. Ha... ha... ha... Qaçmışdır kələbaş dana! Yaxşı, qoşul bizə, bizimlə də get, Bu vəhşi dağlarda bələdçilik et! Ş e y x. Buyurun, buyurun! (Gedirlər. Bir bölük əsgər danışa-danışa qabağa gəlir.) T e y m u r. Əlimiz, dişimiz, tüfəngimiz qan, Yorulub bezmədik vuruşmalardan... Dünyadan doymadı şahların gözü, Lap cana doymuşam bunlardan, düzü. Ə s g ə r. Dava meydanında bir əsgərik biz, Nə desə hazırıq, öz sərkərdəmiz, Sən nə danışırsan?.. T e y m u r (kinayə ilə.) “Bir əsgərik biz!..” Yıxır evimizi öz əllərimiz... Axmaq! Bu dediyin davalarda sən Gülləyə rast gəlib it kimi ölsən, Şahların keyfindən nə azalacaq? Ə s g ə r. Orduya pozğunluq gətirmə, sarsaq! Bizi qırıb tökür bir qaçaq Eldar. T e y m u r. Nə qədər qırsa da, onun haqqı var; Bu torpaq onundur! Ə s g ə r. Aha!.. satqınsan! (Qılınc vuruşuna keçirlər. Əsgərlər toplaşıb, iki tərəf olub vuruşurlar. Bu halda Eldarın dəstəsi görünür. Vuruşma gedir. Teymur və bir neçə əsgər Eldar tərəfə keçirlər.) Teym u r. Biz də sizinləyik, gəlin, qardaşlar! E l d a r. And için qılınca! (Əsgərlər qılınca and içirlər. Vuruşma davam edir. Qacarın əsgərləri qaçmağa məcbur olurlar. İlyas arxadan Eldarı vurmaq istəyir, tüfəng açılmır, ikinci dəfə atana qədər Kürd Musanın gülləsi onu yıxır.) E l d a r. Bu nədir, ay Musa?! K ü r d M u s a. Nolacaq?! Heyvan Vurmaq istəyirdi səni arxadan. E l d a r. Yaxşı, di durmayın, dayanmaq olmaz! K ü r d M u s a. Tələsmə, gözləyək burdaca bir az, Arxada qalanlar gəlib çatsınlar. (Bu arada Əli bəy bir neçə adamla tələsik gəlir.) Ə l i b ə y. Ayə, hardasınız?.. Eldar, ay Eldar! E l d a r. Əli bəy, sən hardan? Tez ol, bir danışƏ l i b ə y. Eldar! Daha bizə ümid qalmamış, Çəkilin meşəyə, çəkilin, Eldar! Nahaq qırılmasın bizim adamlar. E l d a r (hirsli.) Əli bəy! Nə olub? Bir danış, niyə, Sən nə danışırsan? Necə, geriyə? Ə l i b ə y. Qaçdı tülkü kimi, qaçdı qabaqdan... Qaçdı İbrahim xan, açıldı yollar, Bizə qəh-qəh çəkib güləcək Qacar... E l d a r. Yox... yox... basılmaz Vətən! Hələ bu dağlarda ölməmişəm mən. Durmayın, çəkilin tez meşələrə! Bizim yuvamızdır bu dağ, bu dərə. Böyük bir qüvvətlə yenə gələrik, Qacarın üstünə biz də gülərik. (Eldar gedir, adamları da onun arxasınca geri çəkilirlər.) SƏKKİZİNCİ ŞƏKİL Qarabağ. Şuşa qalası. Xan sarayı. Qacarın kef məclisi. Məclisdə əyanlar, bəylər iştirak edirlər. Q a c a r (böyük bir qürurla.) Keçdi pəncəmizə gözəl Qarabağ, Öpsün qılıncımı hər qaya, hər dağ. Mən Qacar nəsliyəm, şahlar şahıyam, Mən də yer üzünün bir Allahıyam. Gərək biz qoymayaq daşı daş üstə, Atın yığın-yığın leşi baş üstə!.. V ə z i r. Buyruq sizinkidir, adil hökmdar, Sizdə fəzilət də, ədalət də var. Ş e y x. Ey böyük hökmdar! Ey ulu Qacar! Sizdəki qüvvətə baş əyir dağlar. Biz də sayənizdə ömür sürürük, Bu fani aləmdə ağ gün görürük. Sizə kömək olsun böyük Yaradan, Bu müqəddəs kitab, müqəddəs “Quran”. Q a c a r (xanəndələrə kinayə ilə.) Belə deyirlər ki, ağladır yeri Sizin Qarabağın xanəndələri. Hünəriniz varsa, bir “Rast” oxuyun! X a n ə n d ə (oxuyur.) Gözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından, Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından... Çəmənlər, yasəmənlər göz vurub min cilvə göstərsə, Durar könlüm, çıxar seyrə həyatın qəm otağından... Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır, Düşər bir gün laçın könlün şeir-sənət marağından. Q a c a r. Qəzəl Vaqifindir? Ş e y x. Bəli, Vaqifin! Q a c a r. Nə oldu? Onu tez tapıb gətirin! (Sərkərdə baş əyib çıxır.) Vəzir! Bu, doğrudan, böyük qüdrətdir, Hər sözü, söhbəti canlı sənətdir. Böyük təhlükədir bu şair bizə, Sən nə fikirdəsən? V ə z i r. Nə deyim sizə, Buyruq sizinkidir, adil hökmdar, Sizdə fəzilət də, ədalət də var. Ş e y x. Şahım! Təhlükədir Vaqif, doğrudan, Onu gözünüzdən qoymayın bir an... Deyir, qanunlarda yoxdur həqiqət, Deyir ki, pərdədir bütün şəriət. Nədənsə el-oba çox sevir onu, Bilməyir bu qədər tərs olduğunu. Bir də, bərk dostudur o qaçaq Eldar – Sizin düşməniniz, bəli, o murdar! Vaqif yaşadıqca – qorxudur bizə, Şair görünməsin gözlərinizə!.. Q a c a r. Yazdığı cavabdan bilmişəm onu, Dayan, sovuraram göyə tozunu! Qoy gəlsin, əylənib gülüşək bir az, Bizim dilimizi o bağlayammaz. (Vaqifi gətirirlər.) Q a c a r (heyrətlə.) Aha... baş əyməyir hüzurumda bu! Ş e y x. Yoxdur vicdanında qanun qorxusu. Q a c a r (Vaqifə.) Şair, hökmdarın hüzurundasan! V a q i f. Bunu sizsiz belə düşünürəm mən. Q a c a r. Bəs baş əymədiniz? V a q i f. Əymədim, bəli! Əyilməz vicdanın böyük heykəli. Q a c a r. Qılınclar toqquşub iş görən zaman, Neynər dediyiniz quru bir vicdan? V a q i f. Vicdan dedikləri bir həqiqətdir – Beşiyi, məzarı əbədiyyətdir... Q a c a r. Bəs zindan necədir, qaranlıq zindan?! V a q i f. Soyuq məzara da zinətdir insan. Q a c a r. Yenə göylərdədir şair xəyalın? V a q i f. Əzəldən hüdudu yoxdur kamalın... Q a c a r. Aha... sınayırdım idrakınızı, Doğrudan bir şair görürəm sizi, Xoşbəxt xəlq eləmiş sizi Yaradan! V a q i f. Dünyada qalacaq yalnız Yaradan!.. Q a c a r. Çox gözəl, çox gözəl, inanın ki, mən Sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, Göylərin büsatı o ulduz, o ay Sizə tapşırılsın bu gündən gərək. Ancaq bir şərtim var. V a q i f. Buyurun görək! Q a c a r. Gərək fars dilində yazsın sənətkar. V a q i f Farsın öz qüdrətli şairləri var, Nə çoxdur onlarda böyük sənətkar. Bizim bu dağların oğluyam mən də, Az-az uydururam yeri gələndə. Q a c a r. Yaxşı, gəl əl götür bu inadından, Bu qədər naşükür olmasın insan! V a q i f. Aldada bilməmiş dünyanın varı Bir məslək eşqilə yaşayanları! Mən ellər bağında azad bir quşam, Mənsəbə, şöhrətə satılmamışam!.. V ə z i r. Ayağı çarıqlı kiçik bir ölkə Böyük Firdovsilər yaratdı bəlkə?.. V a q i f. Dayan! Bu bağçanın hər bir budağı Üstündə min çiçək, min gül bitirmiş, Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş! Q a c a r (kinayə ilə.) Nizamiyə bax... Füzuliyə bax... V a q i f. Günəşi örtsə də qara buludlar, Yenə Günəş adlı bir qüdrəti var. Q a c a r. Görünür, Günəşə iştahan vardır. V a q i f. Günəşdən gizlənən yarasalardır... Ş e y x. Buna qulaq asmaq çətin peşədir. V a q i f. Niyə, qulağınız çoxdan şeşədir – Böhtan eşidəndə qızarıb yanar, Doğru söz gələndə pambıq tıxanar. V ə z i r. Sizin sözünüzün kəsəri azdır. V a q i f. Oxuyan bülbüldür, dinləyən qazdır! V ə z i r. Of... məndə olsaydı bundakı hünər!.. V a q i f. Ağılsız köpəklər ulduza hürər. Q a c a r (vəzirə.) Di, ver cavabını, nə durmusan? Din! Hə... yenə döyükür sarsaq gözlərin!.. V a q i f. Neynəsin, yazığın nə təqsiri var? İşıq güclənəndə çaşar qarovlar... Ş e y x (kinayə ilə.) Şairə sənətdir tikanlı sözlər. V a q i f. Sözdən qızarmaz ki, bozarmış üzlər... (Qapıçı daxil olur.) Q a p ı ç ı. Şahım, bir qoca var, gəlsin içəri? Q a c a r. De, gəlsin. (Vidadi daxil olub təzim edir.) V i d a d i. Hakimin hökmü, hünəri Onun vicdanilə qardaş olmalı! Bizə qalmayacaq dünyanın malı... (Vaqifi göstərərək) Şairdir... qəlbi var, şirin sözü var, Böyük bir ölkənin onda gözü var, O ölsə... dağlar da dil deyib ağlar, Əfv edin... yaxşılıq qalır yadigar. Q a c a r. Dinin düşmənidir, o ölsün gərək! V i d a d i. Xeyr! O, Vaqifdir, eşqə gələrək Bəzən qamçılayır zəmanəsini, Allah da çox sevir şeirin səsini. Q a c a r (acıqlı.) Allah da çox sevir? Allaha yalvar, Onun məndən də çox ədaləti var, Əgər bacarırsa, qoy sağ saxlasın... V i d a d i. Siz hökmdarsınız... Q a c a r. Yaxşı, qoca, mən, Artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyəm yazan əlini, Bir də həcv deyən acı dilini. Razısan? V a q i f. Razıyam, böyük hökmdar!.. Mərhəmət sahibi olur ağalar. Eyb etməz, sizə də çatar bir əvəz, Qatır cinsisiniz, doğub-törəməz. Q a c a r. Vaqif, indi get, Saray həyatını büsbütün tərk et, Gərək yaşamasın qədirnaşünas! V a q i f. Sənsə həqiqətin ağzına daş bas! Mən az görməmişəm bu sarayları, Burda göyə çıxan ahü-vayları... Görmüşəm şahların vəfasını mən, Xanların zülmünü, cəfasını mən. Görmüşəm zamanın min rüzgarını, Dustaq anaların göz yaşlarını. Nifrət! Qan çanağı taclara nifrət! Var olsun azadlıq, bir də məhəbbət... un azadlıq, bir də məhəbbət... (Çıxır.) Q a c a r (hiddətlənərək, Vaqifin arxasınca.) Aparın, aparın onu zindana, Göz dağı çəkdirin Azərbaycana! V i d a d i. Qızılı udsa da qara torpaqlar, Yenə qiymətini özündə saxlar... (Çıxır.) Q a c a r. Bəri bax, dayanma, burda, Zülfüqar! Vaqifi zindana sən özün apar, Bir quş da səkməsin onun yanından! Q a p ı ç ı (ikimənalı.) Baş üstə, yatmaram gecəni bir an, Əsən küləkdən də gözlərəm onu... Q a c a r. Mənim vicdanım da, qəlbim də qandır, Dünya qan üstündə bir xanimandır!.. V ə z i r. Buyruq sizinkidir, adil hökmdar, Sizdə fəzilət də, ədalət də var... Q a c a r (dəlicəsinə.) Dağılın, dağılın, boğuldum yenə... (Hamı çıxır.) Q a c a r (öz-özünə.) Nə deyim, nə deyim tale deyənə? Könlüm ayrılmayır xanimanından, Gözlərim doymayır insan qanından. (Xəstə kimi özündən şübhələnərək.) Bu nədir, canımda üşütmələr var? Aha... nə dərindir bu uçurumlar?.. Gözlərim qaralır... aman... ölürəm!.. Ha... ha... ha... Bu nədir? Yoxsa gülürəm? Günahsız qanlarmı gözümə durur? (Özünün nəbzini tutaraq:) Yox, yox! Hələ qəlbim qaydayla vurur, Xeyr, ölməmişəm, hələlik sağam, İndi mən ölümlə çarpışacağam!
  • Səməd Vurğun ilk və ən qüvvətli dram əsəri olan “Vaqif”i 1937-ci ildə yazmışdır. M.P.Vaqifin həyatı, yaradıcılığı ilə şair hələ kiçik yaşlarından maraqlanmış, əsərlərini sevə-sevə oxumuş, ona ayrıca şeir də həsr etmişdir. Lakin pyesi yalnız Vaqiflə, onun həyatı ilə bağlamaq doğru olmaz. Tarixi mövzuda yazılan, lakin tarixi hadisələrə müəllifin sərbəst yanaşması ilə seçilən bu dramda bədii həlli verilən problemlər çoxdur. Mənbələrin araşdırılması əsərin mövzusu, şairin bu mövzuya müraciət etməsinin səbəbi barədə geniş və əsaslandırılmış fikir söyləməyə imkan verir. Yalnız S.Vurğunun yaradıcılığında deyil, ümumən, ədəbiyyatımızda kamil sənət nümunəsi sayılan “Vaqif” pyesinin böyük maraqla qarşılanmasının, oxucuların – tamaşaçıların dərin rəğbətini qazanmasının səbəbi çoxdur. Bunlardan biri əsərdə qüvvətli xarakter və əməlləri ilə yaddaqalan obrazların yaradılmasıdır. Onların sırasında Vaqif birinci yerdə dayanır. Oxucu – tamaşaçı bu obrazı hərtərəfli tanımaq imkanı əldə edir; Vaqif – İbrahim xan, Vaqif – Vidadi, Vaqif – Qacar, Vaqif – Eldar, Vaqif – Xuraman və digər xətlər onu dövlət xadimi, həqiqi dost və bu kimi fərqli yönlərdən səciyyələndirməyə imkan verir. Bunun üçün mənbələrdən toplanmış məlumata əsaslanmaqla pyesin mətninə yenidən müraciət etmək faydalıdır. İbrahim xan obrazı pyesin ümumi ruhuna, yazıçı məqsədinə uyğun olaraq əks qütbün təmsilçisi kimi işlənmişdir. Xalqa, vətənə münasibətdə Vaqiflə onun arasında dərin uçurum vardır. Onlar bir insan, şəxsiyyət kimi də fərqli qütblərdə dayanırlar. Pyesdəki təsvirlər, mənbələrdən əldə olunan məlumatlar bu iki obrazı müqayisəli səciyyələndirməyə şərait yaradır. Ağa Məhəmməd şah Qacar həm istilaçı hökmdar kimi, həm də şəxsi keyfiyyətləri ilə özünə nifrət qazandırır. Kəndləri, şəhərləri xaraba qoymaqdan, günahsız insanları qətlə yetirməkdən doymayan bu müstəbid hökmdarın iç üzü Vaqiflə qarşılaşma səhnəsində bir daha üzə çıxır. Məlum olur ki, o, doğma dilinə, mənsub olduğu xalqa da nifrət edir. Qacarı İbrahim xanla birləşdirən ümumi cəhətləri də var. Bunun aydınlaşdırılması, ümumiyyətlə, bu obrazın hərtərəfli səciyyələndirilməsi pyesdəki təsvirlərin bir daha nəzərdən keçirilməsi, mənbələrdəki məlumatların öyrənilməsi sayəsində mümkün olur. Əsərdə Vidadi yalnız sədaqətli dost kimi təqdim edilməmişdir. O, insanın halına yanan, ədalətsizliyə, zülmə nifrət edən, sadə yaşayışa qane olan təvazökar, xeyirxah el sənətkarıdır. Pyesdə az görünsə də, diqqəti dərhal çəkən Eldar sadə zəhmət adamlarını, xalqı təmsil edir. Vaqifin onunla əlaqəsi, dostluq etməsi təsadüfi deyildir; bu, “böyük vəzirin” xalqla bağlılığı, həqiqi xalq şairi olması deməkdir. Eldar İbrahim xanın simasında ədalətsiz hakim təbəqəyə, Qacarın timsalında işğalçılara qarşı duran vətənpərvər bir qəhrəmandır. Vaqif – Eldar xəttinin araşdırılması müəllif niyyətinin başa düşülməsini asanlaşdırır. Vaqifin xarakterinin, həyata baxışının aydınlaşdırılmasında Xuraman obrazının rolu az deyildir. Ona həqiqi qiyməti də elə Vaqifin özü verir. Dəbdəbə, şöhrət əsiri olan bu qadının yanlış addım atmasının səbəbini dünyagörmüş şair doğru müəyyənləşdirir. Mənbələrdəki fikirləri öyrənməklə əsərə yenidən müraciət olunması Xuraman obrazı barədə əsaslandırılmış nəticənin çıxarılmasına səbəb olur. Pyesdəki Əli bəy, Gülnar, Eldarın silahdaşları, Vəzir, Şeyx və b. nitq, davranış və əməlləri ilə fərqlənən maraqlı personajlardır. “Vaqif” pyesinin maraqla oxunmasının, uzun illər səhnədə oynanılmasının bir mühüm səbəbi onda bədiiliyin yüksək səviyyədə olmasıdır. Şairin poeziyasına məxsus bütün gözəlliklər pyesin hər səhifəsində, hər misrasında özünü göstərir. S.Vurğun şeiriyyətinin incəliyi, şirinliyi, rəvanlığı oxucunu – tamaşaçını heyran edir, əhvalat və hadisələri intizar içində, böyük zövq duya-duya izləməsinə səbəb olur. Mənzum dramda obrazların nitqinin fərdiləşdirilməsi böyük ustalıq tələb edir, bunu pyesdə ardıcıl müşahidə etmək olur. Maraqlıdır ki, şair bu cəhətə hətta epizodik obrazların nitqində də xüsusi diqqət yetirir. Orijinal məcazlar, aforizm şəklində bu gün də dillərdə əzbər olan misralar pyesin bədii məziyyətini artıran vasitələrdəndir. Monoloqlar yığcamlığı, dialoqlar canlı, məntiqli olması ilə əsərdə bədiiliyin güclənməsinə əhəmiyyətli təsir etmişdir. Vaqif – İbrahim xan, Vaqif – Qacar, Vaqif – Vəzir arasındakı dialoqlar kəskinliyi ilə diqqəti xüsusilə cəlb edir. Bu dialoqlar adi deyişmə deyil, fərqli baxış, dünyagörüş, əməl və qəlb sahiblərinin çarpışmasıdır. Mükəmməl kompozisiya, süjet əlvanlığı dramın bədiiliyini şərtləndirən mühüm vasitələr kimi dəyərləndirilməlidir. Hadisələrin məntiqi ardıcıllığı, bir-biri ilə əlaqəsi və çevik şəkildə əvəzlənməsi şairin dram sənətinin sirlərinə dərindənyiyələndiyini təsdiq edir. Əsəri bədii cəhətcə zənginləşdirən vasitələr hansılardır? Mənbələr üzrə araşdırma, mətnə yenidən müraciət əsərin bədii xüsusiyyətləri barədə əhatəli fikir yürütməyə, əsaslandırılmış nəticə çıxarmağa səbəb olur. Sərt sovet ideologiyasının dar çərçivəyə saldığı ədəbiyyatın yarandığı dövrdə – 1930-cu illərin sonlarında “Vaqif”in meydana gəlməsi, əslində, mühüm ədəbi hadisə idi. Əsərdə vətənpərvərliyin qızğın təbliği, qəhrəmanlıqlarla dolu tarixi keçmişin xatırladılması, xalqın qüdrətinə inam, dövlətin idarə edilməsində yol verilən xətaların acınacaqlı nəticələri və s. kimi məsələlərin təsviri həmin illərdə oxşar mövzularda yazılan əsərlərin məzmunundan kəskin şəkildə fərqlənirdi. Oxucu və tamaşaçılarda tarixi keçmişlə bağlı yaddaşın dirçəlməsində, milli qürur hissinin baş qaldırmasında və güclənməsində pyesin misilsiz xidməti danılmazdır. Əsərin ideya zənginliyi barədə danışanlar haqlıdırlar. Bunun bir səbəbi də pyesdə qaldırılan və bədii həlli verilən problemlərin çox olmasıdır. Mənbələrin araşdırılması bütün bunların açıqlanmasına, əsas ideyanın müəyyənləşdirilməsinə imkan yaradır.
  • MÜHAZİRƏ 11.
  • RƏSUL RZANIN HƏYAT VƏ YARADICILIQ YOLU. 
  • Göyçayda – Mirzə İbrahimin ailəsində dünyaya göz açan Rəsul Rza ilk təhsilini burada almışdır. Atasının vəfat etməsi ailənin maddi vəziyyətini çətinləşdirmiş və o, 14 yaşında işləməyə başlamışdır. 1930-cu ildə Bakıya gələn Rəsul “Gənc işçi” qəzetində işə düzəlir. Bu, ədəbi mühitlə yaxınlaşmasında əhəmiyyətli rol oynayır; o, M.Müşfiq, M.Hüseyn, S.Rüstəm və digər sənətkarlarla tanış olur. 1920-ci illərin sonlarında ilk qələm təcrübələrini yazan, Tiflisdə “Yenifikir”, “Dan ulduzu” məcmuələrində çap etdirən Rəsulda bədii yaradıcılığa ciddi həvəs yaranır. O, müxtəlif təhsil ocaqlarında – Tiflisdə Zaqafqaziya Kommunist Darülfünunun kooperasiya kursunda, Bakıda Tibb İnstitutunda, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında, Moskvada Millətlər İnstitutunda və s. oxusa da, taleyini ömürlük olaraq sənətə həsr etmişdir. İlk mətbu əsərini – “Bir gün” adlı şeirini Tiflisdə “Qığılcım” almanaxında 1927-ci ildə dərc etdirən R.Rzanın “Çapey” adlı birinci kitabı 1932-ci ildə işıq üzü görür. Hələ 1931-ci ildə yazdığı “Bolşevik yazı” şeiri ədəbiyyata yeni nəfəsli, fərqli üslublu gəncin gəldiyindən xəbər verirdi. Yeni çıxan kitabda isə dünyada baş verən mühüm hadisələrə münasibətdə ayıq-sayıq mövqeyi, kəskin məntiqi mühakimələri ilə seçilən şairin gur səsi eşidilirdi. R.Rzanın sonrakı kitabları – “Qanadlar” (1935), “Çinar” (1939) oxucuların bu qənaətini daha da möhkəmləndirdi; təsvir etdiklərinin daxili mənasını açmaq, lirik qəhrəmanın hiss və duyğularını, mənəvi inkişafını yaddaqalan cizgilərlə diqqətə çatdırmaq istəyi bu şeirlərin əksəriyyətində özünü qabarıq göstərirdi. Müharibə R.Rzanın həyatında və yaradıcılığında ciddi dönüş yaratdı. O, könüllü olaraq cəbhəyə yollandı. Krımdakı Azərbaycan diviziyasında hərbi müxbir kimi fəaliyyətə başlayan şair tez-tez ön cəbhəyə yollanır, əsgərlərlə görüşür, şeir və publisistik yazıları ilə onları qələbəyə ruhlandırırdı. Müharibə mövzusunda onlarla lirik şeir yazan şair “Vətən”, “Bəxtiyar”, “İntiqam!.. İntiqam” və s. kitabları ilə oxucuların rəğbətini qazandı. Bu kitablarda toplanmış şeirlərin (“Azərbaycanlı döyüşçülərə”, “Dörd yüz on altı”, “Pilot qardaş”, “İntiqam” və s.) əksəriyyətində sərt, kəskin mühakimə ilə yanaşı, həzin bir lirizm də duyulur. Bu, təsvir olunan döyüşçü obrazını oxucuya daha yaxın, munis etməklə yanaşı, əsərin maraqla, intizarla oxumasına da səbəb olur. Belə şeirlərdən biri ön və arxa cəbhədə maraqla oxunan “Bəxtiyar” idi. Sayca çox olan düşmənlə qarşılaşan Bəxtiyarın qorxmazlığı, düşmənə nifrəti inandırıcı, təbii boyalarla təsvir edilir. Şair sanki qəhrəmanının yanındadır, ona hayandır:
  • Külək qarı səpələr, Bəxtiyar!
  • Ağ geyinib təpələr, Bəxtiyar!
  • Gecə qara, yol uzaq, qardaşım,
  • Göylər bulud, çöl-düz ağ, qardaşım.
  • Kaman çalan kimdir o, Bəxtiyar?
  • Küləkdi, ya simdir o, Bəxtiyar?
  • R.Rza cəbhədə tanış olduğu tibb bacısını 1943-cü ildə yazdığı “Vəfa” pyesinin qəhrəmanının prototipi kimi seçmişdir. Əsər dəfələrlə tamaşaya qoyulmuşdur. Şair müharibə mövzusuna yaradıcılığının sonrakı illərində də müraciət etmişdir. Müharibədən sonrakı illərdə R.Rzanın yaradıcılıq axtarışları daha da genişlənir. İndi dünya, insan və onun taleyi üçün narahat bir sənətkarın düşüncələrinin geniş əks olunduğu fəlsəfi lirikanın təkrarolunmaz nümunələri yaranmağa başlayır. Bu şeirlərdə insana hörmət, dərin məhəbbət, onu bütün xəbis hislərdən və pisliklərdən uca görmək arzusu ön plana keçir. İnsanın öz ləyaqətini anlaması, şərəfli və xoşbəxt ömür yaşaması şairin ən önəmli istəyinəçevrilir. “Mən torpağam”, “İnsan şəkli”, “Açın qapıları, insan gəlir” və s. şeirlərində oxucu şairin bu qəbildən yüksək ideallarının parlaq ifadəsini görür... ... İnsan qardaşlığı, İnsan ülfəti yaradın. Qəlbinizdə məhəbbəti artırın, Böyük olsun, qaynar olsun! İnsan məhəbbətilə Yer üzü bahar olsun! Şairin lirikasındakı bu axtarışlar onun “Vaxt var ikən”, “Duyğular, düşüncələr”, “Pəncərəmə düşən işıq” və s. kitablarına toplanan şeirlərdə geniş əksini tapmışdır. Ədəbiyyatda böyük əks-səda yaratmış “Rənglər” silsiləsinin də mahiyyətində, əslində, insana məhəbbət hissinin ifadəsi dayanırdı. Xalqımızın yaddaşındakı rəng yozumunu da diqqət mərkəzində saxlayan şair rənglərin və onların çalarlarının doğurduğu assosiasiyaları maraqlı poetik dillə ifadə etmiş, ənənədən uğurla bəhrələndiyini və novator mövqeyini təsdiqləmişdir. R.Rzanın poemaları müxtəlif mövzularda yazılsa da, onları birləşdirən cəhətlər də az deyildir; insana dərin məhəbbət, böyük, yaradıcı şəxsiyyətlərin ölməz amallarının yaddaşlarda dirçəldilməsi və s. bu qəbildəndir. Bu əsərlərdə M.Füzulinin (“Füzuli”), İ.Nəsiminin (“Son gecə”), M.Ə. Sabirin (“Xalq şairi”), M.Müşfiqin (“Qızılgül olmayaydı”) parlaq sənətkar-vətəndaş obrazları yaradılmışdır. Şair bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur. O, N.Gəncəvinin “Xosrov və Şirin” poemasını, A.Puşkinin, M.Lermontovun, T.Şevçenkonun, N.Hikmətin, V.Mayakovskinin və b.-nın əsərlərini uğurla dilimizə tərcümə etmiş, bu sahədə də oxucuların rəğbətini qazanmışdır.
  •   MÜHAZİRƏ 12.
  •   MİR CƏLALIN HƏYAT VƏ YARADICILIQ YOLU. ‘’AÇIQ KİTAB’’ ƏSƏRİNİN MƏZMUNU VƏ TƏHLİLİ.
  • Mir Cəlal Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Uşaqlıqda ailəsi ilə birlikdə Gəncəyə köçmüş, ibtidai təhsilini burada almışdır. Uşaqlıq və gənclik illəri Gəncədə keçmiş, buradakı qaynar ədəbi mühit onda bədii yaradıcılığa meyil yaratmışdır. Gəncə Pedaqoji Texnikumunda təhsil alan Mir Cəlal bir müddət Gəncə və Gədəbəy məktəblərində müəllimlik etmiş, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. 1930–1932-ci illərdə o, Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsil almışdır. Sonra Bakıya qayıdaraq təhsilini Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında davam etdirmişdir. Bir müddət elmi fəaliyyətlə məşğul olmuş, mətbuat sahəsində çalışmışdır. 1933-cü ildən ömrünün sonunadək pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. Mir Cəlalın yaradıcılıq fəaliyyəti çoxcəhətlidir. Bədii yaradıcılıq, publisistika və elm sahəsində uğurla fəaliyyət göstərən ədib daha çox yazıçı kimi şöhrət qazanmışdır. XX əsr Azərbaycan bədii nəsrinin yaradıcılarından olan Mir Cəlal hekayə, povest və romanları ilə yüksək ədəbi mövqe qazanmışdır. O, ədəbiyyatımızda kiçik hekayənin əsas yaradıcılarındandır. “Molla Nəsrəddin” məktəbinin ədəbi ənənələrinə xüsusi ehtiramla yanaşan yazıçı Azərbaycan hekayəsini yaşadığı dövrün mövzuları və problemləri ilə zənginləşdirmişdir. Sadəlik, təbiilik sənətkarın “Həkim Cinayətov”, “Bostan oğrusu”, “Təzə toyun nəzakət qaydaları”, “Badam ağacları”və digər hekayələrinin əsasını təşkil edir. Yazıçının fərdi üslubunun özünəməxsusluğunu ifadə edən “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955) kitablarında toplanmış əsərlər yüksək ideya-bədii keyfiyyətləri, xəlqiliyi ilə oxucuya saf, səmimi hislər aşılayır. Mir Cəlal “Dirilən adam” (1934) əsəri ilə Azərbaycan ədəbiyyatına mükəmməl tale romanı yaradan yazıçı kimi daxil olmuşdur. Əsərdəki Qədir obrazı sərt ictimai mühitin girdabından çıxmaq üçün var gücü ilə mübarizə aparan, lakin cəmiyyətdə dayaq tapa bilməyən insanların keşməkeşli taleyini özündə ümumiləşdirir. 1941-ci ildə yazılmış, müharibə başladığı üçün 1944-cü ildə çap olunmuş “Açıq kitab” romanında tutduğu doğru yoldan dönməyən yeni nəslin uğurlarının labüdlüyü, maarifçi mühiti bulaşdıran insanların faciəsinin ictimai mahiyyəti açılıb göstərilir. “Yaşıdlarım” (1946) avtobioqrafik romanında qocaman yazıçı Kərimzadənin taleyini əks etdirməklə maarifçi durumun fərqli meyillərinə işıq salan yazıçı, əslində, milli ziyalılığın problemlərini diqqət mərkəzinə çəkmişdir. Mir Cəlalın “Bir gəncin manifesti” (1938) romanı isə ədəbi tənqiddə haqlı olaraq Azərbaycan ədəbiyyatının yeni dövrünün manifesti kimi təqdim edilmişdir. Bu əsərdə ədibin realizmi bütün gücü və geniş imkanları ilə qabarıq nəzərə çarpır. Romanda yazıçı təkcə əsərin qəhrəmanı Baharın haqlarını müdafiə etmək, ədalətsiz cəmiyyətin əzdiyi insanın çağırışlarını əks etdirməklə kifayətlənmir, bütövlükdə insanlığın manifestini canlandırır. “Yolumuz hayanadır” (1957) romanında isə tarixiliklə müasirlik öz əksini üzvi əlaqədə tapmışdır. Əsərdə Azərbaycan satirik şeirinin banisi Mirzə Ələkbər Sabirin keşməkeşlihəyatı və ədəbi mübarizəsinin fonunda sənətkar və zaman münasibətlərinin məsuliyyəti və gərginliyi ön mövqeyə çəkilmişdir. Bu əsərdə həm də Mir Cəlal zamanına görə müasir mövzularda dilə gətirilməsi çətin olan vətəndaşlıq qayəsi haqqındakı baxışlarını ifadə etmişdir. Əsər həm də müəllifin ürəkdən bağlı olduğu “Molla Nəsrəddin” ədəbi məktəbinə,bu məktəbin görkəmli nümayəndələrinə böyük ehtiramın bədii ifadəsi kimi əhəmiyyətlidir. Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslıq elminin qiymətli nümunələrini yaratmışdır. Onun M.Füzulinin yaradıcılığına həsr olunmuş “Füzuli sənətkarlığı” monoqrafiyası orta əsrlər Azərbaycan poeziyası haqqında mühüm elmi mənbədir. Mir Cəlalın “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasında maarifçi realizm, tənqidi realizm və romantizm cərəyanlarının elmi-nəzəri məsələləri tədqiq edilmişdir. Böyük demokrat ədib C.Məmmədquluzadənin yaradıcılığının əsl mahiyyətini, sənətkarlıq xüsusiyyətlərini açan tədqiqatları ilə o, Azərbaycan ədəbiyyatında realizmin özünəməxsus cəhətlərinə aydınlıq gətirmiş, ədəbiyyatşünaslıq elmini daha da zənginləşdirmişdir. Mir Cəlalın həmmüəllif olduğu “Ədəbiyyatşünaslığın əsasları”, “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliklərindən ali məktəblərimizdə indi də dəyərli mənbə kimi istifadə olunur.
  • ‘’AÇIQ KİTAB’’.
  • İlin o vaxtı idi ki, yay istisi adamların canından yenicə çıxmış, soyuq isə hələ kar eləməmişdi. Pəncərələr yenicə örtülür, qış tədarükü yada düşürdü. Sadıq kişi poçt ilə Bakıya, tələbə oğluna göndərəcəyi bağlamanı sahmanlayırdı. Üzüm yeşiyinə bir balaca bərni bal ilə bişirilmiş halva, bir neçə gülöyşə nar, alma-armud qoymuşdu. Fətirlərə yer düşünürdü. “İsti şeydir, – deyirdi, – bura qoysam, yağı çıxar”. “Bismillah” deyib addımını darvazadan, balaca qapıdan eşiyə atanda əlində çamadanı olan və içəri girmək istəyən adamla elə üz-üzə gəldi ki, qara çamadanla ağ bağlama bir-birinə toxundu. Gələnin üzünə baxanda yerində dondu, bir anhərəkətsiz qaldı. Sonra üzündə ani bir təbəssüm doğdu və yox oldu. Əlini oğluna tərəf uzatdı. Sual və təəccüblə onun üzünə baxa-baxa dedi: – Nə əcəb, Vahid? Nə əcəb? Bu vaxt? Vahid dinmir, cavab verməkdə çətinlik çəkirdi. Sadıq kişi dözə bilmədi. Vahidin qolundan tutub silkələdi: – De görüm, nəyə gəlmisən? Dərs vaxtı ki adamı buraxmazlar? Vahid başını aşağı saldı, zəif, məyus bir səslə cavab verdi. – Nəyə gələcəyəm... Məktəbdən çıxartdılar... – Neyləmisən, məktəbdən çıxardalar? – Bir xəbis adam var, iş başına soxulub, tələbənin düşməni! Hamısını eləyən odu. Mənə bir onu dedi ki, material verilib. – Axı nə material? – Nə material olacaq: atan arı saxlayır, kolxoza yanaşmır, nə bilim, vergi verir... Sadıq kişini heyrət aldı. Qorxulu bir şeydən qorunmaq istəyənlər kimi qollarını açdı, əllərini qabağa verdi, vücudunu geri əydi. – Arı saxlamaq qadağandır? Bunu hansı mərdimazar deyir. Qəzeti, qərarı onun gözünə soxaram mən! Vahid bu bəhanənin yersizliyini daha artıq hiss etdi: – Bəhanəsi odur ki, kolxozçu deyilsən, təksən! – Arıçıdan kolxoz var? Şəhərdə beş adam saxlayır, biri də mən! Vahid bütün təfsilatı atasına danışmağa başladı: – Partiya komitəsində işləyən var, dediyim o mərdimazar! Ondan bir gün qabaq məndən soruşdu ki, atan kolxozdadır, ya yox? Dedim, yox. Daha bir sözü olmadı. Çıxıb getdi. İki gün keçmədi ki, divara əmr asdılar, məni çıxartdılar. – Bəs direktorun ağlı hardadı? – Ağlı başındadır. Amma Gəldiyevə inanır. Partiyaçıdır, özü də büronun üzvü. Onu qoyub mənə inanmayacaq kiSadıq kişi mərdimazardan çox çəkmişdi. Oğluna atılan bu daşın bədxahlar əlindən çıxdığı xəyalına gələndə əsəbiləşdi, ürəyində dedi: “Vahid bacarmasa da, mərdimazarın öhdəsindən özüm gələcəyəm!” Vahid düz danışmırdı. Gəldiyev onun nə ictimai işə yapışmamağından, nə sözə baxmamağından, nə atasından-filanından yanıqlı idi. Vahidin qovulmasının başqa səbəbi var idi. İnşaat institutunun layihə şöbəsində Rübabə adlı bir qız oxuyurdu. Bakılı tarzən Səttarın qızı idi. Onun fikri-zikri dərs idi, təhsil idi, elm idi. Həmin illərdə ali məktəblərdə dərslər briqada üsulu ilə gedirdi. Sinifdə dərs briqadalara bölünəndə Rübabə Gəldiyevin briqadasına düşdü. Tələbələr arasında danışırdılar ki, Gəldiyev qəsdən Rübabəni öz briqadasına, ya özünü Rübabənin briqadasına salıb. Riyaziyyat dərsində Rübabə stulunu götürüb Vahidin briqadasına yanaşdı ki: “Mən sizinlə oxuyacağam”. Gəldiyev tədris müdirinə dedi, dekanı çağırdı. Rübabə dediyindən dönmədi: “Mən Vahidin briqadasında oxuyacağam, vəssalam! Gəldiyev özü nə bilir, mənə nə öyrədə! Gündə üç-dörd dərs buraxır. Onun ucundan mən də imtahandan qala bilmərəm”. Rübabə bu rəftarı ilə Gəldiyevin sinəsinə sanki bir dağ çəkdi. Gəldiyev çox götür-qoy elədi. Eşdi-eşələdi, anketləri roman kimi maraqla oxudu. Bir şey çıxmadı. Təsərrüfat müdirindən təqaüd üçün olan sual vərəqələrinistədi. Vərəqədə yazılmış bir cavabın üstünə barmaq basdı. Vərəqədə soruşulurdu: “Kənardan gəliriniz və orta hesabla aylıq miqdarı”. Vahid cavab vermişdi: “Kənardan gəlirim yoxdur. Heç yerdə işləmirəm...” Vahidin cavabını çəkə-çəkə komsomol bürosunun iclasına gətirdi. Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Onu bayıra çıxarandan sonra Gəldiyev ayağa qalxıb partiya komitəsinin adından iclasa nəticə vermək istədi: – Budur, mövhumatçılar demiş, şükür Allaha, uzaqda deyil, göz qabağındadır. Budur müzür-ünsürün siması! Bu, Nayıbov Vahidin anketi, bu da altında podpisi! Yazır, gəlirim yoxdur. Fakt ilə, sənəd ilə isbat olundu ki, atası Şuşada sürü ilə arı saxlayır. Balın girvənkəsini də filan qədərə satır. Sağa da satır, sola da satır. Kim isə yerindən söz atdı: – Atasını danmır ha... O biri sualları niyə oxumursan? Gəldiyev acıqlandı: – Dayan, dayan, yoldaş!.. – O sözünə davam etdi: – ... Filan qədər satır, sağa da satır, sola da satır! Bu il hökumətə 225 manat naloq verib, bu nə deməkdir, yoldaşlar?Abman! Bu, sovet hökumətini aldatmaq deməkdir. Öz şəxsi mənfəətinin, necə deyərlər, xeyiri üçün bizi aldatmaq! Yox, yoldaşlar, bəsdir daha! Biz arıçılara aldanmarıq! Qoymarıq! Buna yol vermərik! Hələ biz o qədər də yatmamışıq ki, düşmən üstümüzü alsın. Görün ki, biz necə adamları instituta götürmüşük! Qovmaq, institutdan, komsomoldan! Doğrudur, direktor Vahidin məsələsi müzakirə olunan iclasa gəlmişdi. Ancaq burada iştirak etmək, tələbənin taleyi ilə dərindən maraqlanmaq üçün gəlməmişdi. Vahid haqqında Gəldiyev onun qulağını doldurmuşdu. Gəldiyev “müzür-ünsür, qolçomaq balası, tərbiyəsiz...” – deyə Vahidi direktorun gözündə tamam nalayiq bir adam kimi qələmə vermişdi. Hətta onun sənədlərindəki saxtalığı eşidəndə Verdiyev bir qədər vahiməyə düşmüşdü. “Sabah bunun da məsuliyyətini çəkməli olacağıq!” Gəldiyevin odlu nitqindən, direktorun soyuq yoxlamasından sonra Vahidə tərəfdar duran az oldu. Təkliflər var idi ki: “Təhqiqat üçün komissiya seçilsin”, “yüngül tərbiyəvi cəza verilsin, töhmət olunsun”. Gəldiyev bu təklifi edənlərəaz qalırdı ki, göz ağartması verə. Muxtar onun üzünə baxdı: “Sss!” – deyə sükut istədiyini bildirdi. Sonra sözə başladı: – İki kəlmə də mən deyim. Vahid haqqında deyilənlər, əlbət ki, bir ittifaq üzvü üçün arzu olunan hərəkətlər deyil. Ancaq yoldaşlar unutmasınlar ki, canlı bir insan, özü də gənc, dünən kənddən gəlmiş bir gənc haqqında, onun taleyi haqqında söhbət gedir... Uzun mübahisə və deyişmə düşdü. Axırda qət olundu ki, təhqiqat getsin. Vahidin sənədlərini yoxlatmaq direktora tapşırılsın. Vahidin institutdan qovulmaq xəbərini eşidəndə Rübabə bərk narahat oldu. Dərsdə otura bilmədi. Rübabə axşam, dərsdən sonra Vahidi çox axtardı. Gördüm deyən yox idi. Rübabə institutdan çıxanda nə qədər özünü toxtatmaq, bikefliyini gizlətmək istəyirdisə, olmurdu. Bütün gecəni fikir-xəyal ilə keçirdi. Ancaq yaxşı bilirdi ki, qovrulmağın, ya ağlamağın xeyri yoxdur. Bu saat Vahidə əldən gələn köməyi etmək lazımdır... Vahidin məktəbdən kənar edilməsi haqqındakı əmri oxuyanda Muxtar təəccüb elədi. Birdən-birə, həm də komitədən xəbərsiz Verdiyevin belə bir əmr verməsi təəccüblü idi. Gəldiyev taxıl tədarükü müvəkkilliyində çalışanda bir balaca dolaşan kimi olmuşdu. Özündən soruşsan, deyər: “Yoldaşa daverit eləmişəm, başıma bu işlər gəlib”. Rayon icraiyyə komitəsinin sədri yazdı ki: “Ay Kərim, filan qədər taxıl burax!”. Kərim buraxdı. Torpaq şöbəsi dedi: “Qəşəng oğlan, arpa ver, atlar acdır”. Qəşəng oğlan verdi. Bir başqası zəng elədi ki: “Yoldaş Gəldiyev, bir-iki tay buğdaya gümanın gəlməzmi, bacıoğlunun toyudur, darda qalmışıq”. Gəldiyev də rədd eləmədi. “Yoldaş tədarükçü, vacib yer üçün on beş torba taxıl ayırıb mənim sərəncamıma göndərməlisən”. Tədarükçü əməl elədi... Axırı bir gün hesabdar Gəldiyevi ayıltdı. Gəldiyev hesabdarı çağırıb açarları verdi, ezam kağızını göstərib, öz haqq-hesabını yazdırdı. Axşam yatacağını, çamadanını icraiyyə komitəsinin maşınına qoyub, birbaş Yevlaxa sürdürdü... Çox çəkmədi ki, Kərim Gəldiyev institutda “mədəni hücum” ştabının rəhbəri təyin olundu. Sadıq kişi mehmanxanada və ya kənd evində yatacaq yer tutduqdan sonra oğlunun işi ücün gedəcəkdi... Onlar direktor kabinetinin ağzındakı dəhlizdə gözləyənlərə qarışdılar. Qapısında xurcunlu kişini görən direktor nəsə dedi. Sadıq kişi içəri girdi. Direktor Sadıq kişiyə yer göstərdi: – Əyləşin! Nə qulluq? – Bu mənim, biədəb də olsa, oğlumdur, yoldaş direktor! Necəsə dolaşdırıb məktəbdən qovublar. İndi neçə müddəti külfətdə ovqat-talxlıqdır. Çox xahiş edirəm, ədalətlə bu işə baxasınız, uşağı oxutmağa düzəldəsiniz. Direktor Sadıq kişiyə dedi: – İşə tanış adam burda yoxdur, Gəldiyev yaxşı bilir, sabah gəlin, baxaq. Bayramı Bakıda qalmalarına xüsusilə Sadıq kişi sevinirdi. O heç vaxt belə yerdə bayram keçirməmişdi. Vahid bələd adam kimi dala baxmadan ötür, atası da onun izincə yüyürürdü. Atası soruşmasa da, Vahid öz məktəblərini axtarırdı. Hər il institut ali məktəblər ilə bir cərgədə gələrdi. Vahid Rübabənin əlini sıxdı, Rübabə Rəşid ilə dünəndən Vahidi axtardığını dedi. Vahid onlara qoşulub, sevinclə yoluna davam etdi. Gəldiyev nizam gözləyən məsul bir adam kimi dəstəbaşını çağırıb danladı. – Yadların cərgədə nə işi var? Bayram gününün səhərisi Gəldiyev, Vahidə bir “qardaşlıq” elədi: institutun partiya komitəsi adından “məktəbin sabiq tələbəsi, hazırda ifşa olunub bayıra atılmış müzür-ünsür Nayıbov Vahid” haqqında əməlli-başlı bir xasiyyətnamə yazdı. Məktəb nümayiş komisyonunun akta oxşayan bir məlumatını da əlavə etdi. İnstitut tələbələrinin “bu müzür-ünsürə” qarşı hiddətləndiyini və onun məhkəmə vasitəsilə cəzalanmasını tələb etdiyini, əks təqdirdə işin böyüyəcəyini yazdı və möhürlədi. Direksiya adından milis rəisinə bir xahiş düzəltdi. Bu xahişi direktora imzalatmaq lazım idi. Gəldiyev kağızları alıb çıxdı, birbaş milis idarəsinə götürüldü. O, Vahidin atasının Bakıda olmağına, nizamsız camaat içində dəstələrə “soxulmağına” ayrıca məna verməyə çalışırdı. İstirahət günü məktəb binasına getmələrini, “qarovulu narahat etmələrini” söyləyir və dizinə döyürdü: “Nə bilirsən, bəlkə, sovet məktəbinə qəsdən ziyan vurmağa, odlamağa gəliblər, nə bilirsən?” Milis idarəsində bütün yazılanları, deyilənləri yığıb yoxlamaya, istintaqa verdilər. Vahidi isə Səttarzadə zəmanətə götürmüşdü. Rübabə milis idarəsinəgələndə bildi ki, komsomol komitəsi işin əsl rəngini bunlara hiss etdirmişdir. Milis işçisi bir-birinə tikilmiş müxtəlif sərlövhəli, müxtəlif həcmli, lakin eyni məzmunlu, eyni imzalı kağızlara murdar əsgiyə baxan kimi baxır, təəssüflə deyirdi: – Bəyəm belə böhtanlar birdir, ikidir!.. Vahid haqqındakı iftira kağızları arxivə veriləndən, bu barədə həm müdiriyyətə, həm institut komsomol təşkilatına yoxlama yazılandan sonra inşaat institutu rəhbər işçiləri əl-ayağa düşdülər. Gəldiyev xəlvətdə pıçıldayırdı ki: “Burada, deyəsən, rüşvət məsələsi var”. İslam Verdiyev Vahidi də, atasını da hörmətlə qəbul edib köhnə əmri dəyişdi. İKİNCİ HİSSƏ “Yeni Bakı” şəhərinin plan layihəsini çəkmək üçün müsabiqə elan olunmuş, üç mükafat təyin olunmuşdu. Vahid sevindiyindən qərarı dönə-dönə oxudu. Xəyalında dedi: “Fürsətdir!” “Yeni Bakı” plan-layihəsinin müsabiqəsi haqqında təlimat üçün plan idarəsi sədri, mühəndislər, memarlar yığılmışdılar. Gəldiyev də sədrin yanında əyləşib əlində qələm danışanları qeyd etmək niyyətində idi. Onun gözü Vahidə sataşanda lap yəqin etdi: “İştirak eləyəcək”. Gəldiyev şəxsən özü layihə düzəltmək niyyətində idi. Müsabiqədə iştirak etdiyi üçün Vahidin işindən qorxurdu. Vahid heç bir mənsəb sahibi olmasa da, mütəxəssislər arasında böyük hörməti var idi. Hətta müsabiqə haqqında danışanlar onun adını çəkir, iştiraka çağırırdılar. Vəzirbəyli camaatın qabağında açıq dedi ki, “Biz qocaman memarlarla yanaşı, Vahid kimi ümid verən istedadlı mütəxəssisləri mütləq cəlb etməliyik”. Bu da Gəldiyevə çox ağır gəldi. Öz əsərini “şirin yuxu və istirahət hesabına yaratdığı əsəri” səliqəli bir qutuda “Ürək” adı ilə müsabiqəyə təqdim etmişdi. Gəldiyev “Ürək” əsərini hamıdan qabaq münsiflər heyətinin sədri Poladova göndərmişdi. Üç gün sonra zəng edib rəyini soruşmuşdu, Poladov etiraf etmişdi ki: – Yoldaş katib, baxa bilməmişəm və yaxın günlərə söz verə bilmirəm. Gəldiyev belə fürsət axtarırdı. “Ürəy”i sədrdən alıb Vəzirbəyliyə göndərdi. Vəzirbəyli telefonu təzəcə yerə qoymuşdu ki, zəng çalındı. Gəldiyev “Ürəy”ini soruşdu: – Professor, keyfiniz-zadınız? Uşaqlar necədir? Layihəyə baxdınız, yəqin, hə? – Mən bu layihəyə baxanda, doğrudan heyrət etdim. Nə təhər olur, belə adamlar mühəndis adı alırlar? Əsərin başında müəllifin bir məktubu var ki, injenerəm, filanam, görəsən, hansı idarəni kor qoyur... Gəldiyev bir ah çəkdi: – Deməli, bəyənmədiniz, hə? – Bəyənmək nədir, əşi?! Məncə, qeyri-qanuni də olsa, bu adamın paketini açmaq, harada işlədiyini bilmək, tezliklə qovmaq lazımdır. Layihə işindən xəbəri yoxdur. Allah göstərməsin belə mühəndisləri... Guya küçələri çəkir: Bayıldan Ağşəhərəcən uzanan küçəni heç bir küçə kəsmir. Bir küçədən o birisinə keçmək üçün damlardan hoppanmaq lazım gələcək. Evlər üst-üstə minib. Bu üzdəniraq mühəndis şəhəri susuz, yolsuz, hərəkətsiz təsəvvür edir. Bina yığını! Bu həmin Vəzirbəylidir ki, Gəldiyevin diplom alandan sonra ilk tikinti işinə irad tutmuş, hörmətdən salmışdı. Vəzirbəylinin yanında Gəldiyevin dili gödək idi. Layihəni götürüb kənara qoydu, qan-tər içində Vahidin işini tapmağa ciddcəhd elədi. Gecənin birində Gəldiyev evə bir dəstə ağ, qırmızı, sarı, göy zərflər gətirdi. Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Yeddinci zərfdə Vahidin əsərini öyrənə bildi: “Açıq kitab!” Gəldiyev iki stolu birləşdirdi, pəncərələri örtüb qapını bağladı. Vahidin layihəsini səliqəylə düyməçələdi, başladı üzünü köçürməyə: – Ağca, buraya heç kəsi buraxmayacaqsan! Eşitdinmi? Düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Gündüz iki saat idarəyə qaçıb görünür, qayıdırdı. Surətini çıxarıb qurtarandan sonra bağladı, üstünə öz layihəsinin adını yazdı: “Ürək”. İstədi Vahidin layihəsini puç eləsin. Heyfı gəldi, bir də “aydın olmayan yerləri” öyrənməyə lazım olar”, – deyə büküb bir küncə qoydu. Ağcanı sayıq salmaq üçün əvvəlki tapşırığı təkrar etdi: – Ağca, bu otağa heç kəsi buraxmayacaqsan! Sözüm sözdü! Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki cavanın evlənəcəyinə şübhələnsin. Ataların razılaşdığından bir həftə sonra, bir yay axşamında Rübabəgilin böyük zalında toy məclisi qurulmuşdu. Ev qonaqlarla dolu idi. Pəncərələr hər tərəfə açıldığından şənlik, musiqi səsi küçələrə yayılırdı. Səttarzadə sol əlində tutduğu qalın, qırmızı meşin cildli kitabı qulağına aparanda hamı susdu. Səttarzadə bülbül kimi fəğanə gəldi: Məndə Məcnundan füzun aşiqlik istedadı var! Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. Səttarzadə bu beyti elə oxudu ki, hamı əl çalmaq, afərin demək istədi, ancaq bu ləzzətli musiqini bir də eşitmək arzusu hamını susdurdu. Səttarzadə kitabı qabağına qoydu, badəni qaldırıb dedi: – Qonaqlar, dostlar! Mən burda, sizin hüzurunuzda qızıma, oğluma – Rübabəyə, Vahidə bir hədiyyə verəcəyəm. Övladıma əqidəmi hədiyyə, cehiz verirəm! – Qoca xanəndə kitabı göyə qaldırdı. Ona baxan gözlərə sanki cavab olaraq daha da qaim səsləndi: – Bunun adı məbəbbətdir. Düzdür, əsil məhəbbət həyatdadır. Ancaq bu kitabda əbədi həyat olmuş bir məhəbbət oxunur. Balalarım! Füzuli kimi sevin! … Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: “Görəsən, harda qaldı?!” Vahidin orada olması Verdiyevin təşvişini daha da artırdı, kürsüyə keçən kimi bir udum su içdi. Neçə vaxtdan bəri hazırladığı müqəddiməni bitirəndən sonra “partiyanın rəhbərliyi altında institutun tarixi qələbələrə doğru addımladığından” danışmağa, qrammofon kimi ötməyə başladı. Lakin gözlənilmədən verilən tutarlı suallar onu çaşdırdı. Verdiyevin zəhri yarıldı. Niyyəti, planı pozuldu. Soyuq tər vücudunu islatdı. Gözləri alacalandı, zala baxa bilmədi. Sədr onun üzünə ittihamnamə oxuyurmuş kimi bir az yaxın gəldi, səsini ucaltdı: – Yoxsa tələbələri, müəllim heyətini aldatmaq sizə asan gəlir? Həmin iştaha ilə də bizi, iclası aldatmaq istəyirsiniz?! – Verdiyev susur, sədr suallı nəzərləheyran-heyran ona baxırdı. – Çox qəribədir! Qoy yoldaşlar danışsın, görək institutda nələr olur, bunun baisi kimdir, nədir!.. Vahidin, Muxtarın açıq, ətraflı və hərarətli danışığından sonra sədrin təklifi ilə bir qərar qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə möhkəm əl gəzdirilsin. Axşamüstü süfrəyə oturanda Ağca xanım Gəldiyevə sevincli bir xəbər verdi: – Deyəsən, müsabiqədə udursan, gözün aydın! Proyekt-byürodur, nədir, yoldaşların gəlmişdilər, əsərin üzünü verdim apardılar. Gəldiyevin boğazı qurudu, tikəsi əlində qaldı, gözü bərəldi. Durub yazı stolunun küncünə, lülə kağızların boş yerinə baxdı. Fəlakət görmüş kimi dizinə döydü. Gəldiyev köynəyinə od doldurulmuş kimi evdə oyan-buyana ha vurnuxdu, papağını başına qoyub çıxdı. Yenə qayıtdı. Nə getməyə yeri qalmışdı, nə oturmağa səbri. Quyruğu basılmış ilan kimi fısıldaya-fısıldaya oyan-buyana keçib söyür, köksünü ötürür, dodağını gəmirirdi. Hava qaranlıqlaşanda Gəldiyev köhnə pencəklərindən birini geydi, yol papağını başına qoyub evdən çıxdı. Beşcə gün bundan əvvəl plan idarəsinin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən “Ürək” adı ilə verilən layihə ikinci mükafata, “Salam” adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub zərflərin açılmasını gözləyirdilər. Poladov ayağa qalxdı: – Yoldaşlar, – dedi,– aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarını açmağa ehtiyac yoxdur. Gəldiyev tez iki zərfi sədrin qabağına qoydu: – Yoxdur, – dedi, – qazanmayanları, niyə açıb avtoru utandıraq. Poladov göy zərfi cəsarətlə cırıb iki qatlanmış kağızı əlinə aldı, oxudu. Hamı diqqətlə dinləyirdi: “Ürək” adlı proyekti mən, Gəldiyev Kərim Abbas oğlu çəkmişəm. Bu mənim əsərimdir”. Gəldiyev sevincindən qızarmış, pörtmüş halda gözünü sədrin əlinə dikmişdi. Nədənsə sədrdə bir soyuqluq görürdü. Poladov ikinci zərfi açdı. “Salam” layihəsinin müəllifi qocaman bir mühəndis idi. Sədr nə demək istəyirdisə, Vəzirbəyli soruşdu: – “Ürək” layihəsinə mən də baxmışam. Bu necə şeydir? Təəccüblüdür! Xəyalına nə gəldisə, üzünü məclisə tutdu: – Yoldaşlar, cavan bir mühəndis var, tanımamış olmazsınız. Vahid! Onun layihəsinə kim baxıb? Heç kəs cavab vermədi. Vahid əlində dəsmal, təngnəfəs içəri girdi. Poladov soruşdu: – Siz müsabiqəyə əsər hazırlayırdınızmı? – Bəli, hazırlamışam. – Bəs hanı! – Sizdə! – Əsərinin adı nə idi? – “Açıq kitab”. Vəzirbəyli dedi: – Mən görürəm ki, Vahidin işi ortalıqda yoxdur. – Üzünü Gəldiyevə tutdu: – Bir zəhmət çək, öz proyektini bura ver! Poladov danışığı kəsmək istədi: – Yoldaş jüri üzvləri, gəlin siz bu məsələni mənə etibar edin, arxayınlıqlaməşğul olarıq... Vahid evə gələ bilmədi, deyəsən, onun əsl işi indi, layihəsi qəbul olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi şəhərin ən uca yerinə – Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. “Yeni Bakı”nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir. Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, muzeylər, saraylar, klublar, rəsədxana. Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni tarixində böyük bir kitab yazılmışdır. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə deyəcəklər: – Sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz.
  • ƏSƏRİN TƏHLİLİ.
  • “Açıq kitab” Mir Cəlalın müasir mövzuda yazılmış ilk romanı sayılır. Əsərin mövzusu keçən əsrin 30-cu illərində cəmiyyətdə gedən mürəkkəb proseslər, dövr üçün səciyyəvi hadisələrdən götürülmüşdür. Mənbələrin araşdırılması mövzunun əhatəli şərhinə, yazıçının bu mövzuya müraciət etməsinin səbəblərini aydınlaşdırmağa imkan verir. Cəmiyyətdə saflığın, düzlüyün, həqiqətin bərqərar olmasının zəruriliyi romanda qırmızı xətt kimi keçir. Ölkədə gedən proseslər – müasir dünyagörüşlü, yeniliklərə can atan gənclərlə yanaşı, siyasi şüarlar əzbərləyib ictimaiyyətçi cildinə girən, şər və böhtanla məşğul olan, evlər yıxan insanların getdikcə artan bəd əməlləri sənətkarı narahat etməyə bilməzdi. Ədib həmin dövrdə sovet cəmiyyətində gedən ictimai-siyasi prosesləri diqqətlə izləmiş, həyat həqiqətlərinə sadiq qalaraq müşahidə etdiyi müsbət cəhətləri alqışlamaqla yanaşı, mənfi meyilləri satirik dillə ifşa və tənqid etmişdir. Təsadüfi deyil ki, yazıçının dövrün mənfiliklərini cəsarətlə ifşa etməsinə, problemlərin mahiyyətini açıb göstərməsinə münasibət birmənalı olmamışdır. Yazıçı romanda müxtəlif xarakterə, dünyagörüşünə, həyat mövqeyinə malik yaddaqalan obrazlar silsiləsi yaratmışdır. Əsərdə müasir gəncliyi təmsil edən Vahid, Rübabə və onların tələbə dostlarının hər biri öz daxili aləmi, fərdi psixoloji cizgiləri, fəaliyyəti ilə diqqəti cəlb edir. Saf mənəviyyatlı, istedadlı gənc olan Vahid qurub-yaratmaq arzusu ilə yaşayan, ali təhsil alan gəncliyin nümayəndəsidir. Təsadüfi deyil ki, məhz özünü yeni, xoşbəxt həyatın qurucusu kimi görən bu gənc gəldiyevçilərin hədəfinə çevrilir. Əsərdə Vahidin, Rübabənin Gəldiyev və Verdiyev kimiləri ilə apardığı prinsipial mübarizə şəxsi deyil, ictimai mahiyyət daşıyır. Vahidin mənəvi dünyasının, fikir və hislərinin təsvirinə əsərdə geniş yer verilir, oxucunun gözləri önündə ləyaqətli, sadə, təvazökar bir gəncin obrazı canlanır. Vahid inkişafa, tərəqqiyə mane olan insanlarla mübarizədə şəxsi intiqam, qisas hissindən uzaqdır. O, başqalarını əzmək, ayaqlamaqla mənsəbə çatmaq, güzəran yaratmaq arzusuna düşənlərə öz yaradıcı fəaliyyəti, qurub-yaratmağa yönəlmiş, cəmiyyətə fayda verən əməlləri, mübarizədə əzmkarlığı ilə zərbə vurur. Romanda Rübabə, Muxtar kimi gənclər Vahidin əməl dostlarıdır. Şəxsi mənafeyini hər şeydən üstün tutan, xudbin qüvvələrlə, “gəldiyevçiliklə” mübarizədə bu gənclərlə yanaşı duran qocaman mühəndis Vəzirbəyli, arıçı Sadıq kişi, tarzən Səttarzadənin yaddaqalan obrazları diqqəti cəlb edir. Cəmiyyətdə özünü kəskin şəkildə büruzə verməyə başlayan əliəyrilik, dələduzluq, riyakarlıq, saxtakarlıq, mənəviyyatsızlıq hallarını yazıçı geniş, inandırıcı epik lövhələrlə təsvir edir. Kərim Gəldiyevin simasında o, simasız, el malını dağıdan, eləcə də Verdiyev kimi ikiüzlü rəyasət düşkünlərini kəskin tənqid etmişdir. “Açıq kitab” yüksək ideya-bədii keyfiyyətləri ilə seçilən satirik romandır. Maraqlı süjetə, bitkin kompozisiyaya malik, lüzumsuz təsvirlərdən uzaq olan bu əsərin mövzusu, ideya istiqaməti müxtəlif ifşa, gülüş üsullarından istifadəni zəruri etmişdir. Lakin məzmun və formaca bitkin olan romanda tənqid, ifşa, satirik ruhla yanaşı, lirik motivlər və məqamlar da vardır. Əsərdəki hər obraz özünəməxsus fərdi cəhətləri ilə fərqlənir. Obrazların adları da əsərdə müəyyən məna kəsb edir. Mənfi tiplərin Gəldiyev, Verdiyev, müsbət qəhrəmanların Vahid, Rübabə adlandırılması da bu baxımdan düşündürücüdür. Əsərin dili, üslubu sadəliyi, təbiiliyi, real həyata bağlılığı ilə diqqəti cəlb edir. Yazıçı romanda qəhrəmanların nitqinin fərdiləşdirilməsinə xüsusi diqqət yetirmişdir. Gəldiyevin nitqində işlənən varvarizmlər, “əzməsən, əziləcəksən, ayaqlamasan, ayaqlanacaqsan”, “mənsəb cəhənnəmin təkində də olsa, enməyi bacar” sözləri onun mənəviyyatsızlığını göstərir. “Açıq kitab” oxucunu şərin mövcud olduğu cəmiyyətdə baş verə biləcək faciələrdən xəbərdar edir, silahlandırır. Yazıçının başlıca niyyəti hadisələrin cərəyan etdiyi dövrdə cəmiyyətdə özünü qabarıq göstərən ziddiyyətlərin, mənfilik və eybəcərliyin mahiyyətini açmaq, saf mənəviyyatlı, sağlamdüşüncəli insanların qələbəsinə inamı ifadə etməkdir. Mənbələrin araşdırılması əsərin zəngin ideyasını hərtərəfli açıqlamağa imkan verir.
  • MÜHAZİRƏ 13.
  • AZƏRBAYCAN ƏDƏBİYYATINDA MİLLİ ÖZÜNÜDƏRKƏ QAYIDIŞ VƏ İSTİQLALÇILIQ MƏRHƏLƏSİ ( XX əsrin 60-90-cı illəri ).
  • Adından da göründüyü kimi, ümumən sovet hakimiyyəti illərinə aid olan bu mərhələ iki dövrə ayrılır: milli özünüdərkə qayıdış və istiqlalçılıq dövrü. Milli özünüdərkə qayıdış Azərbaycan ədəbiyyatında altmışıncıların fəaliyyəti ilə başlanan mərhələdir. Milli azadlıq ədəbiyyatının yaradıcıları olan Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və başqaları milli özünüdərkə qayıdışın ədəbiyyatımızın əsas qoluna çevrilməsində mühüm rol oynamışlar. Milli özünüdərkə qayıdış ədəbiyyatı XX əsrin altmışıncı illərindən başlayaraq 70–80-ci illərdə ardıcıl və sistemli şəkildə yaranıb, müstəqillik ərəfəsinə qədər davam etmiş ədəbiyyatı əhatə edir. “Altmışıncılar” ədəbi nəslinin gəlişi ilə söz sənətimizdə sosializm realizmi ədəbiyyatının xarakteri dəyişməyə başlamışdır. Belə ki, ədəbiyyata gələn gənc yaradıcı qüvvələr adi əhvalatları, sadə insanı ədəbiyyatın ön mövqeyinə çəkdi. İstehsalat romanları, sosializm yarışı qaliblərinin obrazının yaradılması, ideoloji xarakterli çağırışlar öz mövcudluğunu saxladığı halda, altmışıncılar ədəbi nəsli gerçək həyat hadisələrinin, sadə insanların, mənəviyyatda gedən proseslərin əks etdirilməsinə söz sənətində vətəndaşlıq hüququ qazandırdılar. İlk dövrlərdə kəskin tənqidlə qarşılaşan yeni ədəbi nəslin yaratdığı əsərlər sosialist realizmi yaradıcılıq metodunun tələblərinə cavab vermirdi. Altmışıncılar sosialist realizmini birbaşa inkar etmədən həyata, insana, gerçəkliyə sədaqətlə yazıb-yaratmaqda davam edirdi. Onların əsərlərində sosializm cəmiyyətindəki mövcud vəziyyətə tənqidi münasibət ifadə olunur, cəmiyyətin həyatında mənəvi böhranın həyəcan təbili çalınırdı. Bu proseslər Azərbaycan ədəbiyyatının inkişafında ən yeni dövrün böyük başlanğıcı idi. İctimai quruluş, siyasi sistem hələ dəyişməmişdi. Amma ədəbi prosesdə meydana çıxmış ciddi keyfiyyət dəyişikliyi bədii sözün sovet ideologiyasından xilas olmasında və öz əbədi missiyasına qayıtmasında mühüm rol oynamışdır. Xalqın, insanın, gerçəkliyin əks etdirilməsində yeni münasibət, fərqli bədii düşüncə tərzi formalaşmağa başlamışdır. Bu ədəbi nəsil, demək olar ki, ədəbiyyatın bütün istiqamətlərində təmsilolunmuşdur. Nəsrdə yeni nəsli Anar, Elçin, Sabir Əhmədov, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, İsi Məlikzadə, Mövlud Süleymanlı kimi sənətkarlar təmsil edirdi. Onların əsərləri üçün adi insanın mənəvi aləmi, güzəranı, fikir və düşüncələri, ağrı və çətinliklərinin əks etdirilməsi səciyyəvi idi. Anarın “Ağ liman”, “Dantenin yubileyi”, Elçinin “Gümüşü furqon”, “Baladadaşın ilk məhəbbəti”, M.İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” əsərləri və s. bu nəslin yaradıcılıq uğurlarının göstəricisi idi. 60-cılar ədəbi nəslini təmsil edən Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Vaqif Səmədoğlu, Cabir Novruz və başqa sənətkarların əsərləri poeziyada yeni məzmun və forma axtarışlarının nəticəsi kimi meydana çıxırdı. Bu şairlərin lirik qəhrəmanı fərdi daxili dünyası, fikir və həyəcanları olan, sosial mühitin, mənəvi ovqatın təsirini öz taleyində hiss edən insan idi. Əli Kərimin “Qaytar ana borcunu”, Cabir Novruzun “İnsan himnləri” şeirləri və s. lirik qəhrəmanıniç dünyasını, vətəndaşlıq mövqeyini yeni fikir və hislər müstəvisində, orijinal bədii üslubda əks etdirirdi. Dramaturgiyada da yeni ədəbi nəsil uğurlu məzmun və forma axtarışları ilə seçilirdi. Onlar cəmiyyətdəki sosial və mənəvi problemləri, gerçəkliyi insanın taleyi, hiss və düşüncələri, fərdi həyat mövqeyi baxımından əks etdirirdilər. “Qobustan” toplusu həmin ədəbi nəsli öz ətrafında cəmləşdirdi. Beləliklə, altmışıncılar ədəbi nəsli ədəbiyyatın aparıcı qüvvəsinə çevrildi. Həmin dövrdə ədəbiyyatşünaslığın da “altmışıncılar” elmi nəsli yetişmişdir. Yaşar Qarayev, Arif Hacıyev, Akif Hüseynov, Şamil Salmanov, Asif Əfəndiyev və başqaları ədəbi prosesi obyektiv, daha dərindən, ideoloji qəliblərə uymadan araşdırmağa başladılar. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə (1969–1982) soykökə və tarixə dönüş, milli ədəbiyyatın və mədəniyyətin dövlət səviyyəsində himayə olunması söz sənətinin meydanını daha da genişləndirmişdir. Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsmayıl Şıxlı, Ziya Bünyadov, Tofiq Hacıyev, Abbas Zamanov, Xudu Məmmədov, Sabir Rüstəmxanlı və digər vətəndaş yazıçıların, alimlərin səmərəli fəaliyyəti Azərbaycan cəmiyyətində milli ədəbi-ictimai fikri sosializm çərçivəsindən irəli aparmışdır. Bu mərhələdə Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış prosesləri daha da genişlənmiş və dərinləşmişdir. Azərbaycan xalqının dövlət müstəqilliyinə hazırlanmasında milli ədəbiyyat mühüm rol oynamışdır. Beləliklə, hələ sosializm cəmiyyətinin mövcud olduğu 70–80-ci illərdə Azərbaycan ədəbiyyatında milli ruh və vətəndaşlıq mövqeyi güclənmişdir. Milli istiqlal ədəbiyyatı XX əsrin səksəninci illərində yaranmağa başlayan, ölkəmizdə müstəqil dövlətçiliyin bərpa olunması və hətta müstəqilliyin itirilmə təhlükəsinin aradan qaldırılması kimi şərəfli və keşməkeşli mərhələni əhatə edir. Səksəninci illərin axırlarından dövlət müstəqilliyinin bərpasına qədərki dövrdə ədəbiyyatımızda milli azadlıq ideyaları ön plana çıxmışdır. Sovet imperiyasında baş verən proseslərin dalğasında Azərbaycanda gedən milli azadlıq hərəkatının təsiri ilə ədəbiyyatın vətəndaşlıq kəsəri artmışdır. Azadlıq meydanlarında təkcə şairlər deyil, xalq hərəkatının fəalları da xalqa ən təsirli çağırışları ədəbiyyatın, poeziyanın dili ilə səsləndirmişlər. Ədəbiyyat milli azadlıq hərəkatı siyasətinin danışan “dili” vəzifəsini yerinə yetirmiş, meydan hərəkatının müstəqillik, azadlıq çağırışlarını xalqa çatdırmışdır. Ədəbiyyatda ana dili uğrunda mübarizə nəticə etibarilə ana Vətənin istiqlalı ideyasını əks etdirmişdir. Azərbaycan ədəbiyyatı özünün çoxəsrlik tarixində xalqın və ölkənin taleyində heç vaxt bu mərhələdə olduğu qədər həlledici rol oynamamışdır. Ona görə də XX əsrin 80-ci illərinin axırları və 90-cı illərinin əvvəlləri Azərbaycan ədəbiyyatının milli azadlıq mübarizəsində fəal iştirakı dövrü, milli istiqlalçılıq mərhələsi hesab edilə bilər.
  • Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Məmməd Arazın “Qalx ayağa, Azərbaycan” şeiri, Xəlil Rza Ulutürkün Lefortovo zindanında yazılmış şeirləri, Sabir Rüstəmxanlının “Ömür kitabı”, Rüstəm Behrudinin “Dar ağacı” şeiri meydanlarda milli azadlıq himnləri kimi səslənmişdir. Milli istiqlalçılıq mərhələsində ədəbiyyatda başlanan və qüvvətlənən ümummilli ideallar Azərbaycanda dövlət müstəqilliyinin qələbəsi ilə məqsədinə çatmışdır. Bununla belə, milli istiqlalçılıq ideyalarının əks-sədası bir qədər də davam etmiş, qələbədən doğan sevinci dərhal əvəz etmiş xaos, qarışıqlıq özü ilə müstəqilliyi itirmək səksəkəsi yaratdığı üçün ədəbiyyat bu illərdə də azadlıq uğrunda mübarizədə öz sözünü demişdir. Ölkəmizdə dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan ədəbiyyatı özünün yeni ideallarını formalaşdırmışdır. Bununla belə, bütünlükdə milli istiqlalçılıq mərhələsinin ədəbiyyatı müstəqillik dövrünün ədəbiyyatına hazırlıq demək idi.
  •  
  •  
  •  
  •  
  •  
  • MÜHAZİRƏ 14.
  •   İLYAS ƏFƏNDİYEVİN HƏYAT VƏ YARADICILIĞI.
  • İlyas Məhəmməd oğlu Əfəndiyev Füzuli şəhərində tacir ailəsində anadan olmuşdur. Savadlı, incə zövq sahibi olan anası onda mütaliəyə güclü həvəs oyatmışdır. Qarabağda tanınmış bir nəslə mənsub olan bu ailə Azərbaycanın “qırmızı ruslar” tərəfindən istilasından sonra repressiyaya məruz qalmış, bütün mal-mülkləri müsadirə olunmuşdur. İ.Əfəndiyev orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə Füzulidə dil-ədəbiyyat müəllimi kimi başlamışdır. İki il sonra Bakıya gəlmiş, Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur. Atasının vəfatından sonra maddi vəziyyəti ağırlaşdığı üçün qiyabi təhsil almağa məcburolmuş, Füzuliyə qayıdaraq məktəbdə coğrafiya müəllimi işləmişdir. Ali təhsilini tamamlayan İ.Əfəndiyev kənddə müəllim işləyərkən ilk hekayələrini yazmağa başlamış, 1939-cu ildə “Kənddən məktublar” adlı birinci kitabını çap etdirmişdir. İlyas Əfəndiyev sovet dövründə yaşayıb-yaradan, lakin mövcud ideologiyadan mümkün olduqca uzaqlaşıb həyatı və insanı reallıqları ilə təsvir etməyə üstünlük verən sənətkardır. O, ədəbiyyatımızda lirik-psixoloji nəsrin əsas yaradıcılarındandır. Millilik və müasirlik yazıçının yaradıcılığının cövhərini, başlıca mahiyyətini təşkil edir. İ.Əfəndiyevin nəsr əsərlərindəki lirizm və nağılvarı bədii təhkiyə həyatın reallıqlarını dolğun təsvir etməyə şərait yaradır. Onun bəzi hekayələri mənsur şeir təəssüratı yaradır. Bu mənada “Kənddən məktublar” kitabındakı hekayələr səmimiyyətinə, emosional düşüncə tərzinə və təhkiyəsinə görə təbii bir məktub təsiri bağışlayır. Məhz bu keyfiyyətlər ədibin ilk kitabına daxil edilmiş hekayələrə oxucu rəğbəti qazandırmışdır. Bu sənət uğuru ədibin “Qarı dağı”, “Şəhərdən gələn ovçu”, “Xəncər”, “Yasəmən ağacı”, “Yun şal” və digər hekayələrində davam və inkişaf etdirilmişdir. İ.Əfəndiyev əsərlərində zamanı müasirlik baxımından, bir çox məqamlarda qabaqlamış və bu cəhət ədəbi mühitdə müəyyən mübahisələrə də səbəb olmuşdur. İncə psixoloji vəziyyətlərlə zəngin olan “Körpüsalanlar” romanındakı Səriyyə obrazı Azərbaycan ədəbiyyatında müasir qəhrəmanın yeni təqdimi idi. Gerçəklik və macəra, adilikdə dərinlik, müasirlik duyğusu, cəmiyyəti düşündürən mənəvi problemlərin bədii əksi “Sarıköynəklə Valehin nağılı’’ romanının ruhunu, aparıcı xəttini təşkil edir. Əsərin qəhrəmanları tikintidə çalışsalar da, yazıçı istehsalat prosesini yox, uşaq evində böyümüş Valehin, Sarıköynəyin və digər qəhrəmanların taleyini, xarakterini, ədalət duyğusunu, mənəvi mövqeyini əks etdirməyə üstünlükvermişdir. Xalq yazıçısıİlyas Əfəndiyevin yaradıcılığının müxtəlif dövrlərinin məhsulu olan “Söyüdlü arx”, “Geriyə baxma, qoca”, “Üçatılan” romanları həyat həqiqətlərini əks etdirən milli nəsrin mükəmməl nümunələridir. Bu əsərlərdə gerçək həyat, mənəvi problemlər və real insan obrazları lirik-psixoloji üslubda, böyük sənətkarlıqla təsvir edilmişdir. İ.Əfəndiyev ilk dram əsəri olan “İntizar”ı Mehdi Hüseynlə birlikdə yazmışdır. O, “İşıqlı yollar ” (1948) və “Bahar suları” (1950), “Atayevlər ailəsi” (1954) dramları ilə ədəbiyyatımızda lirik-psixoloji dramaturgiyanın əsasını qoymuşdur. Ədib dram əsərlərində insanın mənəvi axtarışlarını, daxili dünyasının mürəkkəbliyini, yaşantılarını məharətlə əks etdirmiş və bütün bunlar uğurlu səhnə təcəssümünü tapmışdır. Dramaturqun “Sən həmişə mənimləsən” (1964), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Mahnı dağlarda qaldı” (1971) kimi dərin lirizmi və realizmi ilə seçilən dram əsərləri Azərbaycan teatrının və dramaturgiyasının tarixində önəmli hadisələrə çevrilmişdir. Həyatın ilk baxışda adi görünən dərinliklərini, qəhrəmanın daxili aləminin qəribəliklərini, günahı və nakam sevgini səhnəyə gətirən İlyas Əfəndiyevin dram əsərlərindən çıxan ən mühüm nəticə insanın mənəvi təmizlənməsinin zəruriliyidir. Onun yaratdığı obrazlar günahdan, yanlışlıqdan mənən saflaşmağa, bütövlüyə doğru təkamül yolu keçirlər. Bu əsərlərdə ictimaibaxışlar, sinfi qütbləşmələr deyil, mənəvi münasibətlər mübarizə aparır. Ədibin dramlarında son nəticədə ayrı-ayrı adamlar yox, əqidələr, dəyərlər qalib gəlir. Bu məziyyətlərinə görə, İ.Əfəndiyevin dram əsərləri bu gün üçün də aktual olan, həmişə müasir səslənən qiymətli örnəklərdir. İnsan münasibətlərinin dərinliklərinin, mənəvi axtarışların müasir səhnəyə çıxarılması İ.Əfəndiyev teatrının başlıca xüsusiyyətləridir. İ.Əfəndiyevin yaradıcılığının əsas xətlərindən birini tarixi mövzuda yazdığı dramlar təşkil edir. Ədibin müasir problemlərə həsr olunmuş əsərləri kimi, tarixi mövzularda dramları da yeni insanı və yeni zamanı hazırlamağa xidmət etmişdir. “Xurşidbanu Natəvan” (1981), “Şeyx Məhəmməd Xiyabani” (1986) dramları milli azadlıq hərəkatına həsr olunmuş qiymətli və ibrətamiz sənət əsərləridir. Yazıçının “Mahnı dağlarda qaldı”, “Tənha iydə ağacı” kimi tarixi mövzuda yazılmış əsərlərində də müasir dövrlə səsləşmələr vardır. “Xurşidbanu Natəvan” dramında XIX əsrdə öz xalqının mənafeyini qoruyan, azadlığını arzulayan, xeyirxah əməlləri ilə tarixdə iz qoymuş Natəvanın parlaq obrazı yaradılıb. “Şeyx Məhəmməd Xiyabani” dramında Səttarxan yolunun davamçısı Şeyx Məhəmməd Xiyabaninin xalqımızın azadlığı, şah zülmündən xilası uğrunda mübarizəsindən söz açılır. Lirik-psixoloji dram ənənəsini səhnəyə gətirmiş İ.Əfəndiyev teatrı Azərbaycan mədəniyyətində fərqli hadisədir. Yazıçının gerçəkliyi əks etdirən əsərləri yarandığı dövrün sədlərini aşmış, uzunömürlü bir müasirlik həyatıqazanmışdır.
  • MÜHAZİRƏ 16.
  • İSMAİL ŞIXLININ HƏYAT VƏ YARADICILIQ YOLU.’’ DƏLİ KÜR’’ ƏSƏRİNİN MƏZMUNU VƏ TƏHLİLİ ÜZƏRİNDƏ İŞ.
  • İsmayıl Şıxlı Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. O, qonşu Kosalar kənd məktəbində təhsil almış, oranı bitirdikdən sonra, 1934-cü ildə yaşı az olduğu üçün xüsusi imtahanla Qazaxdakı Pedaqoji Texnikuma daxil olmuşdur. Buradakı ədəbi mühit onda bədii yaradıcılığa maraq oyatmış, ədəbiyyat dərnəyində fəal iştirak edərək ilk şeirlərini yazmışdır. 1937-ci ildə texnikumda keçirilən tədbirdə S.Vurğunun çıxışını dinləməsi, şairlə tanış olması İ.Şıxlıda dərin təəssürat yaratmış, gələcək həyat yolunun müəyyənləşməsində böyük rol oynamışdır. O, texnikumu bitirdikdən sonra bir müddət müəllim işləmiş, 1937-ci ildə Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. İnstitutdakı ədəbiyyat dərnəyində fəal iştirak edən İ.Şıxlının şeirləri, hekayələri dərnəyin rəhbəri Məmmədcəfər Cəfərovun diqqətini cəlb etmiş, onun tövsiyəsi ilə “Quşlar” adlı ilk şeiri 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə, “Dəli Kür” adlı hekayəsi institut qəzetində çap olunmuşdur. İnstitutu bitirdikdən sonra Qazaxın kənd məktəblərində çalışan İ.Şıxlı 1942-ci ildə cəbhəyə getmiş, qələbə gününədək davam edən döyüş yolunu ədib sonralar çap etdirdiyi “Cəbhə gündəlikləri”ndə əks etdirmişdir. Qanlı-qadalı müharibə illəri, ölüm-dirim döyüşləri, çətin sınaqlar onun bir şəxsiyyət kimi formalaşmasına, bədii yaradıcılığına öz təsirini göstərmişdir. Müharibədən sonra bir müddət Qazaxda müəllim işləyən İ.Şıxlı sonra APİ-nin aspiranturasına daxil olmuş, ömrünün qalan illərini bu ali məktəbə həsr etmişdir. O, pedaqoji-elmi fəaliyyətlə yanaşı, “Azərbaycan” jurnalının baş redaktoru, Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışmışdır. İ.Şıxlı bədii yaradıcılığa şeirlə başlasa da, ədəbiyyatımızda qüdrətli nasir kimi iz qoymuşdur. O, müharibə təəssüratı əsasında sonralar “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?” hekayələriniyazmışdır. Ədibin “Cəbhə gündəlikləri” əsəri müharibə zamanı səngərlərdə yazılmış əsgər qeydlərindən ibarətdir. Əsərin qəhrəmanı müharibənin bütün ağırlıqlarını çəkən, hər gün düşmənlə amansız döyüşə girən, lakin qəddarlaşmayan, qəlbindəki həyat eşqini, mərhəmət duyğusunu qoruyub saxlayan, gələcəyə ümidlə baxan mərd, cəsur əsgərdir. Bu əsgər keçdiyi döyüş yolunun salnaməsini müntəzəm yazır, gənc olmasına baxmayaraq həyata, keçdiyi ömür yoluna, insanlara müdrik nəzərlərlə baxır, müharibənin bütün çətinliklərinə, məhrumiyyətinə dözür, qələbəyə inamını itirmir. Əsər müharibənin sərt reallıqları, həyat həqiqətləri barədə oxucuda dolğun təsəvvür yaradır, təsvir olunanlara onu laqeyd qalmağa qoymur. Yazıçının keçən əsrin 70-ci illərində yazdığı “Mənim rəqibim”, “Köynək” hekayələrində də müharibənin insan taleyində buraxdığı izdən söz açılır. Yazıçının “Ayrılan yollar” (1957) romanı şəxsiyyətə pərəstişin ifşa olunduğu, repressiyaların başa çatdığı bir dövrün məhsuludur. Bu mərhələdə cəmiyyət, insanlar yolayrıcında idilər. Həmin dövrün çətinliklərini əks etdirən əsərdə kəndi, təsərrüfatı, insani münasibətləri yenidən qurmaq kimi həllini gözləyən məsələlər əhatə olunmuşdur. Romanda kolxoz sədri Kosaoğlu və onun qohumlarının, prokuror Əsədovun təmsil etdiyi qüvvələr stalinizmin yaratdığı qorxu, vahimə ab-havasını, zərərli iş üsullarını qoruyub-saxlamağa cəhd edir, ənənəvi yolla gedib hər cür yeniliyə müqavimət göstərirlər. Onlarla barışmayan gənc aqronom İmran, manqabaşçısı Zeynəb, Kərim kişi, Nəsib dayı surətlərini oxucular rəğbətlə qarşılayırlar. Bir-birinə zidd iki dünyagörüşünün, iki baxışın təmsilçisi olan bu qüvvələrin mübarizəsində konflikt ikincilərin – yeni həyatyeni yolu seçənlərin qələbəsi ilə bitir. Roman müharibədən sonrakı illərdə Azərbaycan kəndinin mənəvi-sosial problemlərini, oradakı dəyişiklik və inkişafı dolğun əks etdirməsi baxımından diqqəti cəlb edir. İ.Şıxlı öz yaradıcılığında cəmiyyəti düşündürən problemləri, ictimai-əxlaqi məsələləri yüksək bədii sənətkarlıqla əks etdirmişdir. Yazıçı “Məni itirməyin” (1984), “Namərd gülləsi“ (1991) kitablarındakı “Mənim rəqibim”, “Məleykə xala”, “Qızıl ilan”, “Namərd gülləsi”, “Təyyarə gecikir”, “Namus qaçağı”, “Görüş”, “Deputat”, “Sapı özümüzdəndir” hekayələrində oxucuya milli-mənəvi dəyərləri göz bəbəyi kimi qorumağın və yeni nəsillərə ötürməyin zəruriliyi fikrini aşılayır. Yazıçının “Ölüləri qəbiristanlıqda basdırın” (1990) hekayəsində Şəmistan ağanın və “Ölən dünyam” (1995) romanında Halay bəyin taleyi, əməlləri timsalında xalq həyatının bütöv mərhələləri əks etdirilmiş, əyilməzlik, mərdlik, ləyaqət, namus, cəsarət kimi milli kökdən gələn dəyərlərdən söz açılmışdır. İ.Şıxlının ən böyük yaradıcılıq nailiyyəti ədəbiyyatımızın dəyərli nümunələrindən olan “Dəli Kür” (1957–1966) romanıdır.
  • ‘’ DƏLİ KÜR’’.
  • BİRİNCİ HİSSƏ Göytəpə kəndinin yastı, qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Kürə enən cığırları da ot basmışdı. Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözününyaşını silir, “mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?” – deyə inildəyirdi. ...Kürün o tayında, hündür qovaqların seyrəlib yulğunluğun başladığı yerdə beş-altı qaraltı görünürdü. Zərnigar xanım dikəldi. Oğlu Şamxalın da orada olduğunu yəqin etdi. Şamxal üst-başını çırpıb kəmərini daraltdı. Gümüş dəstəkli xəncərini yana çəkdi. Zərnigar xanım oğlunun qabağına gəldi. Şamxal anasını gözüyaşlı görüb evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Şamxal anasına yaxınlaşdı. Qolundan tutub diqqətlə üzünə baxdı: – Yenə nə olub, niyə gözüyün yaşını on yerindən ələyirsən? Arvad daha da kövrəldi. Önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğula-boğula: – Belə, atan ölmüş təzə eşqə düşüb, ay bala, – deyə Zərnigar xanım göz yaşına ara verib səsini ucaltdı. – Bizi el içində biabır edib. Heç ərlik-boyluq qızı olan, sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı? Şamxal dinmədi. Zərnigar xanım irəli gəldi, əllərini belinə qoyub Şamxalın qabağında dayandı: – Deyəsən, mənim dediklərimi qulaqardına vurursan?! Atan ölmüşün tərəfini saxlayırsan?! Yoxsa inanmırsan, hə? Gəl, yaxın gəl, gör atan sənə nə yaxşı ana gətirib? Şamxalın rəngi qaçdı. Bayaqdan qorxu içində, küncə qısılıb titrəyə-titrəyə qardaşının hərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə saldı, əllərini tutub yalvardı: – Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, əlini qana bulama! Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallamalı kəmərindən asdığı xəncərin gümüş dəstəyinə yetirdi. Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnigar xanım: – Bircə belə dur, gədənin əl-ayağına dolaşma, – deyə Salatının hörüklərindən tutub dartışdırdı. Şamxal qorxusundan uçum-uçum uçunan bu gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Görünür, atası onu haradansa, Kürün aşağısındakı uzaq kəndlərin birindən gətirmişdi. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı. Onun qolları boşaldı. Bunu hiss edən Zərnigar xanım oğlunun üstünə qışqırdı: – Hə, niyə durdun? Bu saat onun saçını biləyinə dolayıb sürüməsən, kişi deyilsən! Di tez ol! Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə yaxınlaşdı: – Dur, şələ-küləni yığışdır, rədd ol buradan! – Yolun altı ilə gəlibsən, üstü ilə qayıt xarabana! Gəlin sapsarı saralsa da, özünü sındırmadı. Onun qanı qaçmış dodaqları aralandı: – Məni sən gətirməyibsən ki, evdən qovursan? Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğuq bir səslə qışqırdı: – Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarını ayağına dolayaram! Gəlin gözünü də qırpmadı: – Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa, get atanla haqq-hesab çək! Artıq Şamxal dözə bilmədi. O, ayaqlarına döşənib sürünən bacısının üstündən keçib irəli şığıdı. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı. Təpiyinin altına salıb döyəclədi... Arvadların qışqırtısı bir-birinə qarışdığından ovdan qayıdanCahandar ağanın həyətdə dayandığını heç kəs görmədi. Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır, gəlini sürüyüb evdən bayıra atmaq istəyirdi. Birdən gəlin var-gücünü toplayıb ayağa durdu. Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı: – Vur, niyə durubsan? Əlin-ayağın niyə titrəyir, arvadı öldürməyə nə var ki? Vur! Şamxal xəncəri siyirdi. Polad tiyə havada parıldadı. Ayağını üzəngidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Şamxalın xəncəri gəlinin başına endirmək istədiyini gördüyü ilə tüfəngi hərləməyi bir oldu. Güllə açıldı. Şamxalın əlindəki xəncərin tiyəsi iki bölünüb evin ortasına düşdü. Bir anlığa hamı daş kimi donub-qaldı. Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünü aldı. Şamxal bir əlindəki dəstəyə, bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə baxdı. Cahandar ağa qolunu hərləyib oğluna bir şillə çəkdi. Şamxal gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəldliyi ilə geri sıçradı. Onun gözlərində qığılcım oynadı. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi qabaq-qabağa dayandılar. Şamxal quzğun kimi üstünə gələn atasından əvvəlcə qorxdu. Onun nəzərində kişi getdikcə böyüdü və nərildəyərək ov üstünə atılmağa hazırlaşan heybətli bir pələngə döndü. Lakın o özünü ələ aldı və birdən atasının üstünə atıldı. Oğlunun qəfil hücumunu gözləməyən Cahandar ağa tüfəngin qundağı ilə Şamxalın sinəsindən vurub yerə sərdi. Sonra da təpiklə döyəcləməyə başladı. Zərnigar xanım özünü kişinin qabağına atdı. Dili dolaşa-dolaşa yalvarmağa başladı: – A kişi, ağlını başına yığ. Ə, uşaqdan əl çək. Onda taqsır yoxdur, öldürürsənsə, məni öldür. Ayə, qurbanın olum, vurma, yazığam, evimi yıxma. Salatın yavaş-yavaş özünə gəldi. Sürünüb atasının ayaqlarına döşəndi. Üzünü torpağa sürtdü. Bir göz qırpımında hadisədən çaşıb-qalan gəlin yerindən tərpənə bilmədi. Kişi onun nəzərində getdikcə böyüyüb dağa dönürdü. O irəli atılıb iri bədənini qabağa verdi. Cahandar ağanın ağır yumruqları kürəyinə dəysə də, diz çöküb kişinin ayaqlarını qucaqladı: – Bəsdir, ay insafsız, yazıqda tutar qalmadı. Onu yox, mən başıbatmışı öldür ki, biryolluq canım qurtarsınCahandar ağa onun hönkürtüsünə baxmayıb yenə də oğlunun üstünə yeridi... Nökərlər səs-küyə tökülüşüb gəldilər. Tapdıq bir sıçrayışla özünü araya saldı. Cahandar ağa onun enli kürəyinin arxasında qalan Şamxalı görə bilmədi. O biri nökərlər isə Şamxalın dartınmasına fikir vermədilər. Çəkə-çəkə onu çardağın yanına apardılar. Şamxal birbaş sahilə endi. İndicə baş verən əhvalatın təsirindən yaxasını qurtara bilməyən Şamxal yarğanın kənarında oturdu. Cahandar ağanın heybətli nəriltisi yenidən onun qulaqlarında səsləndi. “Yox, mən bir də onunla üz-üzə gələ bilmərəm. Yəqin, kişinin indi məndən zəhləsi gedir. Harda görsə, yenə üstümə cumacaq”. Şamxal bir dəstə qızın yarğanın qaşı ilə suya endiyini görüb ayağa qalxdı, buradan uzaqlaşmağı qərara aldı. Hamı evə çəkildi. Cahandar ağa isə qapıda hərlənir, pəncərəsindən zəif işıq gələn otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərinə necə bəraət qazandırmalı idi?.. O nə qədər hirsli olub Mələyə susmağı əmr etsə də, qəlbinin dərinliklərində haqsızlığını duyurdu. Bu hadisənin belə sakitcə gəlib keçməyəcəyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Kişi lap darıxdı. Ona elə gəldi ki, bu saat Qori Müəllimlər Seminariyasında oxuyan oğlu Əşrəf qapını açıb içəri girəcək, qaşlarını çatıb “Ata, eyib deyilmi, bu nə işdirtutmusan?” – deyəcəkdir. Sonra da baş götürüb evdən gedəcək, bir daha buralara üz çevirməyəcəkdir... Gecədən xeyli keçmiş kəndin aşağısında itlər hürüşdü. Ucqardakı qara damdan kiminsə səksəkəli səsi eşidildi. – Ayə, a adam, kimsən? Şamxal Çərkəzə cavab vermədi. Yavaş-yavaş evə yaxınlaşdı. Qara damın qabağındakı çardağın dirəyini özünə dalda edən Çərkəz qaraltının kim olduğunu bilənə qədər əlini tüfəngin tətiyindən çəkmədi. Şamxal çaxmaq şaqqıltısını eşidib dilləndi: – Ə, mənəm, nə səs-küy salıbsan? Çərkəz Cahandar ağagildə olan hadisəni bilsə də, üzə vurmadı. O özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur. Kənd yuxuda idi. Şamxal yata bilmirdi. Elə bil yuxusu ərşə çəkilmişdi. O, bir daha evə qayıtmayacağını qərara alsa da, hələ nə edəcəyini müəyyənləşdirə bilmirdi: “Birdəfəlik kənddən çıxıb getsəm, necə olar? Özümə bir daxma düzəldəcəyəm. Kənddəki qızlardan birini də gətirib qoyacağam evə”. Şamxal durub yerində oturdu. Yenə fikir onu götürdü. Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. O, Mələyin evdən baş götürüb getməsini heç cür ağlına sığışdıra bilmirdi. Allahyar kəndə çatan kimi Mələyin əmisigilə adam göndərib məsələni öyrənməyi qət etmişdi. Əgər çıxıb əmisigilə gedibsə, onda özündən küssün. Heç kəs ona minnət etməyəcəkdi. Əgər getməyibsə?! Elə məsələ da bunda idi. Allahyarı narahat edən də bu idi. Allahyar səhər tezdən, nökəri yola salandan sonra atı minib Kürün sahilinə endi. O nə qədər çalışsa da, sirr açılmış, Mələyin yoxa çıxması hamıya məlum olmuşdu. Allahyarın dodaqları astadan tərpənir, titrək barmaqları tüfəngin tətiyində oynayırdı. Şamxal kəndin kənarında, biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanlan ona kömək etdilər. Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün-üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər. Cahandar ağa Şamxalı yaddan çıxartmaq üçün o biri oğlunu xatırladı. “Görəsən, Əşrəf bu saat nə edir? Evdə olanları eşidibmi? O da mı məndən üz döndərəcək? Yox, Əşrəf ağıllı baladır. Şamxalın tayı deyil”.
  • İKİNCİ HİSSƏ Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya “Zayej” (“Zayezjiy dom” sözünün el arasında işlənən şəkli) deyirlər. Qocalar deyirlər ki, düz bir il gecəli-gündüzlü işləyəndən sonra yol hazır oldu... Yolun kənarındakı ev isə sahibsiz qaldı. İki il bundan əvvəl buraya iyirmi dörd-iyirmi beş yaşlı bir oğlan gəldi. Camaat arasında bir müddət ona “poçt Əhməd”, sonra isə şapka geydiyinə görə “rus Əhməd” dedilər. Əvvəllər ona heç kəs yaxın durmazdı. “Xaçpərəstlə nə işimiz var”, – deyə uzaq gəzirdilər. Ancaq yavaş-yavaş ona isinişdilər. Rus Əhməd bəzən “Zayej”in eyvanında oturub kitab oxuyardı. Bəzən də uşaqları başına yığıb məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlıçovğunlu diyarlardan söhbət açardı. Bu uşaqların içində Cahandar ağanın kiçik oğlu Əşrəf də olardı. Poçtalyonun qapısı döyüldü. Əşrəf içəri girdi. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoydu. Stolun üstünə səpələnmiş kağızlara nə isə yazan Əhməd qanrılıb baxdı. – Ay xoş gördük səni, demək, gəldin. Çox yaxşı. Bəs bu nədir? – Anam göndərdi, Əhməd lələ, dedi ki, adam qəribə hörmət edər. Onlar susdular. Əşrəf kitablara baxdı. – Bunların hamısını oxumusanmı? – Oxumuşam. Səni də öyrədəcəyəm. Rusca yazmağı da, oxumağı da biləcəksən. – Mənim bir-iki dostum var, onları da öyrədərsənmi? – Niyə öyrətmirəm, qoy gəlsinlər. Elə otağın birini boşaldıb sinif edərik. Özümüzün məktəbimiz olar. Təpələrin ətəyindəki yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonda oturan müsafir sakitcə ətrafı seyr edirdi. Faytonçu geri qanrıldı. – Bağışlayın, cənab, adınızı da bilmirəm... – Aleksey Osipoviç. Aleksey Osipoviç hələ dörd il əvvəl Qori seminariyasının pedaqoji şurasında olan mübahisəni xatırladı. Seminariyanın direktoru Dmitri Semyonov müsəlman şöbəsinin açılması məsələsini irəli sürmüşdü. Şurada böyük mübahisə qalxmışdı. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi. Elə həmin axşam Semyonov Aleksey Osipoviçi yanına çağırdı. Semyonov sakitcə sözə başladı: – Çara və hökumətə yerli məmurlar lazımdır. Elə bunun üçün də məktəblər açırlar. Amma biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Bu işdə fədakarlıq lazımdır. İlk illər çətinlik olacaq. Siz qorxmayın. Mən sizə arxayınam. Əməli təkliflərinizi yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl şagirdlər haqqında düşünmək lazımdır. – Taparıq, Dmitri Dmitriyevıç, kəndbəkənd gəzməli də olsam, tapacağam. Elə bu məqsədlə də Aleksey Osipoviç səfərə çıxmışdı. Gecədən xeyli keçmiş “Zayej”in qapısı döyüldü. Əhməd cəftəni çəkib qapını araladı, qonağı qabağa salıb yol göstərdi. Aleksey Osipoviç göz gəzdirib otağı nəzərdən keçirdi. Divardan asılmış yarımkürələr xəritəsi, küncdəki qlobus, pəncərənin qabağına və stolun üstünə yığılmış kitablar, dəftərlər diqqətini cəlb etdi. O durub stola yaxınlaşdı. Vərəqləri didilib tökülən əlifba kitabını səhifələdi. Sonra dəftərləri açdı. Atları rahatlayandan sonra içəri, samovar aparmağa gələn Əhməd qonağındəftərlərlə əlləşdiyini görüb ayaq saxladı. Aleksey Osipoviç səsə qanrılıb baxdı. – Siz müəllimsiniz? – Bəli. Bilirsinizmi, cənab, əslində, mən burada işsizəm. Əvvəllər Bakıya, Yerevana, Gəncəyə gedən poçt faytonları, dilicanlar buradan gəlib keçərdi. Mən də, necə deyərlər, boş evə qarovul çəkirəm. Darıxmamaq üçün uşaqları başıma yığıb yazı-pozu öyrədirəm. – Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi? – Burada nə var ki? – deyə Əhməd sakitcə cavab verdi. – Adınız nədir? – Əhməddir. Əvvəllər kənd arasında mənə “poçt Əhməd” deyərdilər. Sonra nədənsə “rus Əhməd” oldum. İndi isə yavaş-yavaş “uçitel Əhməd”ə çevrilirəm. Görək sonra nə olacaq? – Poçt Əhməd... – Aleksey Osipoviç qəhqəhə çəkib güldü. – İndi uçitel olmusan. Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. Bilirsinizmi, mən Qori seminariyasında işləyirəm. Biz orada təzə şöbə açmışıq. – Bağışlayın, Siz Çernyayevski deyilsiniz ki, Aleksey Osipoviç? – Bəli, düz tapmısınız. Bəs Siz mənim adımı hardan bilirsiniz? – Əşrəfin məktublarından. O, həmişə Sizdən yazır. Axı onu mən oxutmuşam. İndi Sizin tələbənizdir. – Çox yaxşı tanıyıram. Ən yaxşı oxuyan tələbələrimizdəndir. Demək, Siz mənə kömək edə biləcəksiniz. Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmənin pusquda dayanıb qapını gözlədiyini yaxşı bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. İtlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Cahandar ağa tətiyi bir də çəkib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. İtlər ondan əl çəkmədilər. O, səs-səmir kəsəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. Kişini fikir götürdü. Tez-tez “mənə sataşan kim olar?” – deyə özünə suallar verdi. Deyəsən, burda ayrı əl var. Bəlkə... Cahandar ağa duruxdu. Mələyin əvvəlki ərini indiyə qədər yadına salmadığına, bu barədə təzə arvadı ilə bir kəlmə danışmadığına özü də təəccüb etdi. Elə o olacaq. Nökərlər geri qayıtdılar. Hamıdan sonra həyətə girən Tapdıq atı dirəyə bağlayıb ağanın yanına gəldi. Cahandar ağa gözünü geniş açıb qapının ağzında dayanan nökəri süzdü. – Nə oldu? – Tuta bilmədik, ağa, mən qabağını kəsənəcən özünü suya atdı. Mələk ürəyinə qorxulu bir şey daman adamlar kimi əsə-əsə başlığı götürdü. Özü də hiss etmədən: – Onundur! – deyə qışqırdı. Cahandar ağanın dişləri kilidləndi. Mələk nə edəcəyini bilmədiyindən yumaq kimi büzüşdü. Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində böyük bir mərəkə vardı. İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Cahandar ağa da burada idi. Elə bu zaman Aleksey Osipoviçlə Əhməd mərəkəyə yaxınlaşdı. Aleksey Osipoviç mərəkədəkilərlə bir-bir əl tutdu. Cahandar ağaya yaxınlaşanda xeyli dayandı. Diqqətlə kişinin üzünə baxdı. – Siz Əşrəfin atası deyilsiniz ki? – Bəli, – Cahandar ağa yavaşca dilləndi və ayağa qalxdı. – Uşaq necədir, canıbaşı sazdırmı? – Təkdir, dostlarından ötəri yaman darıxır. Axı bizim məktəbdə Əşrəfdən başqa Göytəpədən heç kəs oxumur. Elə sizin kəndə ondan ötəri gəlmişəm. Gərək kömək edəsiniz, uşaqlardan seçib oxumağa aparaq. Söhbət bu yerə çatanda aralığa sükut çökdü. Cahandar ağa nə cavab verəcəyini bilmədi.
  • ƏSƏRİN TƏHLİLİ.
  • On ilə yaxın bir müddətdə yazılan “Dəli Kür” romanının mövzusu XIX əsrin ikinci yarısında Azərbaycan kəndində cərəyan edən mühüm hadisələrdən, çarizmin müstəmləkəçilik siyasətinin faciəli nəticələrini əks etdirən gerçəkliklərdən götürülüb. Əsərin adı rəmzi məna daşıyır. Dəli Kür obrazı zamanın diktə etdiyi qəlibə, çərçivəyə sığmayan Azərbaycan ruhunun ifadəsi kimi mənalandırılır. Mənbələrdən əldə olunan məlumat əsərin mövzusu haqqında geniş və əsaslandırılmış fikir deməyə imkan yaradır. Xalqın tarixi taleyinin əks olunduğu əsərdə çoxşaxəli süjet və kəskin konflikt vardır. Romanda əhatə olunan tarixi dönəmdə cəmiyyətdəgedən ziddiyyətli proseslər, “köhnə” həyat tərzini sıxışdıran yeniləşmə meyillərinin doğurduğu ictimai-siyasi və mənəvi problemlər öz geniş əksini tapmışdır. Çarizmin müstəmləkəçilik siyasətinin nəticəsi olaraq Cahandar ağanın və kəndlilərin torpaqlarının qəsb edilməsi bu ziddiyyətləri daha da kəskinləşdirir. Gərgin toqquşmaların təsvir edildiyi romanın süjeti və konflikti, ilk növbədə, güclü xarakterə malik Cahandar ağanın və onun ailəsinin taleyi üzərində qurulmuşdur. Cahandar ağanın ailəsindən başlanan konflikt getdikcə genişlənərək Cahandar ağa ilə Allahyar, Molla Sadıq, yerli əhali ilə çar hakimiyyəti nümayəndələri arasında barışmaz münaqişəyə çevrilir. Yazıçı xalqımıza xas olan mənəvi dəyərlərin: mərdlik, mərdanəlik, əyilməzlik və qonaqpərvərliyin qorunub saxlanılmasını vacib sayır. Çarizmin mənəvi dəyərlərə – mənəvi mühitə təcavüzünə müqavimətin təsvir olunduğu səhnələr oxucuda milli qürur, iftixar, mübarizlik hissi oyadır. Əsərin baş qəhrəmanı Cahandar ağa xaraktercə mürəkkəb, ziddiyyətli obrazdır. Milli xarakteri dolğun şəkildə təcəssüm etdirən Cahandar ağa və onun ailəsinin keşməkeşli həyatı, qarşılaşdığı maneələr şəxsi mahiyyət daşımır, zamanın, dövrün hökmü ilə baş verir. Cahandar ağa Mələyi qaçırmaqla etdiyi səhvi aydın dərk edir, arvadı Zərnigarın küsməsi, oğlu Şamxalın ailədən getməsi onun daxilən çəkdiyi iztirabları artırır. İstər şəxsi düşmənləri, istərsə də çar hakimiyyətinin nümayəndələri ilə qarşılaşmada Cahandar ağa mərd, igid, güclü xarakterli bir şəxsiyyət olduğunu sübut edir. O öz evini, ailəsini, torpağını müdafiə etməyə qadirdir. Çernyayevski və Əhmədi qaragüruhdan qoruyan Cahandar ağa həm də qonaqpərvərdir, xalqın adət-ənənəsinə qarşı çıxanları susdurmağı bacarır. Lakin onun ağa, mülkədar kimi sinfi təbiəti kəndlilərə, kasıb gəmiçi ailəsinə münasibətində özünü büruzə verir. Cahandar ağa qarşılaşdığı maneələri dəf etmək üçün son nəfəsinədək mübarizə aparır, əyilməzliyini hər addımda sübut edir. Zamanın sərt axarının yaratdığı yeni ictimai-siyasi şəraitdə məhvə məhkum olan Cahandar ağa dəli Kürün burulğanlı sularında həyata vida edir. Onun faciəsini şərtləndirən yalnız tarixi hadisələrin gedişi deyil, həm də şəxsi həyatındakı mənəvi sarsıntılar, ağır nəticələrə gətirib çıxaran məqamlardır
  • MÜHAZİRƏ 17.
  • MÜSTƏQİLLİK DÖVRÜ ÇOXMETODLU AZƏRBAYCAN ƏDƏBİYYATI. BƏXTİYAR VAHABZADƏNİN HƏYAT VƏ YARADICILIQ YOLU.
  • Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı söz sənətimizin çoxəsrlik inkişafı yolunda mühüm tarixi hadisə və xüsusi ədəbi mərhələdir. Bu dövr ədəbiyyatımız iki mərhələni əhatə edir: 1. Müstəqillik axtarışları və yeni dövrün ədəbiyyatının formalaşması; 2. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişaf edib möhkəmlənməsiİctimai-siyasi proseslərin təsiri ilə ədəbiyyatda 1990-cı illərin əvvəllərində taleyüklü məsələlərə və insana münasibətdə baxışlar dəyişir, bədii fikirdə müstəqil dövlətçilik düşüncəsi güclənirdi. Lakin yeni dövlət quruculuğunun başlanğıc dövründə iqtisadi böhran, qeyri-sabit həyat tərzi, cəbhədəki uğursuzluqlar ədəbiyyatda dərin və əhatəli əsərlərin yaranmasını ləngidirdi. Dağlıq Qarabağın işğalı, qaçqın və köçkün axınının yaratdığı çətinliklər cəmiyyətdə birmənalı qarşılanmırdı. Həmin mərhələdə hərbi-siyasi və iqtisadimənəvi çətinliklərin bəzən, hətta ümidsizlik doğurması ədəbiyyatda bir çox hallarda durğunluğa və məyusluğa səbəb olurdu. Müstəqillik uğrunda mübarizənin gerçəklikləri Azərbaycan ədəbiyyatına öz mövzularını gətirdi. Ədəbiyyatda milli ruh, vətəndaşlıq mövqeyi, həyəcan, çağırış, birlik və vətənpərvərlik duyğusu qüvvətləndi. 20 Yanvar, şəhidlik və milli azadlıq mövzusu Azərbaycan ədəbiyyatının tarixi salnaməsinə yeni motivlər, fərqli obrazlar, təsirli səhifələr əlavə etmişdir. 1990-cı illərin əvvəllərindən başlayaraq ictimaisiyasi dəyişikliklərin ədəbiyyatımızın qarşısında qoyduğu vəzifələri poeziyamız daha çevik həyata keçirirdi. Müstəqillik ərəfəsində Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması milli istiqlal marşının nidaları kimi səslənmişdir. Xəlil Rza Ulutürkün “Davam edir 37” şeirində milli azadlığa köklənmiş xalqımızın hələ ayaqda olan sovet imperiyasına etirazı əks olunmuşdu. Məmməd Arazın, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun və başqalarının şeirlərindəki imperiya mifini dağıdan düşüncələr, kəsərli fikirlər Azərbaycan ədəbiyyatında müstəqil dövlətçilik qayəsinin dərinləşməsinə xidmət etmişdir. Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri 20 Yanvar faciəsinin doğurduğu ümummilli kədərin bədii ifadəsi kimi yaranmışdır. Hidayətin “Qara yanvar”, “Didərginlər” kitablarında toplanmış əsərlər müharibə və qaçqınlıq mövzusuna həsr olunmuşdur. Qarabağ müharibə mövzusu olmaqdan çox, milli istiqlal mövzusuna çevrilmişdir. Hüseynbala Mirələmovun “Yanan qar” romanında partizan hərəkatının təsviri əsasında Qarabağ uğrunda mübarizənin reallıqları əks etdirilmişdir. Xocalı faciəsi Azərbaycanda ölkənin ərazi bütövlüyü uğrunda aparılan mübarizənin faciəli səhnələrini ədəbiyyata gətirmişdir. Nürəngiz Günün “Xocalı simfoniyası” əsəri anaların fəryadı üstündə köklənmişdir. Azərbaycan ədəbiyyatında mübarizəyə çağırış poeziyası qüvvətlənmiş, publisistikanın vətəndaşlıq kəsəri artmışdırDövlət müstəqilliyinin başlanğıc illərində nəsrdə ilk uğurlu addımlar atılmışdır. Anarın “Otel otağı” romanında Qarabağ müharibəsinin fonunda ölkəni tərk edib getmiş ziyalının faciəsi təqdim olunmuşdur. Elçinin nəsri və dramaturgiyası ədəbiyyatımızda yeni məzmun, forma axtarışlarının uğurlu nəticəsi kimi diqqəti cəlb edir. Sabir Əhmədlinin “20 Yanvar hekayələri”, İsi Məlikzadənin “Məndən nigaran qalmayın” əsərlərində müharibənin ayrı-ayrı məqamları təsvir edilmişdir. Yeni tarixi mərhələdə qaçqınlıq da öz ədəbiyyatını yaratmışdır. Elçin Hüseynbəylinin “Qumru quşu”, “Kəndə gün çıxanda qayıdacağıq”, Əli Səmədlinin “Gəlin gəlir” əsərlərində qaçqın həyatının məşəqqətli mənzərələri canlandırılır. Sabir Rüstəmxanlının “Meydan” romanı müstəqillik uğrunda mübarizənin real dərkinə xidmət edir. Bu dövrdə ədəbiyyatımız bütövlükdə azərbaycançılıq ideologiyası zəminində inkişaf edir. Müstəqillik dövrünün ədəbiyyatı yeni Azərbaycanın və onun qurucuları olan müasir insanın bədii obrazını təqdim edir. Ədəbiyyatımızın inkişafında altmışıncılar və yetmişincilər ədəbi nəsilləri ilə yanaşı, yeni tarixi dövrün meydana çıxardığı müasir yazıçılar nəsli də fəal iştirak edir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı öz yaradıcılarını da yetişdirmişdir. Elçin Hüseynbəyli, Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı Odər, Aqil Abbas, Rəşad Məcid, Rüstəm Behrudi, Əjdər Ol, İlqar Fəhmi, Adil Cəmil və başqaları müstəqillik dövrü ədəbiyyatının yeni qüvvəsini təmsil edirlər. Eyni zamanda bilavasitə müstəqilliyin yetirməsi olub bu dövr ədəbiyyatını yaradanların sırasında özünü təsdiq edən Salam Sarvan, Qulu Ağsəs, Səlim Babullaoğlu, Şərif Ağayar, Aqşin Yenisey, Seymur Baycan, Elxan Qaraqan və başqaları yaradıcılıqlarını uğurla davam etdirirlər. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı çətin, ağrılı yol keçərək çoxmetodlu ədəbiyyat kimi formalaşmışdır. Müstəqillik epoxasında ədəbi cərəyanların yaranmasında müxtəlif qrup və birliklərin mühüm rolu olmuşdur. Müstəqillik dövrünün demokratik ədəbi mühitinin doğurduğu yeni ədəbi cərəyanlar – postmodernizm, dekadentizm, magik realizm və s. ədəbiyyat meydanındadır. Kamal Abdulla və onunla həmfikir olanların timsalında postmodernizm ədəbi cərəyanı tərəfdarlarının çoxalması, müxtəlif janrlarda yeni əsərlərin meydana gəlməsi müşahidə edilir. Keçən əsrin doxsanıncı illərinin ümidsizlik, çaşqınlıq, böhran əhval-ruhiyyəsi üstündə köklənmiş dekadentizm müxtəlif ədəbi nəsilləri təmsil edən yazıçıların yaradıcılığında özünü büruzə verir. İsa Hüseynov, Yusif Səmədoğlu və b. müstəqillik dövrü Azərbaycan ədəbiyyatında magik realizmi təmsil etmişlər. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yeni tipli tənqidi realizm cərəyanı formalaşmışdır. Klassik tənqidi realizmdən fərqli olaraq müasir dövrün tənqidi realizmi ifşa yolu ilə getməyərək cəmiyyətin dərin, əsaslı bədii dərkini müasirlik mövqeyindən meydana qoyur, yeni insanın gerçək obrazını yaradır, insan mənəviyyatına zərər gətirən hallara qarşı çıxır. Müstəqillik dövrünün çoxmetodlu ədəbiyyatı Azərbaycanda bərqərar olmuş demokratik ədəbi mühitin çoxsəsli ədəbiyyatıdır. Yeni tənqidi realizm, modernizm, postmodernizm, dekadentizm, magik realizm və digər ədəbi cərəyanların təmsilçiləri olan ən yeni dövr Azərbaycan yazıçı və şairləri ədəbiyyatımızın milli və ümumbəşəri dəyərlər zəminində inkişafına öz töhfələrini verirlər. Milli müstəqillik dəyərlərinin, azad Azərbaycan idealının tərənnümü, azadlıq uğrunda mübarizənin təsviri, Qarabağ müharibəsi mövzusu müstəqillik dövrü ədəbiyyatımız üçün səciyyəvidir. Azərbaycan ədəbiyyatında sovet ideologiyasından, sosializm realizmindən imtina ilə yanaşı, dünya ədəbi-bədii təcrübəsindən, fərqli ədəbi metodlardan bəhrələnmək meyilli bu dövrdə getdikcə güclənmişdir.
  •  
  •  BƏXTİYAR VAHABZADƏ
  • Bəxtiyar Mahmud oğlu Vahabzadə Şəki şəhərində anadan olmuşdur. Kollektivləşmə əleyhinə Şəkidə baş verən xalq üsyanı, xalqın igid oğullarını rus ordusunun amansızlıqla qətlə yetirməsi, atasının, əmilərinin həbsi kiçik Bəxtiyara ağır təsir etmiş, onun bütün sonrakı həyatında dərin iz buraxmışdır. Şəkidə ibtidai məktəbdə oxuyan Bəxtiyar repressiyalardan qorunmaq üçün 1934-cü ildə ailəsi ilə Bakıya köçmüş və təhsilini burada davam etdirmişdir. Orta məktəbdə təhsil aldığı dövrdə o, ədəbi dərnəklərdə fəal iştirak etmiş, ədəbiyyata böyük maraq göstərmişdir. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan B.Vahabzadə Mir Cəlalın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvlərindən olmuş, şeirləri poeziya almanaxlarında çap olunmuşdur. Gənc şairin “Ana və şəkil” adlı şeiri 1943-cü ildə dərc olunmuşdur. “Mənim dostlarım” adlı ilk kitabı 1949-cu ildə işıq üzü görmüşdür. Sonrakı illərdə onun “Əbədi heykəl” (1953), “Sadə adamlar” (1954), “Ceyran” (1957), “İnsan və zaman” (1964) və s. kitabları nəşr olunmuşdur. B.Vahabzadənin elmi-pedaqoji fəaliyyəti təhsil aldığı universitetlə bağlı olmuşdur. 1988-ci ildə Ermənistan ölkəmizə qarşı işğalçılıq müharibəsi başlayanda B.Vahabzadə xalq hərəkatının rəhbərlərindən biri olmuş, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə xalqımızın səfərbər olmasında böyük rol oynamışdır. B.Vahabzadə yaradıcılığının bütün mərhələlərində zəngin ənənələrə malik Azərbaycan lirikasını orijinal şeirlərlə zənginləşdirmişdir. Onun vətəndaşlıq lirikası milli istiqlal düşüncələrindən yoğrulmuş ictimai-fəlsəfi şeirlərinin mükəmməl bir toplusundan ibarətdir. İctimaifəlsəfi lirikanın kamil nümunələrini yaratmaqla yanaşı, B.Vahabzadə həm də incə ruhlu şeirlər yazmaq ənənəsinə sadiq qalmışdır. XX əsrin altmışıncı illərində yazılmış “Dodaqda gəz”, “Biri sənsən, biri mən”, “Bəhanəm” şeirləri, yetmişincisəksəninci illərdə qələmə alınmış “Kəpənək”, “İnsan göydə ay kimidir”, “Küsəndə” kimi poetik nümunələr təkcə yarandığı dövrün deyil, ümumiyyətlə, Azərbaycan lirik poeziyasının önəmli hadisəsidir. Müstəqilliyin möhkəmləndirilməsi uğrunda gedən mübarizə günlərində meydana çıxmış “Ömür qatarı”, “Mən aldanmaq istəyirəm”, “Sənsizliyin içində”, “Borcludur” və s. lirik şeirləri xalq şairinin yaradıcılıq imkanlarının tükənməzliyini nümayiş etdirir. Müharibə dövrünün ovqatı ilə yazılmış “Ana və şəkil” şeirində övladını cəbhəyə yola salan ananın keçirdiyi hislər tərənnüm edilir. “Yaşıl çəmən, ağac altı, bir də ki tünd çay” şeirində cəbhədəki dostundan ürəkdolusu danışan azərbaycanlı döyüşçü obrazı yaradılmışdır. “Məktəb yolları”, “İlk cığır”, “Tələbəmüəllim”, “Yazı taxtası” şeirlərini şair məktəb, təhsil mövzusunda yazmışdır. B.Vahabzadənin lirikasında vətəndaşlıq duyğularına, ana dilinə həsr olunmuş şeirlər mühüm yer tutur. “Vətəndaş” şeirində insanın vətən qarşısında borcu təsirli bədii dillə xatırladılır. “Ana dili” əsərində şair doğma dilimizdə danışmağı ar bilən insanlara vətən çörəyini haram bilir. “Latın dili”ndə nəinki Azərbaycan ədəbiyyatında, hətta keçmiş Sovet İttifaqı miqyasında milli azadlığın vacib şərtlərindən olan ana dili uğrunda mübarizədən söz açılır. Sənətkarın “Azərbaycan– Türkiyə” adlı məşhur şeiri dövlətçiliyini bərpa edəndən sonra Azərbaycana bütün sahələrdə təmənnasız dəstək verən qardaş Türkiyə Cümhuriyyəti ilə tarixi bağlılığı və çağdaş münasibətləri əks etdirən təsirli poetik nümunədir. B.Vahabzadənin poema yaradıcılığı mövzuproblem əlvanlığı ilə seçilir. Onun ilk poeması Məhəmməd Hadiyə həsr olunmuş “Xəzan bülbülü” (1942) əsəridir. 60-cı illər ədəbiyyatımızın dəyərli nümunələri olan “Şəbi-hicran” M.Füzuliyə, “Ağlar-güləyən” M.Ə.Sabirə həsr olunmuş, “Muğam” poemasında musiqi sənətimizin nadir incisi olan muğamlarımızdan söz açılmışdır. Tarixi mövzuda yazılmış “Gülüstan” (1959) poeması geniş əks-səda doğurmuşdur. Əsərdə Azərbaycanın birliyi və azadlığı ideyası önə çəkilmiş, yurdumuzu iki yerə bölmüş rus imperiyası və İranla yanaşı, qəsbkar sovet rejiminə də etiraz, gələcək nəsillərin xalqın azadlıq, müstəqillik ideallarını həyata keçirəcəyinə inam öz əksini tapmışdır. B.Vahabzadənin sovet dövrü milli azadlıq düşüncəsi beynəlxalq mövzularda yazılmış əsərlərində öz əksini tapmışdır. Bu baxımdan onun 1967-ci ildə tamamladığı “Təzadlar” poeması, əslində, Azərbaycan həqiqətlərinə həsr olunmuş qiymətli əsərdir. Şair poemada Vyetnam müharibəsi fonunda azadlıq düşüncələrini əks etdirmişdir. Sənətkarın fəal vətəndaşlıq mövqeyi onun dram əsərlərində də öz əksini tapmışdır. Müxtəlif illərdə yazılmış “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” mənzum dramları rəğbətlə qarşılanmışdır. Azərbaycanın işğalına, xalq qəhrəmanı Babəkin edam edilməsinə nail olmuş Aqşinin ərəb xilafətinin valisi kimi Azərbaycana qayıtması və həyatını dar ağacında bitirməsi “Dar ağacı” pyesində ibrətamiz hadisə kimi əks etdirilir. Ədibin fikrincə, xalqından ayrı düşən, ona xəyanət edən insan xoşbəxt tale yaşaya bilməz. Tarixi faciə olan, mövzusu İmadəddin Nəsiminin dövründən, hürufilikdən götürülmüş “Fəryad”da fikir və şəxsiyyət azadlığı problemi qoyulub. Əsərdə azadlıq uğrunda mübarizə aparan, ölümə gedən insanın haqq səsinin – fəryadının eşidilməsi niyyəti ön planda durur. “Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılmış “Özümüzü kəsən qılınc” dramında ədib ortaq soykökünə malik türklərin ulu keçmişinin tarixi məqamlarını diqqət mərkəzinə çəkmişdir. Azərbaycanda və Türkiyə səhnəsində böyük uğurla tamaşaya qoyulan bu əsər türk xalqlarının birliyə olan ehtiyacının ədəbiyyatdakı böyük əks-sədasıdır. Son əsərlərindən biri olan “Özümüzü kəsən qılınc” şairin türk dünyasına vəsiyyətnaməsi kimi səslənir.
  • MÜHAZİR 18.
  •                   ÇİNGİZ AYTMATOVUN HƏYAT VƏ YARADICILIQ YOLU.” GÜN VAR ƏSRƏ BƏRABƏR” ƏSƏRİNİN MƏZMUNU VƏ TƏHLİLİ.
  • Çingiz Aytmatov Qırğızıstanın Talas vilayətinin Şəkər kəndində anadan olmuşdur. Dövlət xadimi olan atası repressiyaya məruz qalaraq 1938-ci ildə güllələnmişdir. Ç.Aytmatov 8-ci sinfi bitirdikdən sonra Cambul şəhər zootexnikumunda oxumuşdur. Sonralar Bişkek Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alan Çingizin 1952-ci ildə ilk hekayələri çap olunmuşdur. Ali təhsil aldıqdan sonra o, üç il ixtisası üzrə işləmiş, atası bəraət aldıqdan sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda ali ədəbiyyat kursunda oxuya bilmişdir. Ç.Aytmatov həcmindən, janrından asılı olmayaraq bütün əsərlərində ciddi həyati problemlərin bədii həllini verməyə qabil olan qüdrətli sənətkardır. Onun povest adlandırılan əsərləri əhatə etdikləri problemlərə, maraqlı, keşməkeşli insan talelərini əks etdirmələrinə görə ciddi roman təəssüratı yarada bilir. “Cəmilə”, “Köşək gözü”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Əlvida, Gülsarı”, “Ana tarla”, “İlk müəllim” və s. povestlərinin daşıdığı böyük ideya-mənəvi yük cild-cild romanlarla müqayisədə ağır gələr. Ç.Aytmatov povest və romanlarındakı (“Gün var əsrə bərabər”, “Qiyamət”, “Kassandra damğası”, “Əbədi gəlin”, “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan alabaş”) “kiçik” insanı dünya ədəbiyyatı miqyasında əsas obraza çevirə bilmişdir. Onun əsərlərində sadə qırğız insanının həyat qayğılarından tutmuş dünyanı narahat edən qlobal əhəmiyyət daşıyan problemlərə qədər dərin, ciddi və məsuliyyətli mətləblər bədii əksini tapmışdır. Çingiz Aytmatov qloballaşma prosesinin təsiri ilə milli dəyərlərin itirilməsi fonunda qırğız xalqının timsalında keçmişindən süzülüb gələn mənəvi keyfiyyətlərin, zəngin mədəni irsin böyük enerjisini uğurla əks etdirməyə, güclü müqavimətini göstərməyə müvəffəqÇ.Aytmatovun əsərləri ilə dünya ədəbiyyatı yeni süjet və obrazlarla təzələnmiş, zənginləşmişdir. XX əsrin əllinci illərində, otuzyaşlı Çingiz Aytmatovun yaratdığı Cəmilə obrazı təkcə sovet ədəbiyyatında deyil, eləcə də dünya ədəbiyyatında yeni ədəbi hadisə kimi dəyərləndirilmişdir. Ədib “Üz-üzə” (1957) povestində Səidə və İsmayıl obrazları ilə ədəbiyyatda cəmiyyət-fərd probleminə dair fəlsəfi məsələ qaldırmışdır. Sosialist realizminin prinsiplərinə zidd olaraq Totoyun ailəsinin timsalında ilk dəfə müharibə insanının faciəsini təsvir etmişdir. Ç.Aytmatovun əsərləri kimi, yaratdığı obrazlar da dünyada yeni ədəbiyyatın bənzərsiz təzahürləri olaraq qəbul edilmişdir. Cəmilə, Daniyar, Sadıq, Tolunay, Aysel, Altınay, Baytemir, Toğulan, Altın, Yedigey, Abutalıb və başqaları müəllifin nadir istedadından və dərin müşahidələrindən yaranan yeni tipli obrazlardır. Ç.Aytmatovun obrazları sovet ədəbiyyatında model kimi qəbul edilmiş müsbət qəhrəman və mənfi obraz qəlibini aşıb keçir. Yazıçı ədəbiyyatda sovet adamını yox, sadəliyi, təbiiliyi ilə seçilən insanı təsvir etmişdir.Yovşanlı çöllərdə yaşayıb-çalışan bu adi insanların taleyində bütövlükdə insanlığın taleyi və düşüncələri öz əksini tapmışdır. Qloballaşmanın milli dəyərləri arxa plana keçirmək meylinin qüvvətləndiyi bir dövrdə “kiçik” insanı böyük ədəbiyyatın əsas daşıyıcısına çevirmək Ç.Aytmatov sənətinin qələbəsi idi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
шаблоны для dle 11.2